”Biz sənət naminə müqavimət göstərə bilmirik”

İlqar Cahangir
İlqar Cahangir
İlqar Cahangir
İlqar Cahangir


İlqar Cahangir: “Mən öz ölkəmdə qalmaq, öz sənətimlə məşğul olmaq istəyirəm”


Aktyor İlqar Cahangir peşəkar oyunu, səhnədəki çılğın monoloqları ilə yanaşı, həm də sənətində dərinlik axtarışları, fərqlilik tələbləri, azadlığını qorumaq üçün mücadilə aparan biri kimi tanınır. Uzun müddətdir ki, səhnədə görünməyən İlqar Cahangir Meydan TV-yə teatrda olub-keçənlər, hazırkı fəaliyyəti, sənət planları və bir aktyor kimi arzularından danışdı.


– İlqar, uzun vaxtdır ki, sizdən bir xəbər yoxdur. Hazırda nə işlə məşğulsunuz?

– Varam. Yaşayıram. Yaxşıyam. Heç kimə borcum yoxdur. Hazırda özəl aktyor kursu yaratmışam, onunla məşğulam. Ruslar buna “akterskoe mastertsvo” deyir, türklər “aktörlük atölyesi”. Biz hələ adını tapmamışıq. “Aktyorluq atelyesi” qoysaq, deyəcəklər “İlqar dərziliklə məşğuldu”, “aktyorluq emalatxanası” qoysaq, deyəcəklər “dülgərliklə məşğuldur”. Hər şeyə bir “mız” qoyurlar deyə hələ bilmirik adını necə qoyaq. Mahiyyət budur ki, özəl, müstəqil aktyor kurslarıdır.


– Ölkədə serial bumu başlayanda siz də bir neçə rol almışdınız. Amma indi çəkilən seriallardan uzaq qalmısınız. Bunun səbəbi nədir?

– Düz iki il seriallara çəkilmədim, çünki seçim edirdim. Bu iş belədir ki, ya sənət, ya da qonorar xatirinə işləyirsən. Amma ortada sənət və pul yoxdursa, seriala çəkilməyin bir mənası da yoxdur. Buna görə də təkliflər olsa belə razılaşmırdım. Amma sonra bir təklif gəldi, razılaşdım. Film də sevildi. Dörd ay əvvəl başqa bir təklif gəldi, onu da qəbul etdim, amma sonra deyəsən ssnearini yaza bilmədilər, layihə yarımçıq qaldı. Təbii ki, adam prosesdən uzaqda qalmaq istəmir. Bəzən lap görürsən, ortada sənət də yoxdu, pul da yoxdu, amma bıçaq da sümüyə dirənib, adam istəyir çəkilsin ki, uzaqda qalmasın.


– Səhv etmirəmsə, “ODA” teatrı yarananda siz də yaradıcılardan biri idiniz, amma bu teatrda sizi görmürük…

– “ODA” teatrını Elmin Bədəlovun təşəbbüsü ilə yaratmışdıq. Yaxşı da başlamışdıq. Amma gənclər bir az başqa cür düşünür, onlar teatrın formatını başqa cür gördülər. Hər şeyi də etiraf etmək olmur. Gənclərlə gərək ayaqlaşaq. Buna görə də mən bir az kənara çəkildim. Amma mən daima yanlarındayam, gedib-gəlirəm, fikirlərimi deyirəm. Gəncdirlər, nəsə etmək istəyirlər, bu, çox yaxşıdır.

İlqar Cahangir
İlqar Cahangir


– Son illərdə yaranan “ADO” və “Əsa” teatrı barədə ümumilikdə fikriniz nədir?

– Alqışlayıram. Həmişə dəstəyimi verməyə hazıram. Dəstəkləyirəm bu iki ideyanı. Uğurlar arzu edirəm onlara. Özünüz bilirsiniz ki, mənim bir şüarım var. Ölkədə nə qədər polis bölməsi varsa, o qədər də teatr olmalıdır. Teatr istər zirzəmidə, istər çardaqda, kafedə, istərsə də lap nəqliyyatda yaransın, biz bunu alqışlamalı və bu teatrların yaranmasına can atmalıyıq.


– İlqar, uzun zaman sizin yaradıcılığınızı izləmişəm. Əvvəlki teatrda nəyə və nələrə etiraz etməyiniz məlum olsa da, nədənsə bir tamaşaçı kimi mənə həmişə belə gəlib ki, siz özünüz də kollektivə tam uyuşa bilmirsiz. Toplu halda yaranan sənət sizi narahat edir, səhnədə də partnyorlarla vəhdətdən çox monoloqun tərəfindəsiz…

– Mən yaradıcı teatrın tərəfində olmuşam. Bizim ilk layihəmiz Kamera Teatrı yaradıcı teatr idi. Biz repertuar seçimində azad, sərbəst idik. Sonra bizi Gənc Tamaşaçılar Teatrına birləşdirdilər və biz keçdik zavod-fabrik ənənələrinə. Hətta Kamera Teatrının son günlərində də mən Cənnət xanıma (rejissor Cənnət Səlimovanı nəzərdə tutur-red) demişdim ki, bir getdikcə mini “Azdrama” oluruq. Halbuki əvvəldən Kamera teatrı azad, fərqli teatr idi. Gənc Tamaşaçılar Teatrına keçəndən sonra isə mən heç cür alışa bilmirdim. Sonra da bəzi hadisələr oldu və o hadisələrdən istifadə edib, oradan çıxdım.


– Birnəfərlik teatr yaratmaq, solo tamaşalar oynamaq gəlibmi heç ağlınıza?

– Mototamaşaları sevmişəm və oynamışam. Bir aktyorun teatrını yaratmağa gəlincə, bəzi şeyləri gərək etiraf etməyi bacarasan. Tək aktyorun teatrını yaratmaq ağır zəhmət, ciddi və dərin axtarışlar tələb edir. Aktyordan çox savadlı olmağı tələb edir. Gərək çox savad, axtarışlar baxımından zəngin adam olasan. Bizsə bu çətin şəraitdə bunu bacara bilmirik. Pul da qazanmaq lazımdı axı. Başımız qarışır dolanışığa, yaşamaq üçün mübarizəyə, mütaliəyə çox vaxt ayıra bilmirik. Amma istəyirəm bunu. Dostlara da demişəm ki, monotamaşa oynamaq istəyirəm. Məsələn, “Ölülər”də Kefli İskəndərlə Şeyx Nəsrullahı oynamaq istərdim. “Kefli Şeyx” adlı monopyes yaza bilsəydi kimsə… Özüm bacarmaram, yazı-pozu işində çox səriştəm yoxdu. Topal Teymur barədə monotamaşa oynamaq istərdim. Birini sırf dini, birini sırf siyasi konteksdə…


– İlqar, bunu əslində bir zamanlar həmkarınız olan, sizinlə Kamera Teatrında oynayan bütün aktyorlardan soruşmaq istəyərdim. Sizcə, Kamera Teatrının Gənc Tamaşaçılar Teatrına birləşdirilməsilə müstəqil teatrı itirdik, yoxsa bir otağa sığınmış teatr geniş səhnə qazandı? Nəticə etibarilə, bu prosesdən sənət qazandı, yoxsa itirdi?

– O vaxt mən Cənnət xanımla da mübahisə elədim. Kamera Teatrını yaşatmaq lazım idi. Onları birləşdirmək lazım deyildi. Amma yəqin Cənnət xanım da bildi ki, bizə yer verməyəcəklər, orda-burda qalacağıq. O da rahat olmaq üçün birləşməyə razılıq verdi. Düzdü, böyük səhnəyə çıxdıq, amma Azərbaycan yaradıcı bir teatrı, bir sənət ocağını itirdi. Doğrudur, Gənc Tamaşaçılar Teatrının tarixi də, yaxşı aktyorları da var, amma Kamera Teatrı başqa estetika idi. Deməli, biz sənət naminə müqavimət göstərə bilmirik. Tez təslim oluruq. Hətta bunu belə qəbul edir və razılaşırıq. İtiririk, barışırıq, qəbul edirik ki, belə yaxşıdır. Amma mən deyirəm ki, yox. Birləşməklə biz itirdik. Tetarlar birləşməməlidir, yeni teatrlar yaranmalıdır. Azərbaycanın müstəqilliyin ilk illərində, o müharibənin, kasıblığın içində yeddi teatr yarandı. Amma indi, stabillik illərində teatrlar yaranmaq əvəzinə birləşir, ya da bağlanır.


– Bir aktyor kimi özünüzü bundan sonra harda görürsünüz? Dövlət teatrlarına qayıdacaqsınız, özünüz teatr yaradacaqsınız, yoxsa tamam başqa bir işlə məşğul olacaq, yaxud ölkədən gedəcəksiniz?

– Olur hərdən, rahatlıq, sakitlik istəyirəm. Fikirləşirəm ki, hər şeyin başını buraxıb, gedib dövlət teatrlarının birində oynayacam. Fikirləşirəm ki, gedib işləyim, oynadım-oynamadım, maaşımı alacam. Fikirləşirəm ki, hansısa rol üçün dəvət etsələr, gedərəm. Eyni zamanda dövlət teatrdında işləmək istəmirəm. Mən özəl teatrların tərəfdarıyam. Bir az dəstək olsa, özüm teatr yaradaram. Nəyim də olmasa, aktyorluğu bacarıram, onu başqalarına da öyrədə bilərəm. Sözün açığı, ölkədən getmək məqsədim yoxdur. Düzdür, hərdən beynimə gəlir, düşünürəm bəlkə mən də gedim. Amma ağlıma batmır. Mənim arzum teatr yaratmaq, öz teatrımda işləmək, tamaşalar qurmaq, öz ölkəmdə sənətimlə məşğul olmaqdır.

Ana səhifəVideo”Biz sənət naminə müqavimət göstərə bilmirik”