Vyetnam müharibəsinin sonu və “Babylift” əməliyyatı

Pilotların cəhdlərinə baxmayaraq hündürlüyü saxlamaq mümkün olmadı

Foto: Meydan Tv


Pilotların cəhdlərinə baxmayaraq hündürlüyü saxlamaq mümkün olmadı

1973-cü ilin yanvarın 27-də imzalanan Paris sülh razılaşması İkinci Dünya müharibəsindən sonra az qala 30 il davam edən Vyetnam probleminə son qoymalı, iki yerə bölünən ölkəni birləşdirməli idi. Müqaviləni ABŞ, Vyetnam Demokratik Respublikası (Şimali Vyetnam), Vyetnam Respublikası (Cənubi Vyetnam) və Şimalın köməyi ilə Cənubi Vyetnamda partizan müharibəsi aparan Cənubi Vyetnam Respublikasının Müvəqqəti İnqilabi hökuməti (CVRMİH) imzaladı.

Sənədin əsas müddəaları bunlar idi:

 Hərbi əməliyyatlar dayandırılır;

 60 gün müddətində Vyetnamdan ABŞ hərbçiləri çıxarılır, hərbi bazaları ləğv edilir, hərbi əsrilər dəyişdirilir;

 Cənubi Vyetnam əhalisi beynəlxalq nəzarət altında keçirilən azad və demokratik seçkilər vasitəsilə öz müqəddəratını təyin edəcək;

 Şimali və Cənubi Vyetnamın birləşdirilməsi onlar arasındakı razılıq əsasında dinc yolla həyata keçiriləcək.

Amma razılaşmaya əməl edən yeganə tərəf ABŞ oldu. 1968-ci ildə Vyetnamda 540 minlik qoşuna malik olan amerikalılar sonrakı illərdə hərbi əməliyyatlarda iştiraklarını dayandırmış, ölkədəki hərbçilərini tədricən azaltmışdlar. Paris müqaviləsi imzalananda Vyetnamda 24 min amerikalı hərbçi vardı, onlar da iki ay müddətində çıxarıldılar.

Cənubi Vyetnam isə azad və demokratik seçkilər keçirməyə meylli deyildi. Şimali Vyetnam CVRMİH də, öz növbəsində, hərbi əməliyyatları dayandırmadılar. Parisin müqaviləsinin imzalanmasından sonrakı ilk günlərdə Cənubi Vyetnam hökuməti kommunistlərin 334 dəfə atəşi pozduqlarını iddia edirdi.

Prezident Riçard Nikson şimallılara hədə-qorxu gəlmək üçün bildirdi ki, əgər razılaşmaya əməl edilməzsə, ABŞ Vyetnama yenidən müdaxilə edə bilər. Onun bu sözləri müharibə əleyhinə əhvalın güclü olduğu Amerika cəmiyyətində kəskin narazılıq doğurdu. Konqresin qəbul etdiyi Keys-Çörç düzəlişi qanunverici orqanın razılığı olmadan Vyetnam, Laos və Kambocada hərbi əməliyyatları qadağan etdi.

Maraqlıdır ki, düzəlişin müəllifləri olan senator Keys respublikaçı, senator Çörç isə demokrat idi. Yəni hər iki partiyada müharibə əleyhdarları güclü idi. Bunu düzəliş qəbul edilərkən səsvermənin nəticələri də sübut edir: Nümayəndələr palatasında 325 lehinə, 86 əleyhinə, Senatda isə 73 lehinə, 16 əleyhinə.

Keys-Çörç düzəlişi Şimali Vyetnamı və CVRMİH xeyli ruhlandırdı. Onlar 1974-cü ilin dekabrın 13-də Kamboca ilə sərhəddə yerləşən Fok Lonq məntəqəsinə hücum etdilər. Bu hücumda məqsəd strateji əhəmiyyətə malik məntəqəni ələ keçirməklə yanaşı, həm də ABŞ-ın reaksiyasını yoxlamaq idi.

Uotorgeyt qalmaqalı üzündən istefa verən Niksonu prezident kürsüsündə əvəz edən Cerald Ford bütün cəhdlərinə baxmayaraq Konqresdən Cənubi Vyetnama yardım göstərmək üçün razılıq ala bilmədi. 1975-ci i yanvarın 6-da Fok Lonq kommunistlərin əlinə keçdi. ABŞ-ın işə qarışmaması şimallıları ruhlandırdı, cənubluları isə ruhdan saldı. Buna görə də, Fok Lonqun alınması Vyetnam müharibənin çox önəmli hadisəsi sayılır.

Martın 1-də şimallılar “Əməliyyat 275” adı verdikləri hücuma başladılar. Əməliyyat əvvəlcə daha lokal hədəflərə malik idi, amma cənubluların istər hərbi qüvvələrini, istər siyasi elitasını bürüyən demoralizasiya səbəbindən hadisələr sürətlə cərəyan etməyə başladı və aprelin 30-da Cənubi Vyetnamın paytaxtı Sayqonun tutulması, müharibənin bitməsi ilə nəticələndi.

***

Müharibə dövründə Vyetnamda xeyli kimsəsiz, valideynləri həlak olan, eləcə də müharibənin xaosunda valideynlərini itirən uşaqlar vardı. Bu uşaqlar müxtəlif xeyriyyə təşkilatlarının Cənubi Vyetnamda açdıqları uşaq evlərində saxlanılırdılar. Müharibənin sona çatmaq üzrə olduğu aydınlaşanda həmin təşkilatlar ABŞ hökumətinə müraciət edərək uşaqların təxliyə olunmasını xahiş etdilər.

Prezident Ford aprelin 3-də Amerikanın kimsəsiz uşaqları təxliyəsini həyata keçirəcəyini elan etdi. Əməliyyat Lockheed C-5 Galaxy və Lockheed C-141 Starlifter hərbi nəqliyyat təyyarələri ilə həyata keçiriləcəkvə artıq növbəti gündən, aprelin 4-dən başlayacaqdı. Amma elə ilk reys faciə ilə nəticələndi.

Sayqon yaxınlığındakı Tan Son Nhat hava limanından havaya qalxan Lockheed C-5 Galaxy təyyarəsində 311 sərnişin və 17 heyət üzvü vardı. Sərnişinlərin 247-i uşaqlar idi. 64 nəfər böyüklərin isə bir hissəsi yaralı əsgərlər, tibb işçiləri və uşaq evlərinin personalı idi. C-5 təyyarəsi iki mərtəbədən ibarətdir. Desant bölməsi olan yuxarı hissədə oturacaqlar var, aşağı hissə isə yük bölməsidir. Körpə yaşlı 145 uşaq desant bölməsində, nisbətən böyük102 uşaq yük bölməsində yerləşdirilmişdilər. Yaralılar da yük bölməsində idilər.

Təyyarə 16:03-də havaya qalxdı və Filippinin Luson adasında yerləşən Klark aviabazasına üz tutdu. Amma 12 dəqiqə sonra, təyyarə Cənubi Çin dənizinin üzərində uçarkən arxadan partlayış səsi gəldi. Sonralar aşkar edildi ki, təyyarə təmir olunarkən yük yeri qapılarına yeni qıfıllar qoyulub, amma bu qıfıllar yerinə yaxşı oturdulmayıb. İndi təyyarə 7000 metr hündürlükdə uçarkən artan daxili təzyiq nəticəsində qapılar qopmuşdu.

Partlayış nəticəsində təyyərənin germetikliyi pozuldu və nəfəs almaq çətinləşdi. Pilotlar ilk növbədə təyyarəni daha aşağıya, normal nəfəs almağın mümkün olduğu 3000 metr hündürlüyə endirməyi və Tan Son Nhat hava limanına qayıtmağı qərara aldılar. Amma partlayış nəticəsində təyyarənin idarə olunmasında mühüm rol oynayan bir sıra qurğular, o cümlədən, hündürlük və istiqamət sükanları sıradan çıxmışdı.

Pilotlar yüksək ustalıq göstərərək təyyarəni cəmi bircə eleronun, eləcə də spoylerlərin köməyi ilə və dörd mühərrikin gücünü artırıb-azaltmaqla idarə edirlər. Onlar təyyarəni döndərməyə və aşağı endirməyə nail olurlar. Amma onu Tan Son Nhatda endirmək mümkün olmadı.

Hava limanına az qalmış təyyarə burnunu aşağı salladı və eniş sürətini artırdı. Pilotların cəhdlərinə baxmayaraq hündürlüyü saxlamaq mümkün olmadı. Nəhəng maşın yüksək sürətlə çəltik zəmisinə endi və hərəkətini davam etdirdi. Qarşıda Sayqon çayı vardı və təyyarə ora düşə bilərdi. Kapitan Dennis Treynor mühərriklərin gücünü artıraraq təyayrəni yenidən havaya qaldıra bildi. Çayı adlayan təyyarə yenidən zəmiyə düşdü və dörd yerə parçalandı.

Qəza təyyarənin yük yerində olanlar üçün xüsusilə faciəvi oldu. Həlak olan 155 nəfərdən 141-i buradakılar idi. Hər iki pilot və bort mühəndisi sağ qalsa da, heyət üzvlərindən 5 nəfər həlak oldu. 173 nəfər qəzadan sağ qurtuldu, onlardan 24-ü müxtəlif xəsarətlər aldılar.

Tibb bacısı Regina One ayağının sınmasına baxmayaraq, sağ qalan uşaqların təhlükəsiz yerə köçürülməsinə rəhbərlik etdi. O, bu davranışı müqabilində aviasiya sahəsində qəhrəmanlıq və fədakarlığa görə verilən Çeyni mükafatının ilk qadın sahibi oldu. Pilotlar da göstərdikləri bacarıq sayəsində onlarla adamın həyatını xilas etdiklərinə görə mükafatlandırıldılar.

***

Uşaqları təhlükəyə atmamaq üçün təyyarə qəzasının səbəbi aşkar edilənə qədər Lockheed C-5 Galaxy təyyarələrindən istifadə etmək qadağan edildi. Bu o demək idi ki, əməliyyatda yalnız Lockheed C-141 Starlifter təyyarələri iştirak edəcək. Bu isə onsuz da xeyli problemləri olan, təyyarə çatışmazlığı hiss edən amerikalıları daha da çətin vəziyyətə saldı.

Hökumət üzləşdiyi çətinliklərdən xəbər tutan biznesmen və xeyriyyəçi Robert Makoley öz evini qoyaraq “Pan American” aviaşirkətindən o zaman dünyanın ən böyük təyyarəsi olan Boinq-747 icarə götürdü və 300 uşağın Vyetnamdan çıxarılmasını təmin etdi.

Çətinliklərə baxmayaraq, ABŞ hökuməti 3 mindən çox uşağın təxliyəsini həyata keçirə bildi. Onlar Filippindən ABŞ-a aparıldılar və burada müxtəlif ailələr tərəfindən övladlığa götürüldülər. Sonralar həmin uşaqlardan bəziləri DNT testi sayəsində Vyetnamdakı doğmalarını taparaq əlaqə yaratdılar.

***

“Babylift” əməliyyatı hələ həyata keçirildiyi zaman bəzi mübahisələr doğurdu və bu mübahisələr indi də davam edir. Məsələ ondadır ki, uşaqların heç də hamısı yetim deyildilər. Onlardan bəziləri müharibə xaosu nəticəsində validenlərindən ayrı düşmüşdülər, bəzilərini valideynləri xeyriyyə təşkilatlarına həvalə etmişdi və 1975-ci ilin dəhşətli aprelində onlarla əlaqə yaratmaq mümkün olmadı.

Belə olan halda uşaqları təxliyə etmək daha humanist addım idi, yoxsa Vyetnamda taleyin ümidinə buraxmaq? Bu suala hər kəsin öz cavabı ola bilər. Özü də bu zaman obyektiv yanaşmadan daha çox, yəqin ki, ABŞ-a müsbət və ya mənfi yanaşma əsas amil olacaq.

Ana səhifəXəbərlərVyetnam müharibəsinin sonu və “Babylift” əməliyyatı