Vüqar Səfərli ev dustaqlığına buraxılmadı

Keçmiş KİVDF sədrinin şikayəti təmin edilmədi

Source: Foto: sosial şəbəkə

Yanvarın 26-da Bakı Apelyasiya Məhkəməsində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin həbslə bağlı şikayətinə baxılıb. Hakim Ramin Qurbanov onun şikayətini təmin etməyib. V.Səfərli haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsi haqda Binəqədi Rayon Məhkəməsinin 14 yanvarda çıxardığı qərar qüvvədə saxlanılıb.

Məhkəmədə V.Səfərli və vəkili, həmçinin istintaqı aparan müstəntiq də iştirak edib.

V.Səfərli və vəkili Binəqədi rayon Məhkəməsinin ləğv olunmasını, onun istintaq dövrü üçün onun barəsində başqa növ qətimkan tədbirinin (ev dustaqlığı, polis nəzarətinə vermə, başqa yerə getməməyə dair iltizam və s.) seçilməsini xahiş edib. Vəkil bildirib ki, V.Səfərlinin həbsdə saxlanmasına zərurət yoxdur.

Müstəntiq isə hərtərəfli və obyektiv istintaq aparılması baxımından onun həbsdə saxlanmasının zəruri olduğunu bildirib.

Azərbaycan qanunvericiliyinə əsasən, qətimkan tədbiri ilə bağlı məsələlərdə şikayət üçün sonuncu instansiya apelyasiya məhkəməsidir. Apelyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət nəzərdə tutulmayıb.

V.Səfərli Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində KİVDF-yə ayrılan vəsaitlərin mənimsənilməsilə bağlı aylardır istintaqı gedən cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Dövlət büdcəsinin vəsaiti hesabına jurnalistlər üçün yaşayış binasını inşa etmiş “Portos” MMC-nin rəhbəri Namiq Nəmmədov da onunla birlikdə həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. V.Səfərliyə bunlarla yanaşı, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma) və 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) maddələrilə də ittiham olunur.

Hər ikisinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında yazılıb ki, V.Səfərli N.Məmmədov və digərlərilə əlbir olub, 2013-2019-cu illər ərzində mətbuat işçiləri üçün yaşayış binalarının tikintisi məqsədilə KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində şişirdib, işlərin və materialların dəyərini artıq göstərib. O həmçinin Fond üçün daha ağır şərtlərlə icarə müqaviləsi bağlamaqda, öz ailə üzvünün adına təsis olunmuş “Futbol+qol” qəzetinə 2015-2019-cu illər ərzində 300 min manat vəsait ayırmaqda və başqa əməllərdə ittiham olunur.

V.Səfərli və N.Məmmədovun ittiham olunduğu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

62 yaşlı V.Səfərli 2009-cu ildə KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildə bu vəzifədən azad edilib.

O, YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini olub.

Ana səhifəSiyasətVüqar Səfərli ev dustaqlığına buraxılmadı