Virusu idarə edənlər

Dərs ilinin yaxınlaşması yenidən virusla “danışıqlar aparmağı” zəruri etdi.

Mənbə: Meydan tv


Hökumət virusla necə “anlaşdı?”

Azərbaycan dünyanın ən unikal ölkələrindən biridir. Burada idarəçilik ən yüksək səviyyədədir. Bütün proseslər professionallıqla, çox yüksək dəqiqliklə idarə olunur.

Ən aşağı saydığımız məsələlərdən ən yüksəyinə qədər hər şey zərgər dəqiqliyi ilə ölçülür. Məsələn, maşınlar işıqforda qırmızıda dayanır, hamı yaşıl işığın yanmasını gözləyir, ancaq yaşıl işığın yanmasını görmək üçün işıqfora baxmağa ehtiyac yoxdur, arxadakı maşın çox dəqiqliklə (buna alman dəqiqliyi də deyilir) işığın sarıdan yaşıla keçəcəyi anda siqnal verəcək və siz yolunuza davam edəcəksiniz. Yəni dəqiq idarəçilik xalqa da aşılanıb…

Yaşadığımız binanın həyətinə müxtəlif rayonlardan kənd məhsulları satan adamlar gəlir, çoxunun da maşını sınıq-salxaq, görünür, dolanışıq çətinliyi maşını yeniləməyə imkan vermir, eləcə də yüksək gömrük rüsumu. O maşınlar həyətə çatan kimi anındaca ya PPX, ya da şəxsi maşında polislər gəlir. Yox, onların nə satdıqları polisin vecinə deyil, ya 5 manat alıb gedir, ya da kəndçinin etirazının qarşısında qanunu işə salırlar: “Küçə ticarəti qadağandır”.

Çox nadir hallarda qanun işləyir, yəni adamı aparıb cərimələyirlər, əsasən, 5 manat qanunu üstələyir…

Bütün dünyanı bürüyən Covid-19 Azərbaycanda idarəçiliyin qurbanına çevrilib. İndi 2021-ci ildir, dünya ölkələri iki ilə yaxındır Covid-lə mübarizə üçün baş sındırır, vaksinlər hazırlayır, müxtəlif addımlar atır, vətəndaşlarının bu bəladan az itki ilə çıxmasına çalışır, onlara yardımlar edir, işsiz qaldıqları üçün kompensasiya ödəyir. Bizdə durum fərqlidir.

Ölkədə uzun illərdir ki, qərarlaşan dəyişməz rəhbərlik və idarəçilik təcrübəsinə əsalananlar virusu, pandemiyanı istədiyi səmtə yönəldir. Ona həm qazanc mənbəyi kimi baxır, – adamları çeşidli yollarla cərimələməklə – həm də onun “cilov”unu əlində saxlayır.

Hər il milyonlar xərclənən "Formula 1" yarışlarının bu il virus səbəbindən baş tutmayacağı deyilsə də, bizim hökumət onun çarəsini tapdı. Oyunların keçiriləcəyi gün çatana qədər virusla “anlaşıb” yoluxmanı aşağı saldı.

Aprelin 15-də ölkədə yoluxma sayı 2317, ölüm sayı isə 36 olduğu halda, 30 apreldə bu rəqəm uyğun olaraq 1196 – 27 oldu. Mayın 30-da isə həmin rəqəmlər 141 – 4 oldu. Yarışlar başlayan günlərdə rəqəmlər belə dəyişdi:

04.06.21 – 123(yoluxma) – 4(ölüm)

05.06.21 – 108 – 3

06.06.21 – 68 – 5

07.06.21 – 32 – 4

Virusa idarəçilik həvalə olunan Operativ Qərargah "Formula 1" bitəndən sonra tempi daha da aşağı salmağı qarşısına məqsəd qoymuşdu, çünki iyun ayında Bakıda futbol üzrə Avropa Çempionatının 4 oyunu keçiriləcəkdi. Bu günlərdə ölkədə başqa sabitliklərlə yanaşı, “virus sabitliyini” də qorumaq gərək idi. Yaddaş üçün deyək, Avropa Çempionatının həmin oyunları iyunun 12-də (Uels-İsveçrə), iyunun 16-da (Türkiyə-Uels), iyunun 20-də (Türkiyə-İsveçrə) keçirilib. Sonuncu, dörddəbir final qarşılaşmasının oyunu (Çexiya-Danimarka) isə iyulun 3-də keçirilib:

11.06.21 – 73(yoluxma) – 0 (ölüm)

12.06.21 – 61 – 2

16.06.21 – 27 – 1

20.06.21 – 56 – 1

03.07.21 – 95 – 0

31.07.21 – 633 – 1

Avropa Çempionatı bitəndən sonra virus Azərbaycanda yenidən “fəallaşmağa” başladı, iyulun 31-də yoluxma sayı 633-ə çatdı. Avqustun 10-da bu rəqəm 1736, 14-də 3308, 20-də 3968, 31-də 3988 nəfər idi. Ümumi ölüm sayı isə 5636 nəfərə çatırdı.

Dərs ilinin yaxınlaşması yenidən virusla “danışıqlar aparmağı” zəruri etdi. Sentyabrın 10-da ölkədə virusa yoluxanların sayı 2508, ölənlərin sayısa 37 nəfər idi. Sentyabrın 20-də yoluxma 740, ölüm sayı 22 olub. Yeni dərs ilinin yeni alış-verişi var axı. Məktəbli bazarlığı, kirayə ev tutmaq… bu sahədə milyonlar fırlanır. Hamısı da, demək olar ki, məmurların biznes meydanıdır. Bazarlıq edildi, evlər kirayələndi… bu ayın sonundan, ya da gələn aydan virus fəaliyyətini davam etdirə bilər, ancaq məmurlar şadlıq evlərini işlətməyi qarşılarına məqsəd qoyublarsa… hə, onda virusa daha bir ay da istirahət vermək olar…

Göründüyü kimi, virus elə də təhlükəli deyil, bunu ona yoluxanlar da deyir, özünüzü virusu belə idarə etməyi bacaran hakimiyyətlərdən qoruyun…

Ana səhifəXəbərlərVirusu idarə edənlər