Vilma Mankiller – ABŞ-ın ilk qadın qəbilə başçısı

1992-ci ildə Mankiller Bill Klintonun namizədliyini dəstəkləlyir və onun keçid komandasının üzvü olur.

Source: meydan.tv

“Biz Vilmanın liderlik nümunəsi, dövlət idarəçiliyi, təvazökarlığı, zərifliyi, qərarlılığı sayəsində ən yaxşı adamlar və daha güclü qəbilə xalqı olduq. Ruhdan düşdüyümüz günlərdə onun sınaqlardan və çətinliklərdən necə çıxdığını xatırlayıb yenidən ilhamlanacağıq”.



Çed Smit, çeroki qəbiləsinin başçısı

Vilma Mankiller – ABŞ-ın çeroki hindu qəbiləsinin ilk qadın başçısı, mənsub olduğu xalqın həyat, səhiyyə və təhsil səviyyəsinin yüksəlməsinə nail olmuş lder. Onun başçılığı döründə çerokilərin sayı üç dəfə artaraq təxminən 170 min nəfərə çatıb. Amerikanın ən nüfuzlu mülki mükafatı olan “Azadlıq” medalıyla təltif edilib (prezident Klintonun dövründə), ölkənin ən nüfuzlu qadınlarından biri olaraq Milli Qadın Şöhrət Zalında (o cümlədən, Oklahoma Şöhrət Zalına, Oklahoma Qadın Şöhrət Zalında və Texas Şöhrət Zalında) büstü qoyulub, Amerika Universitet Qadınları Assosiasiyasının mükafatına, Yeni İngiltərə və Druri universitetlərinin fəxri doktoru dərəcəsinə layiq görülüb, Harvard Universitetinin rəhbərliyinə dəvət edilib.

****

Vilma Mankiller (1945-2010) Oklahoma ştatının Talekva şəhərində – yeni qitənin aborigenlərindən olan çeroki qəbiləsinin paytaxtında dünyaya gəlib. Dörd bacısı, 6 qardaşı olub. Ulu babası 1830-cu ildə prezident Endryu Ceksonun qərarıyla cənub-şərqi Amerikadan Oklahomaya köçürülən 16 min yerli amerikalıdan (Onların arasında afrikalı qullar da vardı) biri olub.

Həmin proses zamanı sərt hava şəraiti, xəstəliklər və bütün marşrut boyu (Hindular ona “göz yaşı cığırı” deyirlər) amerikalı əsgərlərin köçürülənlərə qarşı qəddar davranışı nəticəsində 4 minə yaxın insan həyatını itirib. Onların arasında çeroki, çikaso, çokto, muskogi-krik və seminola qəbilələrinin (Amerika tarixində “beş sivil qəbilə” kimi tanınan xalqlar) nümayəndələri olub. 1837-ci ildə öz ərazilərindən çıxarılan yerli amerikalıların sayı 46 minə çatıb, onların yaşadığı 100 min kv.kilometrlik ərazi gəlmələrin əlinə keçib.

Çerokilər ABŞ vətəndaşlığı almış (1817) ilk yerli etnik qrupdur. Əhalinin sayına görə (300 min) Federal səviyyədə tanınmış 567 qəbilədən ən böyüyü hesab olunur. Bundan başqa, ABŞ-da heç bir tayfanın qeydiyyatında olmayan 819 min nəfər çeroki mənşəli vətəndaş da yaşayır (siyahıyaalma məlumatlarına görə). Hazırda çerokilər üç yerə bölünüblər və federal hökumət bu qrupların hər birini rəsmən tanıyıb. Vilma Mankiller buna etiraz edənlərdən biri olub. 1993-cü ildə Corciya qubernatoruna yazdığı məktubda və Konqresdəki dinləmələrdə Mankiller tayfaların tanınması prosedurunun yumşaldılmasına qarşı çıxıb, bildirib ki, bu, qəbiləyə aidiyyatı olmayan qrupların milli mirasa iddia etməsinə yol aça bilər. O, qəbilə başçısı olduğu dönəmdə qəbilə şurasında hindu qanının səviyyəsiylə bağlı şəhadətnaməsi (CDİB) olmayan şəxslərin çeroki olaraq tanınmasını qadağan edən qətnamə qəbul olunub. Böyük narazılıq və mübahisələr doğuran bu qətnamə sonrakı illərdə bir neçə məhkəmə çəkişməsinə səbəb olub və nəhayət, 2017-ci ildə ABŞ-ın federal bölgə məhkəməsi mübahisəni afro-amerikalı “azad çerokilərin” (azad edilmiş qullara belə deyilib) xeyrinə həll edib, Daxili İşlər Nazirliyi onlara çeroki kimliyi daşıyan tamhüquqlu vətəndaş hüququ verib.

****

Mankiller soyadı çeroki dilində kapitan və ya mayor rütbəsinin, yaxud da mənəvi üsullarla haqsızlığın qisasını alan “şaman” sözünün qarşılığıdır. Vilmanın uşaqlığı həm də bu soyada görə (ingilis dilində – “insan qatili”) çətin keçib.

Vilma və ailəsinin yaşadığı kiçik evdə nə işıq, nə də kanalizasiya vardı, onlar çox kasıbıydılar. Atası ova gedir, anası bostan əkirdi. Uşaqlar onun un kisələrindən tikdiyi paltarları geyir və ailə baptist kilsəsinə yazılmış olsa da, onlar qəbilə mərasimlərinə getməyə, orda danışılan milli tarixçələri dinləməyə üstünlük verirdilər.

1955-ci ildə baş verən güclü quraqlıq ailənin vəziyyətini daha da ağırlaşdırır. Bir il sonra hökumət hindulara dəstək məqsədilə onların şəhər yerlərinə yerləşdirilməsi haqda qanun qəbul edir. Hindularla İş Bürosunun əməkdaşları şəhərlərə köçməyə razılıq verən ailələrə iş və yaxşı şərait vəd edirlər.

Bu təklif Vilmanın atası Çarli Mankillerə cəzbedici gəlir və ailə olan-qalanını satıb San-Fransiskoya yola düşür. Gəlib çatanda onları vəd olunan mənzilə yox, bərbad bir mehmanxanaya yerləşdirirlər. Bir neçə həftə sonra Vilmanın atası şəhərin Potrero Hill rayonunda iş tapdığı üçün ora köçürlər, amma maddi vəziyyətlərində xüsusi irəliləyiş baş vermir.

Vilma və yaşı çatan bacı-qardalarını məktəbə qoyurlar. Orda Vilmanı soyadına, geyiminə və ləhcəsinə görə lağa qoymağa başlayırlar. Sinif yoldaşlarının bu qəddar davranışı ucbatından Vilma məktəbdən çıxmaq məcburiyyətində qalır.

“Mankiller: başçı və onun adamları” adlı avtobioqrafik kitabında o, həmin illəri belə xatırlayacaqdı:

“Mən özümün “göz yaşı çığırı”ndan keçirdim. Nə mənə, nə də ailəmizin digər üzvlərinə silah yönəltmirdilər. Bizə qarşı güc nümayişi cəhdləri də olmurdu. Buna heç ehtiyac da yoxuydu. Amma Amerika Birləşmiş Ştatları hökuməti Hindularla İş Bürosu vasitəsilə “hindu problemini” bizi uzaqlaşdırmaqla həll etməyə çalışırdı. Bunun sayəsində mən qorxu və əzabın nə olduğunu öyrəndim – öz evini, icmasını, o vaxta qədər bildiyi hər şeyi tərk edib uzağa, yad yerlərə gedən adamın qorxu və əzablarını yaşadım. Gəlib çıxdığımız yerdə mən bir neçə gün ağladım, çox-çox illər əvvəl “Göz yaşı cığırı”nda ağlayan uşaqlardan mənim çox az fərqim vardı. Bu mənim tariximin, qəbiləmin keçmişinin göz yaşlarıydı. Bu, çerokilərin göz yaşlarıydı“.

Bir il ərzində bir az pul toplaya bilən ailə Deyli-Sitiyə köçür, amma Vilma burda da rahat ola bilmir və evdən qaçıb nənəsinin fermasına gedir. Onu geri qaytarırlar, amma qaçışlar təkrarlandığı üçün valideynləri Vilmanı bir illiyə nənəsinin yanında qoymaq qərarına gəlirlər.

Bir il sonra Vilma ailəsinin yanına qayıdır. İndi onlar San-Fransiskonun başqa bir rayonunda – quldur dəstələrinin, cinayətkarlığın və narkotiklərin çox olduğu Hanters-Poyntda yaşayırdılar. Düzdür, artıq onun özünə inamı bir qədər artmşdı, amma yenə də məktəbə və sinif yoldaşlarına isinə bilmirdi.

****

Orta təhsilini bitirəndən sonra (1963) Vilma bir maliyyə şirkətində iş tapıb bacısının yanına köçür, San-Fransiskodakı hindu mərkəzinin fəaliyyətində iştirak edir, Latın Amerikası rəqslərini öyrənməyə başlayır və az sonra burda tanış olduğu ekvadorlu Gektor Uqo Olaya Bardiyə ərə gedir. On ay sonra onların birinci, 3 il sonra ikinci qızları dünyaya gəlir.

Sonrakı illərdə Vilma təhsilini Skaylayn Kollecində davam etdirir; etnik azlıqlara qarşı qəddar davranışa və Vyetnam müharibəsinə etiraz edən; o cümlədən, qadın hüquqları uğrunda mübarizə aparan “Qırmızı güc” hərəkatı fəallarının Alkatras adasını işğalından təsirlənib Amerika hindu mərkəzinin onlara dəstək kampaniyasına qoşulur, adadakılara yemək, su və ədyal toplayır.

Kitabında Vilma bu haqda belə yazacaqdı: “Alkatras hadisəsi baş verəndə mən başa düşdüm ki, hinduların da haqları olduğunu başqalarına çatdırmaq üçün nə etmək lazımdır. Alkatras hadisəsi mənim hindu kimliyimlə bağlı hisslərimin ifadəsiydi”. Həmin hadisədən sonra o, yerli amerikalılara hüqüq və hüquq müdafiəsi xidməti göstərmək qərarına gəlir.

Proses bitəndən – aktivistlər adadan qovulandan sonra Vilmanın atasında və ardınca da özündə böyrək polikistozu aşkar edilir. Gününü hüquqi araşdırmalar və təşkilati məsələlər üzrə ixtisaslaşdığı təhsili, ictimai fəaliyyəti və ailəsi arasında bölən Vilma atasına da zaman ayırmağa başlayır, onunla mümkün qədər çox vaxt keçirməyə çalışır.

****

Bir müddət sonra ictimai fəaliyyəti Mankillerin ailə həyatında problemlər yaradır. Vilmanı “çox pis həyatdan xilas etdiyini” düşünən əri onun yeni statusunu qəbul edə bilmir və onlar boşanırlar (1974).

Bundan bir müddət sonra vəfat edən atasının ölümünə “ruhunu parçalayan ildırım” deyən Vilmanın özünün də səhhətində bir neçə il sonra kritik vəziyyət yaranacaqdı – qardaşı bir böyrəyini ona verməsəydi, hətta ölə də bilərdi.

1976-cı ildə o, birdəfəlik Oklahomaya qayıdır, çeroki qəbiləsinin qərargahında cəmiyyətin koordinatoru işləməyə başlayır, Arkanzas Universitetinə qəbul edilir və evi, iş yeri və universitet arasında hər gün uzun məsafələr qət etməli olur.

Belə günlərin birində (1979) Vilma ciddi bir avtomobil qəzası keçirir – üz-üzə çarpışan maşınlardan birini Vilma idarə edirdi və qəza zamanı o qədər ağır yaralanmışdı ki, dostları onun sağ qalacağına ümid etmirdilər.

Amma Mankiller sağalır, onun maşınında olmuş yaxın rəfiqəsi isə dünyasını dəyişir, Vilma ömrünün sonuna kimi buna görə vicdan əzabı çəkir.

Cəmi dörd il sonra həyat Vilmanı növbəti dəfə sınağa çəkir – bu dəfə onda miasteniya (əzələ xəstəliyi) aşkar edilir. Güclü iradəsi və böyük həyat eşqi sayəsində o, daha bir dəfə ölümün pəncəsindən qurtulur.

Həmin il Oklahoma çerokilərinin başçısı Ross Svimmer Vilmaya seçkilərdə onun müavini postuna iddia etməyi təklif edir. Seçki kampaniyası dövründə Mankeller tənqid atəşinə tutulur – hər hansı məsələylə bağlı mövqeyinə görə yox, qadın olduğu üçün. Bu, Vilmanı çox heyrətləndirir və çox da məyus edir.

Həm Svimmerin, həm də onun qalib gəldiyi həmin seçkidən iki il sonra – 1985-ci ilin sonunda qəbilə başçısını Hindularla İş Bürosunun rəhbəri təyin edirlər. Onun yerinə Mankiller keçir və dərhal da təhsil və səhiyyə sahələri üzrə işləri genişləndirir, yeni məktəblərin, professional hazırlıq mərkəzlərinin və poliklinikaların tikintisini sürətləndirir, təcili yardım xidmətləri yaradır.

Bundan sonra, fərdi sahibkarlıq üzrə Şura yaradıb hökumət nümayəndələriylə biznesmenlərin görüşünü təşkil edir, şimal-şərqi Oklahomanın iqtisadi inkişafı üçün təkliflər toplayır. Öz biznesini qurmaq istəyən qəbilə üzvlərinə maliyyə və texniki biliklər verən təhsil və işədüzəlmə proqramları hazırladır. Elektrik avadanlıqları şirkətinin qurulmasına, su-elektrik stansiyasının tikintisinə, bağçılıq fəaliyyətinin inkişafına dəstək verir.

****

1988-ci ildə qeyri-hökumət təşkilatları birliyi olan “Müstəqil sektor” Mankilleri liderlik bacarığına görə beynəlxalq mükafla təltif edir. Con Qardner adına mükafata onu yalnız ictimai inkişaf layihələrinə görə yox, həm də gəliri 2 milyon dolları keçən “Çeroki Milli Sənayesi” (“Cherokee Nation Industries”) holdinqinin uğurlarına görə layiq bilmişdilər.

Arkanzas çayının məcrasının dəyişdirilməsi nəticəsində çeroki, çokto və çikaso qəbilələrinin kömür və neft-qaz yataqlarından istifadədən məhrum olduqlarına görə qəbilələrə kompensasiya ödənilmısiylə bağlı iddianı çerokilər məhz Vilmanın başçılığı dönəmində qaldırırlar. Federal Bölgə Məhkəməsi bu iddianı rədd etsə də, 1989-cu ildə ABŞ Federal Məhkəməsi üç qəbilənin birgə iddiasını təmin edir.

O dönəmdə Mankiller yerli xalqların şikayətlərini Reyqanla müzakirə etmək üçün çerokiləri təmsilən Ağ evə dəvət olunur, məhsuldar bir görüşə ümid edən qəbilə başçısı dəvəti qəbul edir, amma ABŞ prezidentinin problemlərə ciddi yanaşmaması və növbəti dəfə vədlər verməklə kifayətlənməsi onu məyus edir. Vilma görüş zamanı şəkil çəkdirməkdən imtina etsə də, hadisənin publik olması onun cəmiyyətdəki şöhrətini artırır.

MANKILLER_Lead_t800.jpg
Vilma Mankiller

Oklahoma rəhbərliyilə danışıqların nəticəsi – çeroki torpaqlarındakı müəssisələrdən vergi yığmaq hüququnun qəbilə başçısına verilməsiylə bağlı müqavilə də Mankillerin o dönəmdəki ən böyük uğurlarından biri hesab olunur.

1990-cı ildə – böyrək əməliyyatından sonra reabilitasiya olunduğu Boston şəhərində o, Vaşinqton rəsmiləriylə görüşür, qəbiləsinə federal vəsaitlərdən istifadə hüququ verən layihədə çerokilərin də iştirakıyla bağlı razılaşma imzalayır. Həmin il Vilma Mankiller Yel Universitetinin, bir il sonra Darmut Universitetinin fəxri dərəcələrinə layiq görülür.

****

1991-ci ildə qəbilə başçısı postuna namizədliyini irəli sürür. Bundan az sonra digər qəbilə başçılarıyla birlikdə ata Corc Buşla görüşmək üçün Ağ evə dəvət alır. Buş komandası qəbilə başçılarının fikirlərinə daha həssas yanaşdığı üçün Vilma bu görüşlə “hökumətlərarası münasibətlərdə” yeni mərhələ başlayacağına ümid edir.

Bu dönəmdə gördüyü ilk işlərdən biri yerli amerikalıların təhsil proqramlarıyla bağlı konfranslara qatılmaq və hindu təhsil sisteminin mərkəzləşdirilməsinə qarşı çıxmaq olur. Bundan başqa, o, Oklahoma Nümayəndələr Palatasının hindulara məxsus siqaret mağazalarında qeyri-hindulara satılan məhsullara görə vergi yığmaqla bağlı qanun layihəsinə də etiraz edir (Sonrakı açıqlamalarından birində o deyəcəkdi ki, qəbilə başçısıolaraq çalışdığı zamanın üçdə birini çerokilərin mənafeyinə uyğun razılaşmaların əldə edilməsinə xərcləyib).

1991-92-ci illərdə Mankiller administrasiyası qəbilənin Talekvadakı orta məktəbini bərpa edir. Vilma Amerika Universitet Qadınları Assosiasiyasıyla əməkdaşlıq edərək çeroki qızlarının təhsil aldığı internat məktəblərə tərbiyəçilər yetişdirilməsi üçün qrant proqramları üzərində işləyir (Tərbiyəçilər məktəbdə qızlara nəzarət edir, karyera imkanlarıyla bağlı onlara məsləhətlər verirdilər).

1992-ci ildə Mankiller Bill Klintonun namizədliyini dəstəkləlyir və onun keçid komandasının üzvü olur. Yüksək rütbəli məmurlarla əlaqəsi ona “ölkənin ən nüfuzlu hindu lideri” statusu qazandırır.

1993-cü ildə dərc etdirdiyi avtobioqrafik kitabı milli beststellerə çevrilir.

1994-cü ildə Klinton onu ABŞ-dakı qəbilə başçılarının sammitinə dəvət edir.

1995-ci ildə Vilmada limfoma şişi aşkar edilir və o, səhhətiylə məşğul olmaq üçün növbəti seçkilərdə iştirak etməmək qərarına gəlir. Öz rəhbərliyi haqqında o, sonralar belə deyəcəkdi: “Bizim çox böyük problemlərimiz vardı, amma mən çerokilərin “Ağlın iti olmalıdır” deyiminə inanırdım. Bu gün buna “pozitiv düşüncə” deyirlər”.

Mankiller vəzifədən gedəndə çeroki xalqının sayı 68 000-dən 170 000-nə yüksəlmişdi. Qəbilənin müxtəlif mənbələrdən – fabriklərdən, mağazalardan, restoranlardan və qumar biznesindən gələn illik 25 milyon dollarlıq gəliri vardı; təhsil, səhiyyə, mənzil və işədüzəltmə layihələri üçün hər il federal büdcədən 125 milyon dollar həcmində vəsait alırdı. Özünüidarə üçün ayrılmış qrant sayəsində federal hökumətin qəbiləyə nəzarəti minimuma enmişdi.

Sonrakı illərdə çerokilərin ilk qadın başçısı müxtəlif universitetlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, dünya turuna çıxaraq öz iş təcrübəsi və qadın haqları barədə leksiyalar deyir.

2010-cu ildə Vilma Mankiller xərçəng xəstəliyindən vəfat edir. Onun Talekvadakı Milli Mədəniyyət Mərkəzində keçirilən dəfn mərasimində 1200-ə yaxın insan iştirak edir, Bill və Hillari Klintonların, o cümlədən, Barak Obamanın təziyə məktubları oxunur. “Beş sivil qəbilə” ömür boyu əldə etdiyi uğurlarına görə ölümündən sonra onu “Drum” mükafatına layiq görür.

Ana səhifəXəbərlərVilma Mankiller – ABŞ-ın ilk qadın qəbilə başçısı