Vidadi Babanlı: Azərbaycan Yazıçılar Birliyindən çox narazıyam

Vidadi Babanlı
Vidadi Babanlı


”Tək istəyim son əsərimi başa vurmaqdır”

“Üç il əvvəl Zaqatalada istirahət edərkən yıxıldım, sol bud sümüyüm sındı. O vaxtdan da yataq xəstəsiyəm. Həyət-bacaya da çıxa bilmirəm. Hətta evin içində belə gəzəndə dəmirdən yapışıb, birtəhər hərəkət edirəm. Dörd divar arasında qalmışam, bu da məni çox sıxır, darıxıram”.

Bu sözləri Azərbaycan yazıçısı Vidadi Babanlı Meydan TV əməkdaşı ilə söhbətində deyib.

91 yaşa görə babatam

“O vaxt başıma bu iş gələndə, 1 ay rayonda qaldım. Avqust ayı olduğundan həkimlər yox idi. Sonra məni Bakıya Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna apardılar. Orada 17 gün yatdım. Həkimlər baxdılar, əməliyyat etmək istədilər, dedilər ki, ayağıma dəmir qoyulacaq. Razılıq verə bilmədim, ürəyimdən ehtiyat etdim. Onlar da çox üstünə düşmədilər, çünki əməliyyat masasında qalacağımdan qorxdular. Elə mən də qorxdum ki, dəmirdən fəsad yaranar, ayağım irinləyər. Dedim ki, əşi, nə olacaqsa, olsun. 87 yaşda əməliyyat nəyə lazımdır? Bu yaşa gəlmişəm, bir az da yeriməyim. Ondan sonra ayağım əyri bitişdi və gödəlməyə başladı. Hərdən düşünürəm ki, əməliyyat etdirsəydim, bəlkə də indi yeriyə bilərdim. Görünür, bu da bir qismət imiş, başıma gələsiymiş. İndi də səhhətimə nə yaxşı demək olar, nə də pis, 91 yaşa görə babatam. Görək də, ömürdən nə qalıb? Bəlkə də lap az”.

Yeni roman üzərində işləyirəm

Görmə qabiliyyətini də itirən yazıçı-şair yazı-pozu işindən uzaq düşüb. Deyir ki, “Doğru söz” adlı yeni romanı üzərində işləyir. Allahdan möhlət istəyir ki, romanı tamamlaya bilsin:

“Əsərin yarıdan çoxunu yazmışam. Daha doğrusu, gözüm görmür, mənə baxan qadına diktə edirəm, yazır. Əvvəllər xəttim əyri getsə də, özüm yazırdım. Amma indi heç yaza bilmirəm. Diktə etməklə də bədii əsər o qədər yaxşı alınmır. Biri var, özün hisslərini qələm-kağıza tökəsən, biri də var ki, deyəsən, kimsə yaza. İndi yay vaxtıdır, işləyə bilmirəm. Ümumiyyətlə, mən yay aylarında işləməmişəm. Həmişə payız, qış aylarında yazmışam. Yeni romanım çox ciddi bir əsər ola biləcək. Allahdan bir az kömək istəyirəm, əsəri tamamlaya bilim”.

Yazıçı-şairlərdən itirib-axtaran yoxdur

“Yanıma aradabir yalnız dostlarım və qohularım gəlir. Amerikada yaşayan azərbaycanlı alim Rafiq Əliyev mənə baş çəkir. O, “Vicdan susanda” əsərimi ingilis dilinə tərcümə edib. Kitab bu yaxınlarda nəşr olunub. Professor Məhəmməd Babanlı, həmçinin oğlum, uşaqlarım, başqa qohumlarım ara-sıra gəlirlər. Yazıçı-şairlərdən isə nə itirən var, nə də axtaran. Düzdür, mənim dostlarım – İsa Hüseynov, İsmayıl Şıxlı, Nəbi Xəzri, Əli Kərim, Cabir Novruz – indi həyatda yoxdular. Yeniləri də, ümumiyyətlə, tanımıram. Çünki gözümdə problem var, ədəbiyyatda baş verənlərdən xəbərsizəm. Son vaxtlar bilmirəm, nə yazırlar, necə yazırlar? Ədəbiyyat necə inkişaf edir? Təzə nə var, nə yox? Xəbərim yoxdur”, – yazıçı gileylənir.

Çağırırlar, görüşlərə gedə bilmirəm

Vidadi Babanlı təqaüd aldığını, birtəhər dolandığını deyir:

“Ayağıma heç bir dava-dərman eləmirəm. Yalnız gözümə dərman tökülür. Hə, bir də şəkərə və təzyiqə görə dərmanlar içirəm. Başqa dərmanlar qəbul etmirəm. Birtəhər dolanırıq. Əsas narahatlığım, cəmiyyət arasına çıxa bilməməyimdir. Çağırırlar, görüşlərə gedə bilmirəm. Televiziya və radioaya qonaq dəvət edirlər, gedə bilmirəm. Bəzən gəlib, evimdə çəkiliş edirlər. Adam arasına çıxa bilməməyim, dostlarla görüşə bilməməyim, istədiyim yaza bilməməyim məni çox sıxır. Bəzən tək qalıram. İstəyirəm ki, nəsə bir iş görüm, alınmır. Bu da məni darıxdırır”.

“Vicdan susanda” əsərim çap olunanda başıma çox oyunlar gətirdilər

Vidadi Babanlının sözlərinə görə, üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən ona hər hansı bir yardım olunmur, səhhəti ilə maraqlanmırlar:

“AYB-dən çox narazıyam. Nə zəng edən var, nə də axtaran… Hətta 90 illik yubileyimi layiqincə qeyd etmədilər. Mən onlarla danışmıram, özüm barədə heç nə demirəm. Onlar da məni yada salmırlar. Artıq öz insaflarına qalıb. Yəqin onların başı özlərinə qarışıb, fikir vermirlər. Həmişə bir az məğrur adam olmuşam. Heç kimə özüm barədə müraciət etməmişəm. Çox əziyyətlər çəkmişəm. Ailəmi dolandırmağa çörəkpulum olmayıb. “Vicdan susanda” əsərim çap olunanda başıma çox oyunlar gətirdilər. “Gizlinlər” romanım həyatımdan bəhs edir. Baş verənlərin hamısını orada yazmışam. Yəni deməyim odur ki, işsizliyin çətinliklərini çox görmüşəm. Dörd il borc içində yaşamışam. Məni tuturdular, həbs etmək istəyirdilər. Deyirdilər ki, dünyada heç bir insanın vicdanı kommunsitlərin vicdanı kimi təmiz ola bilməz. Əsərimi cəmiyyətə, sovet quruluşuna qarşı böhtan, şər hesab edirdilər. Möhtac olmaq insanı çox ağrıdır, incidir. Üç ildir ki, ayağıma görə heç bir yerə gedə bilmirəm. Əvəllər kurortlara gedirdim. İndi isə tək istəyim son əsərimi başa vurmaqdır. Allahdan möhlət istəyirəm, o romanı yazıb qurtarım, sonra ölüm”.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza Vidadi Babanlının fikirlərinə münasibət bildirib. Xəyal Rza Meydan TV-yə deyib:

“Vidadi Babanlı bizim dəyərli ağsaqqal yazıçılarımızdandır. Azərbaycan Yazıçılar Birliyi də yazıçılar arasında heç vaxt fərq qoymayan, xüsusilə də yaşlı nəsilə xüsusi həssaslıqla yanaşan bir qurumdur.

AYB yubileyi dövlət səviyyəsində etmir. Qurumun öz daxilində olan “Natəvan” klubunda təşkil olunur. Səbəbkar sağdırsa, yubileyidirsə, gəlib özü iştirak edir. Yəni təşəbbüs bir az da yubilyar tərəfindən olur.

Xəyal Rza
Xəyal Rza

Həmin ərəfədə, yəni ötən il Vidadi Babanlının səhhəti yaxşı deyildi. Yazıçılarımız da zəng vurub, onunla maraqlanırdılar. Bununla bağlı mütəmadi olaraq, mətbuata açıqlamalar verirdilər ki, yazıçının səhhəti qənaətbəxş deyil.

Vidadi Babanlının 90 illik yubileyi ərəfəsində “Ədəbiyyat” qəzetində AYB-nin təbriki verildi. Həmçinin böyük bir səhifəlik yazı yerləşdirildi. Ondan bir müddət sonra isə yenə də Vidadi Babanlı ilə bağlı akademik Nizami Cəfərovun iki səhifəlik yazısı dərc olundu. Şükür Allaha ki, onun səhhəti sonradan düzəldi.

Vidadi Babanlının şəxsi istəyi olmalıdır ki, onunla bağlı tədbir keçirək, o da gəlsin, başda oturub iştirak etsin. 90 illik yubileyi səhhətinin yaxşı olmadığı vaxtla üst-üstə düşdüyü üçün AYB də təşəbbüs etmədi”.

Ana səhifəVideoVidadi Babanlı: Azərbaycan Yazıçılar Birliyindən çox narazıyam