Vəkillər Kollegiyasının qərarı Gəncə məhbuslarını vəkilsiz qoydu

“İkinci məsələyə gəlincə, 2018-ci ilin may ayında bir qadın vərəsəliklə bağlı mübahisə ilə əlaqədar mənə müraciət etdi”.

Foto: Vəkillər Kollegiyası


Şəhla Hümbətova: "Diqqətsizliyim və ehtiyatsızlığımın xitamla nəticələnməsi ədalətsizlik olar, əsasən də hazırda müdafiəçisi olduğum şəxslərə qarşı…"

Gəncə hadisələrinə görə həbs olunanlardan 8 nəfərlik daha bir qrupun – Bəkrəm Əliyev, Mirzə Hüseynov, Həbib Qurbanov, Asif Cavadov, Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Yusifov və Emil Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Adları çəkilən şəxslərdən V.Yusifov istisna olmaqla, digər 7 nəfər barələrində çıxarılmış hökmdən narazı qalıb və şikayət verib. Onların şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin hakimləri Bakı Apelyasiya Məhkəməsinin binasında baxılır.

Noyabrın 29-da hakim Teyyub Muxtarovun sədrliyilə keçirilən məhkəmə prosesində bildirilib ki, Vəkillər Kollegiyası vəkil Şəhla Hümbətova haqqında məktub göndərib. Məktubda göstərilib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 noyabr 2019-cu il tarixli qərarıyla kollegiyadan uzaqlaşdırılıb.

Ş.Hümbətova təqsirləndirilən şəxslərdən Elmir Hüseynzadə, Emil Məmmədov və Mirzə Hüseynovun vəkilidir. Ş.Hümbətova bildirib ki, o, noyabrın 29-da Vəkillər Kollegiyasının rəhbərliyinə rəsmi şəkildə müraciət edərək, əlindəki məhkəmə işlərini sona çatdırmağa imkan verilməsini istəyib. Ona hələlik bununla bağlı cavab verilməyib.

Hakim bildirib ki, Vəkillər Kollegiyasının bu məsələ ilə bağlı hələlik müsbət qərarı olmadığına görə Ş.Hümbətovanı indiki halda müdafiəçi kimi prosesə buraxmaq mümkün deyil. Bu məsələyə aydınlıq gəlməsi, Ş.Hümbətovaya müsbət cavab verilməsə, onun müvəkkillərinin yeni vəkillə təmin olunması üçün məhkəmə prosesi dekabrın 13-nə qədər təxirə salınıb.

Adları çəkilən təqsirləndirilən şəxslər Gəncədə ötən il iyulun 10-da keçirilən etiraz aksiyasında iştiraka görə saxlanılıblar. Onlara polisə qarşı zor tətbiq etmə, kütləvi iğtişaşların təşkili, qəsdən adam öldürməyə cəhd maddələri ilə ittihamlar irəli sürülüb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə təqsirləndirilən şəxslərdən yalnız ikisinin üzərində adam öldürməyə cəhd ittihamı saxlanılıb. Onlardan da Bəkrəm Əliyevə 15 il, Həbib Qurbanova 8 il həbs cəzası kəsilib. Qalan 6 nəfərdən 4-nə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıb. İki nəfər – Mirzə Hüseynov və Asif Cavadovun hər biri isə 5 il 6 azadlıqdan məhrum edilib.

İddia olunur ki, Gəncədə ötən il 10 iyul aksiyasında Rəşad Böyükkişiyev polis polkovniklərini qətlə yetirəndən sonra daha bir polis zabiti Samir Bayramovu da öldürməyə cəhd edib. Bəkrəm Əliyevgil də ona yardım ediblər. S.Bayramov yaralansa da, onun həyatını xilas etmək mümkün olub.

Lakin təqsirləndirilən şəxslər özlərini günahkar saymır, ittihamların uydurma olduğunu, işgəncə altında etiraf xarakterli ifadələrə imza atdıqlarını bildirirlər.

Vəkil Ş.Hümbətova Vəkillər Kollegiyasından uzaqlaşdırılması barədə qərarı dərhal şərh etməmişdi. Bildirmişdi ki, haqqındakı qərarı dost-tanışdan eşidib, internet saytlarından oxuyub, detallarından məlumatsızdır. O, noyabrın 29-da cəzalandırılmasına səbəb olan məqamlarla bağlı fikirlərini açıqlayıb. Ş.Hümbətova hesab edir ki, haqqındakı cəza qərarı adekvat deyil, sərtdir, hüquqlarını müdafiə etdiyi şəxslərə qarşı ədalətsizlikdir.

Ş.Hümbətova Vəkillər Kollegiyasını 6 aydan artıq ödəməməkdə, vəkil kimi çıxdığı bir işdə sənədlərə saxta məlumat yazmaqda ittiham olunur. Ş.Hümbətova bu məsələlərlə bağlı ətraflı açıqlama verib:

“Mən fevral ayında 409 manat ödəmişəm. Bunu növbəti 7 ay üçün ödədiyimi düşünərək etmişəm. Amma məlum olur ki, bu, ondan əvvəlki aylara gedibmiş. O vaxt Mehmanın (bloger Mehman Hüseynovu nəzərdə tutur) işinin pik vaxtı idi. Hətta düşündüm ki, qabaqcadan yarım ilin pulunu ödəyim, rahat olum, yoxsa yaddan çıxıb qalar. Yoxsa niyə üzvlük haqqı ödəməyim ki? Ödənməli olan və həmişə ödədiyimiz puldur. Hətta yadımdadır öz-özümə düşünürdüm ki, bir də payızda yarım illik üzvlük haqqını ödəyərəm. Mehman Hüseynovun işinə görə barəmdə intizam icraatı aparılırdı. O proses mayda başladı, sentyabra qədər davam etdi. Mən o qədərmi ağılsızam ki, haqqımda icraat gedə-gedə üzvlük haqqı ödəməyim?! Həmin intizam icraatı vaxtı da bu məsələyə toxunulmayıb. Bu aylar ərzində heç vaxt mənə deyilməyib ki, “ödənişlər etməlisən”-filan. Xatırlatmayıblar, mən də rahat oturmuşam öz səhv hesablamamla. 480 manat borc yığılıb. Bu, 8 ayın puludur. Qanunla isə 6 ay ödəniş olmasa, fəaliyyətə xitam verilə bilər. Bu da səhlənkarlığımın nəticəsi…

61389017_861277237583757_5634392356661755904_n.jpg
Şəhla Hümbətova

İkinci məsələyə gəlincə, 2018-ci ilin may ayında bir qadın vərəsəliklə bağlı mübahisə ilə əlaqədar mənə müraciət etdi. Biz razılaşdıq ki, 3000 manata işi əvvəldən sonadək aparacağam. Razılaşdı və israr etdi ki, vəkilə ödədiyi pulun qarşı tərəfdən alınması da iddia tələblərindən biri olsun. Dedim, yaxşı, amma “bunun üçün siz mənə 3000 manatın hamısını ödəməlisiniz ki, mən də qəbzi məhkəməyə təqdim edim”. O da razılaşdı. Görüşəndə mənə 1000 manat verdi, qalanını da gətirəcəyini dedi. Dedim ki, mütləq gətirin, çünki mən qəbz verirəm, yalan olmasın. Dedi, “nə danışırsız, əlbəttə gətirəcəyəm, danışmışıq, axıra kimi bir yerdəyik”. Nə isə iş məhkəməyə getdi, qadın isə pulu gətirmədi. İddia təmin olunmadı. İşin üstündən bir ildən çox keçib, hətta unutmuşdum artıq. Həmin qəbzdən söhbət gedir. Mən Vəkillər Kollegiyasında izahatımda burada yazdığım kimi hər şeyi necə var, eləcə səmimi yazmışam. Ki, bəli, aldanmışam, qadına inanmışam, çox yaxşı münasibətimiz var idi. O isə məni aldadıb. Pulun hamısını almamış qəbz yazmışam. Yəni öz ziyanıma etmişəm bunu, heç kimə ziyan vurmamışam. Razıyam, daha ağıllı, ehtiyatlı olmalıydım. Onun cəzasıdır indi baş verən. O hadisədən il yarım vaxt keçib, qanunla intizam tədbiri yalnız bir il müddətində görülə bilər. Bu da nəzərə alınmayıb.

Ümid edirəm və inanıram ki, bunun bir anlaşılmazlıq olduğu nəzərə alınsa, barəmdə ədalətli qarar qəbul edilə bilər. Kollegiya sədri Anar Bağırovla görüşə bilməmişəm. Bəli, səhvə yol vermişəm, amma mənim diqqətsizliyim və ehtiyatsızlığımın xitamla nəticələnməsi ədalətsizlik olar, əsasən də hazırda müdafiəçisi olduğum şəxslərə qarşı. Məncə vəkilliyə xitam verilməsi – yəni ən sərt tədbirin seçilməsi doğru deyil. Bundan əvvəl heç vaxt barəmdə intizam tədbiri olmayıb. İnanıram ki, məsələyə mən yazdığım prizmadan baxılsa, başqa intizam tədbiri seçilə bilər”.

Ana səhifəSiyasətVəkillər Kollegiyasının qərarı Gəncə məhbuslarını vəkilsiz qoydu