1974-cü ildən bu yana hər il 30 oktyabr tarixi Beynəlxalq Siyasi məhbuslar günü kimi qeyd olunur. Bəli, qeyd olnur. Sözün hər iki mənasında. Bu günü bayram kimi qeyd edən diktatorlar da var, türmə qapıları arxasında şərəflə qarşılayan məhbuslar da. Bir də bu günə dair dəyirmi masa təşkil edib, gəlişi gözəl sözlərlə günü yola verənlər də. Nə isə, sözüm onda deyil.
Bu günlə bağlı bir kiçik cızma-qara edib günü yola vermək istəyirdim ki, facebookda məzəli statuslara rast gəldim: “Mən İlkin ayda doğulmuşam”, “Öndər ayında dünyaya gəlmişəm”, “İndi Giləvar ayıdır” və s. Qarşıma çıxan ilk linki tıkladıqda açılan mənzərədən bəlli oldu ki, bir nəfər gənc belə təşəbbüslə çıxış edib ki, milli təqvimimiz olsun, ayların adı dəyişdirilsin, yəni, daha yanvar, fevral deməyək. Gənc adam təklif edir ki, məsələn, may ayına Öndər ayı deyək, çünki bu ayda Ulu Öndər dünyaya gəlib. Özüm də may ayında dünyaya gəldiyimdən bu təkliflə razılaşmaya bilmərəm. Təsəvvür edin ki, məni sizə təqdim edirlər: Anar Qasımlı 27 Öndər 1982-ci ildə Bakı şəhərində anadan olub. Bəh-bəh, adamın canına yağ kimi yayılır.
İdeya o qədər xoşuma gəldi ki, öz variantımı təqdim etməyə qərar verdim. Beləliklə, təklif edirəm ki, Yanvar ayının adı dəyişdirilib Mövsüm Səmədov ayı olsun. Çünki, bu ayda Mövsüm Səmədov hakimiyyəti sərt tənqid edib, buna görə də, qondarma ittihamla cinayət məsuliyyətinə cəlb olunub.
Fevral ayına Cabbar Savalanlı ayı deyək. Çünki bu ayda gənc aktivist Cabbar Savalanlı saxta narkotik ittihamı ilə şərlənərək həbs olunub.
Mart ayına Taleh Bağırzadə ayı deyək. Çünki bu ayda ilahiyyatçı Taleh Bağırzadə siyasi çıxışlarına görə narkotiklə tutulub.
Aprel ayı Tural Abbaslı ayıdır. İctimai asayişi kobud şəkildə pozaraq, “İstefa”, “Azadlıq” şüarları qışqıraraq nəqliyyatın hərəkətinə mane olan Tural Abbaslı apreldə tutulmuşdu.
May ayı Öndərlikdən çıxaraq, Nicat Əliyev ayı olsun. Evrovision məhbusu Nicat Əliyev Bakıda keçiriləcəyi gözlənilən qey-parada qarşı çıxdığına və Evrovision əleyhinə yazılarına görə, əvvəlcə narkoman kimi tutulsa da, sonra həm dövlət hakimiyyəti əleyhiə çağırışlar etməsi adı ilə Kürdəxanıda məskunlaşdırıldı.
İyun ayı sözsüz ki, Hilal Məmmədov ayıdır. Hilal müəllim “tı kto takoy, davay do svidaniya” söhbəinə görə narkobaron və İran cəsusu kimi məhz bu ayda qandallanmadımı?
İyul ayı Qurban Məmmədov ayı olsun. Əslində Qurban müəllim, iyulda yox, iyunda həbs olunub, lakin, Hilal Məmmədov ondan qabaq həbs olunmaqla İyun ayını özəlləşdirməkdə üstünlük hüququ qazandığı üçün öz aramızda razılığa gəldik ki, Qurban bəyi İyula ataq.
Avqust ayına Abgül Süleymaov ayı deyək. Kəskin tənqidi fikirlərin müəllifi olan ağzı oruclu ruhaninin cibindən narkotik tapıb onu həbs eləmişdilər. Əməliyyat lahıcda keçirilmişdi, MTN tərəfindən.
Sentyabr ayını Nigar Yaqublu ayı elan edirəm. Nigar həbs olunanda xaricdə olduğum üçün müdafiəsinə qoşula bilməmişdim. Bu səbəbdən də özümü onun qarşısında borclu hesab edirdim. Sanıram gec də olsa borcunu ödədim. Zarafat deyil, mənim təqvimimə düşmək, vicdan məhbusu elan olunmaqdan az əhəmiyyətli ili deyil. İstisna hal kimi, rəsmən vəkili olmadığım Nigar xanımın adını da öz vəkil təqvimimə əlavə edirəm.
Oktyabr ayına da istisna ilə ad qoyacam. Bu ayda kimin tutulmasından və mənim onun vəkili olub-olmamağıma baxmayaraq, oktyabr ayı Əvəz Zeynallı ayı olmalıdır.
Noyabr ayı hələlik boşdur, bu ayda həbs olunan müvəkkilim olmayıb. Ona görə də bu yeri vakant saxlayırıq. Bir gün sonra noyabr ayı gələcək. Şanlı hökumətimiz birinci kimi həbs eləsə onun adını təqvimə yazacam.
Dekabr ayına, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun şərəfinə Bəxtiyar Məmmədov ayı olsun. Bayraq Meydanı ətrafında baş verən maxinasiyanı ictimailəşdirdiyi üçün şərlənərək həbs olunan Bəxtiyar Məmmədov dekabr ayında qəzəbə tuş gəlmişdi.
30 Əvəz Zeynallı 2013-cü il