İlham Əliyev və Co Bayden

Mənbə: Reuters

Başlıq: İlham Əliyev və Co Bayden

Vaşinqton Bakıya hansı mesajı verir?

“İşləmək” sözünün diplomatik semantikası barədə

Novruz bayramı ərəfəsində ABŞ prezidenti Cozef Baydenin Azərbaycan dövlət başçısı İlham Əliyevə yazdığı təbrik məktubu ictimaiyyətdə birmənalı qarşılanmamışdı. Bu məktubun teksti ayrı-ayrı formalarda təqdim olunmuşdu. Bəziləri hesab edirdi ki, ABŞ baş verənlərin fonunda İlham Əliyev hakimiyyəti ilə münasibətlərini iqtisadi maraqlar üzərində quracaq. Məktubun da mətnində buna işarə edən elementlər tapmaq mümkün idi. Məsələ burasındadır ki, sözügedən məktub əslində zamanlama etibarilə elə bir vaxta təsadüf edirdi ki, onun haqqında bir siyasətçinin çeşidli versiyalar düşünməsi ağıllı addım olmazdı... ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məhbusları azad etməyə çağıran son bəyanatına da toxunacağam, amma öncə məlum mətnin mesajlarını gözdən keçirək.

Rəsmi protokol

Əvvəla, Baydenin İlham Əliyevə yazdığı məktubun birinci şərhi budur ki, bu iki ölkə arasındakı diplomatik ənənənin davamıdır, yəni ABŞ prezidentləri bir qayda olaraq Azərbaycanın milli bayramı olan Novruz bayramında Azərbaycan xalqını və dövlət başçısını təbrik edir. Ancaq onun içərisində seçilmiş sözlərə və eyhamlara fikir versək, görərik ki, öz dilində daima simvolizmə üstünlük vermiş ABŞ diplomatiyası bu dəfə də üslubuna sadiqdir. Çünki zaman da təsadüfən Putinin yaxın ətrafına sanksiyalar qoyulması ərəfəsinə təsadüf edir. Bayden “işləmək” sözünü bir neçə dəfə işlətməklə, əslində, “işləmək” istəmədiyi Putinə diqqət çəkib. Putinlə işləmək istəməyən Bayden İlham Əliyevə işləmək təklif edirsə, bunun başqa bir mənası “Putinlə işləmə” deməkdir. İlham Əliyev bu mesajı anlayıbmı? Şübhəsiz. Hətta Putin özü belə, bu cür mesajların təsirinə düşməkdən özünü saxlaya bilmir. Unutmaq olmaz ki, onun Krımın ilhaqına həsr edilmiş tədbirdəki çıxışı məhz post-sovet ölkələrinə gələn bu cür mesajlara cavab idi. Putinin qəzəbi qətiyyət kimi görünə bilərdi, amma bunun sadəcə, bir qəzəb olduğu hər kəsə bəllidir. Bu mənada Əliyev də anlayır ki, ona seçim təklif edilmir. Bunu təsdiqləyən ikinci faktor səfirliyin verdiyi çağırış bəyanatı idi.

İşləyək, amma düz işləyək

ABŞ-ın Azərbaycandakı səfirliyi uzun zamandan bəri ilk dəfə ölkənin daxili siyasətinə dair açıqlama ilə çıxış edib. Bu açıqlamanın məhz siyasi məhbuslar məsələsinə dair olması da təsadüfi deyil. Burada iki mühüm mesaj daha var:

- Birincisi, görünür, Baydenin məktubunu yanlış, ancaq iqtisadi əməkdaşlıq kimi şərh edənlərə aydın mesaj verilir və məktubun əsl məğzi açıqlanır. Yəni səfrilik demək demək istəyir ki, iqtisadi əməkdaşlıq seçim deyil.

- İkinci mesaj odur ki, bu məsələlərdə artıq heç kimin seçim imkanları yoxdur. Putinin yolu ilə getmək vəziyyəti pisləşdirə bilər. Azərbaycan hakimiyyəti elə başa düşməməlidir ki, onlara Putinlə alternetiv qaydada ehtiyac var. Bu, sadəcə, bölgənin Kremldən ayrılması üçün yol xəritəsidir: siyasi məhbuslarsız Azərbaycanla iqtisadi əməkdaşlıq.

Belə bir şəraitdə Azərbaycan özünü hansı xəritdə görür? Daha doğrusu, hakimiyyət ölkəni hansı yönə aparacaq? Bu həm də Qarabağ üçün bir seçim olacaq. Yəni Rusiyanın bölgədən çıxmasını istəyən hakimiyyət üçün seçim artıq bəlli olmalıdır. Əks halda, iqtisadi və təhlükəsizlik problemləri də artmaqda davam edəcək. Bir halda ki Putin MDB ölkələrinin keçmişini qondarma-yalançı sayır...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hxfdth

Ən çox baxılan