Saatlının Dəllər kənd sakini Münasib Əmiraslanov

Mənbə: Meydan.TV

Başlıq: Saatlının Dəllər kənd sakini Münasib Əmiraslanov

Vağzala gedən vətəndaş: Polisə apardılar, pullarımızı aldılar...

Məqalə yeniləndi:  20 Oktyabr 2019

“Pullarımızı qaytarmadılar, özümüzü də gecəyarı çöllüyə buraxdılar”

“Gecə saat 1 olardı, gətirib bir çöllükdə düşürtdülər, sənədlərimizi verdilər, dedilər, “bir də ortalıqda görünməyin”, özləri çıxıb getdilər. Bakıya biletin qiyməti və Rusiya istiqamətinə gedən qatarların cədvəliylə maraqlanmağa gəlmişdik. Mənim cibimdə 100 manatacan pul var idi, polis idarəsinə gətirəndə sənədlə birlikdə pullarımızı da cibimizdən götürmüşdülər, ancaq sənədi qaytaranda pulları qaytarmadılar”.

Bunu Meydan TV-yə Saatlının Dəllər kənd sakini Münasib Əmiraslanov deyir. Onun sözlərinə görə, oktyabrın 19-da günorta saat 14.30 radələrində həmkəndlisi Əzizağa Cahangirovla “Nizami” metrosundan “Qış parkı” istiqamətində hərəkət edərkən polis işçiləri onları saxlayıb. Onu və həmkəndlisini maşından düşürərək döyə-döyə avtobusa mindiriblər və Nəsimi Rayon Polis İdarəsinə aparıblar. Sakin deyir, o və həmkəndlisi kənddən Bakıya mitinqə görə yox, Dəmiryol vağzalına biletlə bağlı maraqlanmağa gəlibmiş.

“Son ümidimiz olan biletin pulunu da əlimizdən alırlar”

Münasib Əmiraslanov deyir:

“Torpaqlarımızda əkin işləri apara bilmirik, örüş sahələrimiz məmurlar tərəfindən “işğal olunub”, özləri üçün taxıl əkiblər, dolanışıq yoxdur, məcburuq ki, gedək Rusiyada işləyək, bir parça çörəkpulu qazanıb ailələrimizə göndərək ki, acından ölməsinlər. Adamlar bu cəhənnəmdən canlarını qurtarmaq üçün son ümidini qatara minib getməkdə görür, tutub biletpulusunu da əlindən alırlar. Gördük metro bağlıdır, piyada getmək istədik. Tutub “dubinkayla” döyə-döyə avtobusa mindirdilər, Nəsimi Rayon Polis İdarəsinə kimi hər nəfəs çəkəndə kürəyimizə bir “dubinka” ilişdirirdilər. Avtobusda bizdən başqa adamlar da vardı, hamısı yoldan keçən, mitinqdən xəbəri olmayan adamlar idi, qoca, qadın demirdilər, vəhşi kimi davranırdılar”.

“Qışqırırdılar ki, “evdə xəstəm, uşağım var”

Münasib Əmiraslanovun sözlərinə görə, polis idarəsində hamı kimi onun da ciblərini axtarıblar, sənədləri ilə bərabər ciblərindəki şəxsi əşyalarını, pullarını götürüblər:

“Pulları götürdülər, dedilər, buraxılanda özünüzə qaytarılacaq. Mən orda nələr gördüm, ilahi... Qadınları, qocaları necə sürüyə-sürüyə gətirirdilər, hamıyla ən axırıncı küçə söyüşləri ilə danışırdılar. İdarənin dəhlizində ağız deyəni qulaq eşitmirdi, qışqırtılar, ah nalələr... Mənim kimi mitinqdən xəbərsiz, yoldan keçən yaşlı insanları, qadınları gətirib idarəyə doldurmuşdular, adamlar qışqırışırdılar ki, evdə xəstəm, uşağım var, siz neynirsiz?”

“Gecəyarı adamları avtobuslara doldurub apardılar”

Sakinin sözlərinə görə, idarəyə gətirilən vətəndaşları gecə saatlarında avtobuslara dolduraraq naməlum istiqamətlərə aparıblar:

“Adamlar qışqırışırdılar, hamı qorxurdu. “Gecəylə hara aparırsız bizi” deyib qışqırırdılar. Mənimlə həmkəndlimi də maşına mindirib aparıb bir çöllük əraziyə buraxdılar. Pullarımızı tələb etdik, dedik, kəndə qayıtmağa pulumuz yoxdur, dedilər, sizə qaytarmaq üçün bizə yalnız sənədləriniz verilmişdi. Qaldıq səhərəcən çöldə, səhərə yaxın bir maşın tapıb qayıtdıq kəndə...”

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  20 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yd3q39

Ən çox baxılan