Vəkillər Kollegiyası yeddi vəkilə tənbeh verib, onların adları açıqlanmır

İllüstrasiya: Meydan TV

Yanvarın 14-də Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən yeddi vəkilə tənbeh verilib.

Bu barədə məlumat Kollegiyanın rəsmi saytında yayımlanıb.

“Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarları ilə yol verdikləri pozuntulara görə yeddi vəkil barəsində intizam tənbehi tədbirləri görülüb, iki vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb”, – məlumatda deyilir, amma həmin şəxslərin adı çəkilmir.

Son illərdə Azərbaycanda fəaliyyət göstərən bir çox vəkil belə xəbərdarlıq alıb. Hətta Vəkillər Kollegiyasından çıxarılanlar, fəaliyyətləri müddətli dayandırılanlar da olub.

Cəzalandırılan vəkillərin əksəriyyəti müxalif siyasətçiləri, gənc fəalları və tənqidçi jurnalistləri müdafiə edən şəxslər olub. Həmin vəkillər intizam tədbirlərini siyasi təzyiqlərlə əlaqələndirdiklərini bildiriblər. Vəkillər Kollegiyasının rəhbərliyi isə qərarların qanunvericiliyin tələblərinin pozulması ilə əsaslandırıldığını açıqlayıb. 

Azərbaycanda vəkillərin intizam məsuliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun və müvafiq Əsasnamələrlə tənzimlənir. Həmin sənədlərə əsasən, vəkil peşə borcunu yerinə yetirərkən qanun və etik qaydaları pozarsa, İntizam Komissiyası tərəfindən irad, töhmət və ya 3 aydan 1 ilə qədər fəaliyyətin dayandırılması tədbirləri tətbiq edilə bilər. Kollegiyadan tam uzaqlaşdırma isə yalnız məhkəmə qərarı ilə mümkündür.

2025-ci ildə qanuna edilmiş dəyişikliklərə görə isə vəkillərin fəaliyyətinin dayandırlması 1 ildən 2 ilədək davam edə bilər, amma Kollegiyadan çıxarma yalnız məhkəmə qərarı ilə mümkündür.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq bir neçə dəfə Azərbaycan vəkillərinin Kollegiya tərəfindən cəzalandırılmasını ifadə azadlığının pozuntusu kimi qiymətləndirib. Xüsusilə, Yalçın İmanov, Xalid Bağırov, Elçin Namazov və Əlayif Həsənov işlərində AİHM belə nəticəyə gəlib ki, vəkillərin dövlət orqanlarını və hüquq-mühafizə strukturlarını tənqid etməsinə görə cəzalandırılması Konvensiyanın 10-cu maddəsinin – ifadə azadlığının pozulması deməkdir.

2025-ci il oktyabrın 24-də Gəncə Regional Vəkil Bürosunda çalışan vəkil Zabil Qəhrəmanov həbs edilib. Ona Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq və ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. İstintaqın iddiasına görə, saxlanıldığı gün Zabil Qəhrəmanov avtoyuma məntəqəsində çalışan bir şəxslə mübahisə edib və onu vurub. Zabil Qəhrəmanov isə ittihamları əsassız hesab etdiyini bildirib.

Həbsindən öncə oktyabrın 8-də Daxili İşlər Nazirliyindən daxil olan şikayət əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti altı ay müddətinə dayandırılmışdı.

Buna səbəb kimi Qəhrəmanovun Gəncə şəhər Baş Polis İdarəsində “vətəndaşların başına oyunlar açılması” ilə bağlı səsləndirdiyi açıqlamalar göstərilir. Həmin çıxışdan sonra Daxili İşlər Nazirliyi onun barəsində Vəkillər Kollegiyasına şikayət göndərib. Kollegiya isə qərarını intizam pozuntusu ilə əsaslandırıb.

Ana səhifəXəbərlərVəkillər Kollegiyası yeddi vəkilə tənbeh verib, onların adları açıqlanmır