ÜST ölkələri erkən koronavirus hallarını araşdırmağa çağırıb

Qurum fransız alimlərinin etdiyi araşdırmanın təəccüb doğurmadığını deyir

Foto: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)


Qurum fransız alimlərinin etdiyi araşdırmanın təəccüb doğurmadığını deyir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 27 dekabr 2019-cu il tarixində bir nəfərin COVİD-19 virusuna yoluxduğunu ortaya qoyan fransız alimlərinin etdiyi araşdırmanın “təəccüb doğurmadığını” deyib və əlavə edib ki, ölkələr ilk yoluxma hallarını araşdırmalıdır, – “Guardian” xəbər verir.

COVİD-19 ilk olaraq Çin hakimiyyəti tərəfindən 31 dekabrda ÜST-ə bildirilib və virusun bu tarixdən əvvəl Avropaya yayılması qeyd edilməyib. İnanılan odur ki, koronavirus Avropaya yanvar ayından sonra yayılmağa başlayıb.

“Bu, hər şeyə dair yeni mənzərə açır”, – ÜST-ün sözcüsü Kristian Lindmayer (Christian Lindmeier) Cenevrədə BMT-nin brifinqində deyib.

“Bu tapıntılar COVİD-19-un potensial hərəkətliliyini daha yaxşı başa düşməyə imkan verir”,- o deyib və qeyd edib ki, yoluxma nümunələrinin yenidən sınaqdan keçirilməsi digər mümkün halların da ortaya çıxara bilər.

Avisenna (Avicenne) və Jan Verdiyer (Jean Verdier) xəstəxanalarının reanimasiya şöbəsinin müdiri İves Koyenin (Yves Cohen) rəhbərliyi ilə araşdırmaçılar COVİD-19 pandemiyaya çevrilmədən əvvəl – dekabr və yanvar aylarında müalicə olunan 24 xəstədən nümunələri test ediblər.

“International Journal of Antimicrobial Agents” adlı jurnalda dərc edilmiş nəticələr göstərib ki, bir xəstə – Əlcəzairdə anadan olan, uzun illər Fransada yaşayan və balıq ovuyla məşğul olan 42 yaşlı bir kişi – COVİD-19-a Fransada ilk yoluxma halı qeydə alınmazdan bir ay əvvəl yoluxub.

Bazar ertəsi günü Koyen Fransa televiziyasına deyib ki, Əlcəzairə son səfəri 2019-cu ilin avqust ayında olmuş xəstənin Fransanın “ilk xəstəsi” olub-olmadığını bilmək üçün çox erkəndir.

Tədqiqatçılara görə, Çin ilə əlaqənin və son səyahətlərin olmaması göstərir ki, xəstəlik hələ 2019-cu ilin dekabr ayının sonunda Fransa əhalisi arasında yayılıb.

Martın 1-dən bu yana Fransada 25,000 insan koronavirusdan ölüb. Ölkə ilk üç yoluxma hadisəsini 24 yanvarda təsdiqləyib.

Lindmayer digər ölkələri 2019-cu ilin sonlarında mənşəyi təyin olunmamış sətəlcəm xəstələri ilə bağlı qeydləri yoxlamağa çağırıb.

Çində virusun mənşəyi haqqında suala cavab verən Lindmayer bunun araşdırılmasının “həqiqətən çox vacib” olduğunu vurğulayıb.

ABŞ dövlət katibi Mayk Pompeo qeyd edir ki, koronavirus Çinin Vuhan şəhərində bir laboratoriyada meydana gəlib və buna dair “sübutlar” da var, baxmayaraq ki, elm adamları ÜST-ə virusun heyvan mənşəli olduğunu deyib.

“Bunun üçün əlavə missiyalar Çinə göndərilə bilər, biz bunu səbirsizliklə gözləyirik”,- Lindmayer deyib.

ÜST-ün fövqəladə hallar üzrə mütəxəssisi Dr Mayk (Mike) Ryan bazar ertəsi günü deyib ki, ÜST-ün yanvar ayında Çinə etdiyi araşdırma səfəri zamanı qurumun rəhbəri virusun mənbəyi məsələsini “ən yüksək səviyyədə” qaldırıb.

Ana səhifəDünyaÜST ölkələri erkən koronavirus hallarını araşdırmağa çağırıb