Uşağına məktəb tapmaq üçün Astaradan Bakıyacan gələn ata

Astara rayon sakini Kamil Şabanov uşaqları ilə birlikdə Prezident Administrasiyasına qəbula gəlib. Onun 4 övladından ikisi eşitmə əngəllidir. Yaşadığı yerə yaxın məktəb tapmadığı üçün uşaqları 4 il təhsilsiz qalıb. Axırda məcbur olub Bakıya köçüb, kirayə ev tutub və uşaqlarını eşitmə əngəllilər üçün məktəbə qoyub. Amma şəhərdə yaşamağa maddi imkanı əl vermir.

Ailə 381 manat ünvanlı sosial yardım, uşaqların eşitmə əngəlli olmasına görə 82 manat müavinət alır. Kamil Şabanov bu pulun 300 manatını kirayə haqqı verir. İş tapmaqla bağlı cəhdləri də boşa çıxır.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, uşaqların təhsil probleminin həlli ilə bağlı nazirlik vətəndaşa təkliflərini yollayacaq.

Prezident Administrasiyasından Kamil Şabanova deyilib ki, onların şikayətinə baxan Habil adlı şəxsin qəbul günləri gələn ayın əvvəlində olacaq. Bu gün onları heç kim qəbul edə bilməz.

Qəbuldan çıxan uşaqlar isə ikinci dəfədir gətirildikləri Administrasiyanın ətrafını oyun yeri kimi görürlər.

Ana səhifəVideoUşağına məktəb tapmaq üçün Astaradan Bakıyacan gələn ata