Krista Pikkat təşkilata Qarabağda “müxtəlif mədəni sərvətlərin guya məhv edilməsi” barədə məlumat daxil olduğunu deyib
UNESCO-nun yüksək rütbəli rəsmisi Dağlıq Qarabağda erməni mədəni irsinin dağıdılması ilə bağlı geniş yayılmış xəbərlərdən narahatlığını bildirib.
“Armenpress” xəbər agentliyi təşkilatın Mədəniyyət və Fövqəladə Hallar Direktorluğunun rəhbəri Krista Pikkata istinadən xəbər verib ki, UNESCO-ya Dağlıq Qarabağda “müxtəlif mədəni sərvətlərin guya məhv edilməsi” barədə məlumat daxil olub.
“Buna görə də UNESCO vəziyyəti narahatlıqla izləyir”, – o əlavə edib.
“OC Media” yazır ki, bölgədəki mədəniyyət obyektlərinə dəyən ziyanı göstərən kadrlar və peyk şəkilləri ortaya çıxmağa davam edir.
“Azərbaycanın Dağlıq Qarabağ üzərində tam nəzarəti təsdiqləməsindən və 2023-cü ilin sentyabrında erməni əhalisinin kütləvi şəkildə köçməsindən sonra son bir ildə dağıntılar barədə hesabatlar və sənədləşmə intensivləşib”, – məqalədə qeyd olunur.
Bildirilir ki, zədələnmiş və dağıdılmış mədəni irs obyektlərinə çoxəsrlik mənəvi ocaqlar və qəbiristanlıqlar, Xankəndidə (erməni tərəf Stepanakert adlandırır-red) 19-20-ci əsrlərə aid yaşayış massivləri, hökumət binaları və bütöv kəndlərin sökülməsi, həmçinin 2023-cü ilin sentyabrında şəhəri tərk etmiş ermənilərin əmlakları daxildir.
Araşdırmaçı jurnalistika orqanı “Bellingcat” sentyabr ayında Xankəndinin peyk görüntülərini təhlil edən hesabat dərc edərək, şəhərdə mülki evlərin talan edilməsi kimi görünən “yüzlərlə insident”in baş verdiyi qənaətinə gəlib.
“Armenpress” həmçinin Pikkata istinadən yazıb ki, əvvəlki münaqişə zamanı UNESCO-nun baş direktoru dərhal “Dağlıq Qarabağ”a texniki missiya göndərmək istəyib. Missiyanın tərkibini və diqqətini müzakirə etmək üçün “maraqlı tərəflərlə ən yüksək səviyyədə” müzakirələr aparılıb.
“İndi vəziyyət dəyişib, bu missiya artıq 1954-cü il Haaqa Konvensiyasına uyğun olaraq göndərilə bilməz. İndi biz Azərbaycan hakimiyyəti ilə də onlara necə dəstək ola biləcəyimizi müzakirə edirik”,- deyən Pikkat, konvensiyanın istənilən üzv dövlət tərəfindən işə salına bilən xüsusi monitorinq mexanizminin olduğunu əlavə edib.
“Beləliklə, bu, həm də Üzv Dövlətlər və komitə üçün UNESCO-nun ölkələrlə necə qarşılıqlı əlaqədə və dəstək ola biləcəyinə dair bir qərardır”.
UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası silahlı münaqişələr zamanı mədəni irsin qorunması ilə bağlıdır.
Məqalədə vurğulanır ki, 2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra ermənilərin getdikcə daha çox mədəni və mənəvi obyektləri Azərbaycanın nəzarətinə keçib. Üç il sonra, 2023-cü ilin sentyabrında Azərbaycan bölgənin qalan hissəsinə nəzarəti ələ keçirərək, oradakı erməni irsinin taleyi ilə bağlı narahatlığı artırıb.
Pikkat qeyd edib ki, UNESCO 2023-cü ildə Ermənistana missiya göndərib, o da təşkilatın ölkənin qeyri-maddi mədəni irsinə necə dəstək verə biləcəyini anlamağa çalışıb.
Bu həftənin əvvəlində Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan UNESCO ilə birgə təşkil edilən mədəni irsin qorunması və bərpası üzrə konfransda ölkəsinin bu məsələ ilə bağlı narahatlığını dilə gətirib.
“Dağlıq Qarabağdakı min illik erməni irsi Azərbaycan tərəfindən məhv olmaq və şəxsiyyətin təhrif olunması təhlükəsi ilə üz-üzədir”, – Kostanyan deyib.
Onun sözlərinə görə, “bəşəriyyətin ortaq irsini qorumaq” üçün “innovativ” yollar araşdırılmalıdır.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.