Diyarbəkir Böyük Bələdiyyəsi

Mənbə: Foto: hurriyet.com.tr

Başlıq: Diyarbəkir Böyük Bələdiyyəsi

Türkiyədə 3 bələdiyyə başqanı vəzifəsindən azad edilib

418 nəfər şübhəli saxlanılıb

Türkiyədə Daxili İşlər Nazirliyi ölkədəki azlıqların müdafiəsini təşkil edən siyasi partiyanın - Xalqların Demokratik Partiyasının (HDP) nəzarətində olan Diyarbakır, Mardin və Vanda böyükşəhər bələdiyyə başçılarını vəzifədən kənarlaşdırıb.

Diyarbakır Böyükşəhər Bələdiyyəsi başqanı Adnan Selçuk Mızraklı, Mardin Böyükşəhər Bələdiyyəsi başqanı Əhməd Türk və Van Böyükşəhər Bələdiyyəsi başqanı Bedia Özgökçe Ertan vəzifədən çıxarılıb, - BBC Türkçə xəbər verir.

Diyarbakır valisi Həsən Basri Gözəloğlu, Mardin valisi Mustafa Yaman, Van valisi Mehmet Emin Bilmez bələdiyyə başqan vəkili olaraq onların yerinə vəzifəyə təyin ediliblər.

Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada Mızraklı, Türk və Ertanın “terror təşkilatları ilə təmasda olduğu”, “terror təşkilatlarına dəstək verdikləri ilə bağlı dəlil tapıldığı” bildirilir.

Açıqlamada qeyd edilir ki, üç bələdiyyə başçısı “haqlarındakı məhkəmə və inzibati dindirilmə səbəbindən və istintaqın sağlam aparılması üçün” Konstitusiyanın 127-ci maddəsi, 5393 saylı Bələdiyyələr Qanununun 47-ci maddəsi əsas götürülərək vəzifələrindən uzaqlaşdırılıb.

Bundan əlavə, eyni qanunun 45-ci maddəsinə uyğun olaraq, bələdiyyə başçılarının yerinə onların müavinləri təyin edilib.

Açıqlamada həmçinin vəzifədən kənarlaşdırılmış bələdiyyə başqanlarına gəlincə qeyd edilir ki, onlar "bələdiyyələri terrorçu fəaliyyətlərə dəstək vermək üçün militan, maliyyə qaynaq və avadanlıqların təmin edildiyi logistik mərkəzlər kimi istifadə ediblər".

Daxili İşlər Nazirliyi deyib ki, bələdiyyə başqanlarından Adnan Selçuk Mızraklı haqda 1 ittiham və 8 istintaq, Ahmet Türklə bağlı 2 ittiham və 4 istintaq, Bedia Ozgokce Ertan haqda isə 1 ittiham və 6 istintaq mövcuddur.

Qərar elan edilməzdən əvvəl Diyarbakır, Mardin və Van bələdiyyələri polis mühasirəsinə alınıb.

Bələdiyyə başqanları vəzifələrindən azad edildikdən sonra HDP-nin mərkəzi idarə heyəti toplanıb və toplantıdan sonra “Susmayacağıq, durmayacağıq" başlıqlı yazılı açıqlamada “Bu yeni və açıq bir siyası çevrilişdir" ifadələri istifadə edilib.

Kürd xalqının siyasi iradəsinə açıq və düşmən münasibət sərgiləndiyini deyən HDP, “Bu hakimiyyətin zərrə qədər demokratik legitimliyi qalmayıb. Xalqın iradəsini zorla ələ keçirmək, seçki nəticəsində əldə etmədiklərini dövlət şiddəti, zorakılıq, güc və fırıldaqçılıq yoluyla əldə etmək AKP-MHP ittifaqı üçün adi hala gəlib”.

HDP Diyarbakır millət vəkili Saliha Aydeniz Böyükşəhər Bələdiyyəsi qarşısından bir video paylaşaraq, “Diyarbakır Böyükşəhər Bələdiyyəsi mühasirəyə alınıb və içəridə axtarış edilir. Polis Şöbə müdirinin bələdiyyə başçımızın vəzifədən alındığını sözlü şəkildə deməsi bu ölkədə ədalətin gəldiyi yeri göstərir,”- ifadələrini işlədib.

Sosial mediada işdən çıxarılması ilə bağlı xəbərlərin yayılmasından sonra BBC-yə danışan Mızraklı seçicilərin iradəsinin bütün dəyərlərdən üstün olduğunu deyib.

“Burada çox fərqli bir niyyət var. Bu, Türkiyədəki siyasət iqliminin başqa bir yerə döndərilməsi deməkdir… Demokratiya dəyərlərə, bütün mexanizmlərə olan etibarı sarsıdacaq bir zərbədir,”- Mızraklı deyib və əlavə edib.

“Bu, sadəcə işdən çıxarılma kimi görünməməlidir. Ortadakı vəziyyət həm parlament səviyyəsində seçilmişlər üçün, həm də yerli səviyyədə seçilmişlər üçün ciddi nəticələrə səbəb olacaq. Türkiyə bundan sonra başqa bir Türkiyə olaraq yoluna davam edəcək. Artıq demokratiya baxımından bir qat daha aşağıya düşmüş bir yerdən davam edəcək”.

Daxili İşlər Nazirliyinin qərarını tənqid edən HDP sözcüsü Saruhan Oluç “Deutsche Welle Türkcə”yə verdiyi açıqlamada “31 martda qəyyumlardan aldığımız bələdiyyələrə yenidən qəyyum təyin edirlər. Tamamilə uydurma səbəblərlə edirlər bunu. Xalqın iradəsi, hüquq yenidən qəsb edilir. Bu iqtidarın demokratik heç bir legitimliyi qalmayıb artıq. Türkiyədə demokratiyaya çevriliş üzərinə çevriliş olur”- deyib.

Ağrının keçmiş bələdiyyə başçısı Sırrı Sakık deyib ki, seçkilərin heç bir mənası yoxdur:

“Ya bir yol tapacağıq, ya da bir yol açacağıq… AKP MHP-nin dizayn edəcəyi bir ölkəni idarə etməyə çalışır. CHP də bunu yaxşı bilsin. Sıra Ankara, İstanbul və İzmirdədir”.

CHP-nin də bu gün təcili toplantı çağırdığı qeyd edilir. “Deutsche Welle Türkcə”yə danışan CHP İstanbul millət vəkili Sezgin Tanrıkulu “Yeni bir çevrilişlə qarşı-qarşıyayıq. Çevriliş sadəcə tankla, topla olmur. Xalqın iradəsinə zərbə, seçkiyə zərbə vurulduğunu da hamımız birlikdə görürük”.

“Hüquqa, demokratiyaya sığmayacaq bir durumla qarşı qarşıyayıq,” - Tanrıkulu deyib.

Bələdiyyə başqanları vəzifələrindən azad edildikdən sonra Diyarbakır, Van və Mardində böyükşəhər bələdiyyələrinə aid internet saytları bağladılıb. Hər üç şəhər bələdiyyəsinin saytlarında “saytda çalışmalar aparılır, xahiş olunur daha sonra təkrar ziyarət edin” ifadələri qeyd edilib.

Hər üç bölgədə böyükşəhər bələdiyyə başçılarının vəzifəsindən uzaqlaşdırılmasından sonra Diyarbakır, Mardin və Van başda olmaqla 29 vilayətdə PKK-KCK ağırlıqlı əməliyyatlar keçirilib. 418 şübhəlinin gözaltına alındığı qeyd edilir.

Prezident Rəcəp Tayyp Ərdoğan 31 mart seçkilərindən əvvəl etdiyi açıqlamada keçmişdə yaşananlara bənzər şeylərin yaşandığı təqdirdə HDP-li bələdiyyələrə müfəttiş (qəyyum) təyin ediləcəyinin siqnalını vermişdi, “Deutsche Welle Türkcə” qeyd edib.

Ərdoğan “31 martdan sonra bənzər hadisələr yaşanarsa, biz bu işi o an məhkəməyə apararıq və bu da müfəttişlərə dərhal yol açar. Çünki müfəttişin nə qədər faydalı olduğunu biz yaşayaraq gördük,”- deyib.

Diyarbakır, Mardin və Van da daxil olmaqla bir çox HDP bələdiyyəsi 15 iyul 2016-cı ildəki çevriliş cəhdindən sonra elan edilən fövqəladə vəziyyət dövründə uzun müddət müfəttişlər tərəfindən idarə edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8gqvgz

Ən çox baxılan