Türkiyə təklənməlimi?

Bütün tərəflərin bu münaqişənin bir an öncə bitməsində maraqlı olduğunu deyə bilərik.

Seymur Həzi, Foto:: Meydan TV


Suriya böhranı: çıxış yoluna necə girməyin yolları haqda

Suriyada Türkiyənin üzləşdiyi vəziyyəti “sürpriz” kimi dəyərləndirənlər də tapıldı. Əslində, bu, gözlənilən idi. Türkiyə uzun zamandı Suriya müharibəsinin zərərçəkəni qismində görünürdü. Yaxşı, Türkiyə nə qədər, sadəcə, Əsədin qovduğu milyonlarla ərəbi qonaq edə bilərdi və ya etməli idi? Bu vəziyyətin uzun zaman davam etməsi ciddi sosial-siyasi, həm də demoqrafik, eyni zamanda təhlükəsizlik problemləri demək deyilmi? Bu baxımdan hazırkı vəziyyətin yağışdan sonra ortaya çıxan sürpriz kimi qiymətləndirilməsi bölgənin yaxın tarixinə və həyat resurslarına, qruplar və dövlətlərarası münasibətlərə az bələdçilikdən doğa bilər. Başqa halda isə bu siyasi qərəzin məhsulu da ola bilər. Biz bu motivi araşdırmırıq. Bizim cavab axtardığımız suallar bölgənin gələcəyi üçün hansı addımların vacib olduğu yönündədir. Beləliklə, ABŞ və NATO Türkiyəyə dəstək verməlidirmi? Verməlidirlərsə, niyə? Türkiyənin Rusiya ilə müvəqqəti yaxınlığı doğru idimi? Bu yaxınlaşma hansı strateji məsələləri təhlükə altında qoyur və ehtimal olunan başqa nəticələri ola bilərdimi? İran bu olaylarda hansı rolu oynamaqdadır? Tehranın maraqları nə tələb edir? Nəhayət, Suriya əhalisi vahid dövlət və bayraq altında yaşaya biləcəkmi? Bu, necə təmin olunacaq? Bu suallar bu gündən gələcəyə uzanan regional sülhün və qarğaşanın arasında vasitəçi rolunu oynayacaq suallardır.


Qərb krizi dəqiq qiymətləndirir

Gözləntilər vardı ki, NATO, xüsusilə də ABŞ Türkiyənin yaxın keçmişdə Rusiya ilə münasibətlərindən doğan qıcığın əsirinə çevrilə bilər. Amma görünən odur ki, Qərb dairələri vəziyyəti ciddiyyətini qavrayaraq qərar verirlər. Söhbət bölgədə Qərb blokunun ciddi geriləməsi nəticəsində yarana biləcək fəsadlardan gedir. Bu fəsadları aradan qaldırmaq üçün daha böyük müharibələr qaçılmaz ola bilər. Ona görə də, bir az əvvəli kövrəlmiş münasibətlərə fikir vermək olmazdı. NATO-nun baş katibi Jen Stoltenberqin brifinqindən də aydın göründü ki, onlar heç kimdə tərəddüd yaratmaq istəmirlər, ona görə də ifadəni dəqiq seçərək bir neçə dəfə “hər cür dəstək” ifadəsindən istifadə etdi. ABŞ “dəstəyin formasını müəyyən edirik” deməklə sanki Türkiyədən əsas rəqibin adını hallandırmasını gözləyir. Ancaq NATO-nun belə bir seçənəyi yoxdur. Çünki Şimal Alyansında vəziyyətin bir az da pisləşməsini heç kim təsəvvür belə etmək istəmir. Şərqi Avropada möhkəmlənməkdə davam edən blok üstün olduğu məkanda nüfuz və mövqe itkisini gözə ala bilməz. Bu o demək olar ki, tarazlıqlar yeni meyarlarla qurulmağa başlaya bilər.


Türkiyə Rusiya yaxınlaşması; taktika yoxsa, strateji səhv?

Biz əlbəttə, Türkiyənin milli siyasətini planlaşdıranların nə düşündüyünü bilmirik. Əlimizdə olan məlumatlarla və baş verən hadisələrin pərdə arxasını analiz etməklə qənaətlərimizi formalaşdırırıq. Göründüyü kimi, Rusiya ilə Türkiyənin yaxın keçmişdəki mehriban münasibəti Moskva soyuğunu Ankara ilə Vaşinqton və Brüssel arasına yeridə bildi. Türkiyə bu məsələdə nəyi hədəfləmişdi? Demək çətindir. Ancaq Rusiyanın dəstəyi ilə xeyli addımlar da atdı. Suriyadakı qeyri-qanuni elan etdiyi kürd birləşmələri ilə savaşı və S400 sistemlərini buna misal gətirmək olar. Ancaq Qərblə münasibətlərin də xeyli pisləşməsi fonunda bu addımlara dəyərdimi? Bunu da demək çətindir. Fəqət, Türkiyənin üz-üzə qaldığı mühacir problemi onun Suriyada hər nə yolla olursa olsun, özünün nəzarət edəcəyi bölgələrə sahib olma haqqını ortaya çıxarır. Çünki Ərdoğan suriyalıları artıq Türkiyədə deyil, Suriyada qorumanın daha ağıllı olduğunu düşünür. Bu, doğrudan da belədirmi? Fərqli fikirlər ola bilər, amma hər bir fikir sahibinin bir qədər də özünü Türkiyənin yerinə qoyması vacibdir.


İran destruktivizmdə fayda görən tək ölkədir

Bütün tərəflərin bu münaqişənin bir an öncə bitməsində maraqlı olduğunu deyə bilərik. Bu, başqa sualdır ki, kim hansı şərtlər daxilindəki sonuclanmaya hazırdır, ya da razıdır. Amma İran haqqında bunu demək olmaz. Tehran düşünür ki, Suriyadan sonra növbəti dalğa onun payına düşəcək. Ona görə də münaqişəni sərhədləri xaricində mümkün qədər uzatmağa və çıxılmazlaşdırmağa çalışır. Bununla da, özünə qarşı real təhlükənin yolunu uzadır.


Suriyada həyat bərpa olacaqmı?

Belə görünür ki, bu qarşıdurma Suriya olaylarında Bəşər Əsədin sonuna doğru bir dalğanı yaxınlaşdırır. Artıq onu müdafiə etmək nə qədər çətindirsə, onun varlığında bir Suriyanı düşünmək də o qədər çətindir. Həm də Qərb blokunun parçalanmasına səbəb olan ən ciddi amil kimi uzunmaqda olan Əsəd diktaturasını göstərmək olar. İsrail və Türkiyənin yenidən bölgədə söz sahibi olmaq üçün birgə addımlar atmasına imkan yaradacaq yeganə faktor Əsəd rejimin getməsi ola bilər. Yalnız bundan sonra yeni həyatın işartılarını axtarmağa dəyər. Əks halda Rusiya və İran kimi qüvvələrin davam etməkdə olan təsirləri bölgədə bitmək bilməyən sorunlar yaradacaq.

Ana səhifəXəbərlərTürkiyə təklənməlimi?