Seymur Həzi

Mənbə: Meydan TV

Başlıq: Seymur Həzi

Türkiyə niyə yol dəyişdi?

Ərdoğanı Qərbə çəkən 3 faktor barədə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən günlərdə maraqlı açıqlamalar verdi. Partiyasının konfranslarından birində Avropa Birliyi və ABŞ-ı hədəfləyən bəyanlarında təəccübə səbəb oldu. Ona görə ki, Ərdoğan bu dəfə Qərbi topa tutmadı. Əksinə onlara isti mesajlar verdi. Avropa Birliyinə xitabən birlikdə gələcək mesajları verdi: “ Avropa Birliyindən bizə verdiyi sözlərə əməl etməsini, ayrı-seçkilik etməməsini, ən azından ölkəmizə olan aşkar düşmənçiliklərə alət olmamasını gözləyirik. Özümüzü başqa yerdə deyil, Avropada görür, gələcəyimizi Avropa ilə birgə qurmaq istəyirik”. ABŞ haqqında isə bu sözləri seçib: “Amerika ilə uzun və yaxın müttəfiqlik münasibətlərimizdən bütün regional və qlobal problemlərin həllində istifadə etmək istəyirik”.

Bu sözlərin Türkiyə siyasətinin son bir neçə ilində bir dönüş olduğu fikri ilə kimsə mübahisə etməz. Məhz ona görə ki, Ərdoğan təqlidçilərin dilində “Ey Avropa”, “Ey Amerika” xitabları ilə gəzir. Bu gün isə biz tamam fərqli ritorikanın və üslubun şahidi oluruq. Bu açıqlamalara səbəb olan faktorlar təbii ki, düşündürücüdür. Türkiyə öz ritorikasını, daha doğrusu, yol xəritəsini niyə belə dəyişdirdi? Əlbəttə, bəziləri deyə bilər ki, Türkiyə onsuz da NATO ölkəsidir və bu mənsubiyyət onu məcburi Qərb blokunun önəmli ünsürlərindən birinə çevirir. Amma bu qaneedici açıqlama olmaz. Çünki ən azından son bir neçə ildə Türkiyənin NATO-da qalıb-qalmayacağı sualı aktualdır, nəinki bu ölkənin AB-yə üzv olması, onunla birlikdə bir gələcək qurması. Bu baxımdan bizim bu sürətli və kəskin dönüşü analiz etməyimiz kifayət qədər əsaslıdır. Beləliklə...

Putinmi?

Türkiyə son dövrlərdə Rusiya ilə daha sıx təmaslarda oldu. İstər Suriyada, istər Livyada, istərsə də Qarabağ müharibəsində Rusiya- Türkiyə diplomatiyası müəyyən qızğınlıq yaşadı. Bunun müqabilində Rusiyanın heç kimlə bərabərhüquqlu bir gələcək planlamadığı ortaya çıxdı. Kritik məqamlarda Rusiyanın kompromissiz öz eksponsionist maraqları üçün iri əsgəri addımlar atdığı bir daha Ankaraya əyan oldu. Rusiya diktə etmədiyi ilə birlikdə olmaqdan uzaqdır. Buna görə də Türkiyə bu standarta elə də uyğun deyil. Siyasi mahiyyəti və sosioloji quruluşu etibarilə də Türkiyə Şərq blokunda özünü tapa bilməzdi. Buna görə də Ankara Rusiya ilə üz-üzə ola bilsə də, yan-yana olmaqdan ancaq ziyan çəkəcəyini bilir.

İqtisadi faktor

Bəli, yuxarıda danışdığımız ziyanın birinci sırasında Türkiyədə dayanmadan qalxan lirənin eniş şkalalarıdır. Bu cür riyazi illüstrasiyanı sovet ölkələri SSRİ dağılanda görüblər. Üçüncü dünya ölkələrində isə son illərdə qeydə alınmayıb. Buna görə də Ərdoğan dərinləşən iqtisadi böhranı bir qədər səngitməyin yollarından biri kimi Qərblə münasibətləri yaxşılaçdırmaqda görür. Əslində bu görmək onun özündən daha çox iqtisadi sistemin tələbi və təbii axındır. Türkiyə iqtisadiyyatı həssas valyuta bazarı sisteminə əsaslanır. Ona görə də siyasətdəki qərarlar iqtisadiyyatı ciddi təsirləndirir. Hazırda isə anti-Qərb ritorikasının piki yaşanırdı və bu böhranın dibi idi. Ərdoğan isə bir cəhdlə bu dibdən çıxmaq istədi.

Baydenmi?

Daha bir faktor isə ABŞ-dakı hakimiyyət dəyişikliyidir. Görünür hələ namizəd olduğu dövrdə seçiləcəyi təqdirdə Ərdoğanla münasibətlərinin kəskin pis olacağı proqnozlaşdırılan Cozef Baydenin seçilməsi Ərdoğana qarşı riskləri artırıb. Bunu yaxşı hesablayan Türkiyə prezidenti isə 20 yanvara, Baydenin hakimiyyət kürsüsündə oturacağı vaxta kimi münasibətlərin məzmununu dəyişmək istəyir. Ərdoğan bilir ki, onun üçün uzun zamandır Avropadan səsləndirilən sanksiyalar təhdidi Baydenin dəstəyi ilə reallaşa bilər. Bu isə ikinci onilliyin sonuna doğru gedən AKP hakimiyyəti üçün ciddi tarixi siyasi zərbə ola bilər.

Nəticədə məlum olur ki, hazırda Türkiyənin içində olduğu konyuktura Qərb dünyası ilə reinteqrasiyanı tələb edir. Bunun əksi isə iqtisadi və siyasi böhran deməkdir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/eob86h

Ən çox baxılan