Türkiyə məhkəməsi Gəzi davasında 9 nəfərə bəraət verib

Əkrəm İmamoğlu: “Bəraət qərarları məhkəməyə olan güvəni təzələdi”

Source:


Əkrəm İmamoğlu: “Bəraət qərarları məhkəməyə olan güvəni təzələdi”

Türkiyə məhkəməsi İstanbulun Gəzi parkı etirazlarına qatılma iddiasıyla terror aktlarında günahlandırılan doqquz nəfərə bəraət verib.

“Guardian” xəbər verir ki, məhkəmənin bu qərarı Türkiyədə vətəndaş cəmiyyətinə yeni ümid bəxş edib.

Silivri yaxınlığında məhkəmə zalında qərar verildikdən sonra alqışlar səslənib və bəziləri qərara inanmayaraq göz yaşlarına boğulublar.

İki ildən artıq bir müddətdir həbsdə saxlanılan iş adamı və xeyriyyəçi Osman Kavala ilə birlikdə 2013-cü ildə keçirilmiş etirazlarda iştiraka görə ömürlük həbs cəzası almış digər iki müttəhimə ağır hökm gözlənilirdi.

Mühakimə edilən 16 vətəndaş cəmiyyəti nümayəndəsinə nümayişləri təşkil edərək o zamankı Baş nazir və indiki prezident Rəcəb Tayyib Ərdoğan və onun hökumətini devirməyə çalışmaq iddiaları ilə ümumi olaraq 47 min 520 il həbs cəzası gözlənilirdi.

Xaricdə olan və qiyabi mühakimə olunan daha 7 təqsirləndirilən şəxsin işi ayrılıb və onlar barəsində həbs qətimkan tədbiri qərarı ləğv edilib. Vəkil onların da bəraət alacağını gözlədiklərini deyib.

Gəzi davası Türkiyənin Qərb müttəfiqləri və insan hüquqları müdafiəsi təşkilatları tərəfindən tənqid edilib. Dekabr ayında Avropa İnsan Hüquqları Məhkəməsi Kavalanın dərhal sərbəst buraxılmasına çağırıb.

2013-cü ildə Gəzi nümayişləri İstanbulun mərkəzində nadir yaşıl sahə olan Gəzi parkının gələcəyi ilə bağlı olub. Parkın dağıdılıb yerində alış-veriş mərkəzi tikilməsi gözlənilirdi.

Xalqın narazılığı tez bir zamanda böyüyərək geniş kütlələri əhatə edən və günlərlə davam edən etiraz aksiyaları ilə əvəz oldu. Polisin müdaxilə etdiyi etirazlarda ümumilikdə 22 nəfərin öldüyü və 5 minə yaxın adamın həbs edildiyi bildirilir.

Türkiyədə “Amnesty İnternational” təşkilatının rəhbərliyi və bir neçə üzvü də daxil olmaqla terrorizm ittihamı ilə həbs olunmuş 11 insan hüququ müdafiəçisinin işinə çərşənbə günü baxılacaq. Təqsirləndirilənlər günahkar bilinərsə, onlar 15 ilədək azadlıqdan məhrum edilə bilərlər.

İstanbul Böyükşəhər Bələdiyyəsi başçısı Əkrəm İmamoğlu deyib ki, “Gəzi davasında çıxarılan bəraət qərarları məhkəməyə olan güvəni təzələdi”, – "BBC Türkçə" xəbər verib.

Ana səhifəDünyaTürkiyə məhkəməsi Gəzi davasında 9 nəfərə bəraət verib