Türkiyə çıxılmaz durumda

Eyni şəkildə Qərbin digər subyektləri, o cümlədən ABŞ Ərdoğanın rəhbərliyindəki Türkiyəyə yardım etməyi arzuolunmaz müəyyənliyə sərmayə qoymaq kimi qiymətləndirir.

Seymur Həzi, Foto:: Meydan TV


Baydenlə görüşün hansı nəticələri olacaq və nə zaman?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Cozef Baydenlə görüşündən günlər keçib. Türkiyə siyasətində bu görüşün hansı nəticələr doğuracağı ilə bağlı suallar hələ də açıq qalır. Ərdoğan görüşlə bağlı Türkiyə mediasına "detallı" açıqlama versə də, bir çox suallara aydınlıq gətirilməyib.


Söhbətin hansı suallardan gedir?


  1. Türkiyə üzləşdiyi sərmayə böhranından çıxa biləcəkmi?

  2. ABŞ-la yaşanan “24 aprel krizi” necə həll olundu və ya olunacaq?

  3. S-400 sistemlərindən imtina ediləcəkmi?

  4. Türkiyə "F-35" proqramına geri dönəcəkmi və ya “Patriot” sistemlərini əldə edə biləcəkmi?

  5. Şərqi Aralıq dənizi hövzəsindəki problem necə həll olunacaq?

  6. NATO- nizamnaməsinin 5 maddəsi ilə bağlı mübahisə həll ediləcəkmi və Türkiyə ilə münasibətlərindəki axsama aradan qalxacaqmı?


İqtisadi böhran “zaman” tanımır…

Türkiyədəki hazırki iqtisadi böhranı yalnız yeni dağılımış Sovet İttifaqından çıxan ölkələrin keçirdiyi böhranla müqaisə etmək olar. Ona görə yox ki, burada da minfaizlik infilyasiya hökm sürür. Ona görə ki daxili rezervlər nəinki yoxdur, hətta mənfi dərinliyə doğru sürətlə irəliləyir. Belə bir halda Türkiyənin elə də çox çıxış yolları yoxdur, deməli, ölkəyə Qərb sərmayəsinin gəlməsi yeganə çıxış yoludur. Başqa bir yol isə ölkəni açıq-aşkar Çinin iqtisadi təsirinə təslim etməkdir. Bu da yeni bir problemə girişdir. Demək, Türkiyə üçün yeganə çıxış yolu Qərblə əlaqələrini bərpa etmək, yanlışlıqları düzəltməkdir. Məsələn, Britaniya Türkiyə üçün lazım olan imkanları aça bilər, amma Ankaranın Moskva ilə münasibətlərinin mahiyyətindəki qaranlıq buna mane olur. Eyni şəkildə Qərbin digər subyektləri, o cümlədən ABŞ Ərdoğanın rəhbərliyindəki Türkiyəyə yardım etməyi arzuolunmaz müəyyənliyə sərmayə qoymaq kimi qiymətləndirir.


Erməni məsələsi

Ərdoğan səfər öncəsi bəyanatında bu məsələni Baydenlə müzakirə edəcəyini desə də, görüşdən sonra bu mövzunun açılmamasına şükr etdi. Burada isə yeni suallar yarandı. Əvvala, bütün neqativliklərinə rəğmən məhz “milli duruş” naminə Ərdoğana səs verən və ya verməyə hazırlaşan kütlə seçim qarşısında qalıb. Onun “Genosidi tanıma” mövzusunun gündəmə gəlməməsinə şükr etməsi, beynəlxalq münasibətlərindəki mövqeyinə kölgə salır. Belə olan halda seçici ona niyə səs versin? Bunun üstünə bir də ölkədə dərinləşən sosial böhranı gəlsək, məlum olacaq ki, bu mövzu müzakirə olunsaydı, daha az ziyan gətirəcəkdi. Yəni pul yox idi, amma heç olmasa qürur vardı. İndi nə pul var, nə qürur. Göründüyü kimi, Ərdoğan bu mövzudan da xal qazanmadı…


Əsas məsələ

Bəli, düşünmək olar ki, bu görüşün bel sütunu S-400 məsələsidir. Ona görə ki Türkiyə ilə Birləşmiş Ştatların münasibətlərini gərginləşdirən başlıca mövzu Ankaranın Vaşinqtonla münasibətlərini Moskvayla münasibətlərə dəyişmək cəhdləridir. Bunun obyektiv və ya subyektiv səbəbləri ola bilər. Hər iki tərəfin özünü haqlı bildiyi məqamlar, təbii ki, var. Bəs ABŞ-la münasibətlərin pis olması Ankaraya Moskvayla yaxınlaşmaq üçün əsas ola bilərmi? Təbii ki, tarixi kontekstdən xeyir. Çünki türk-rus müharibələrinin demək olar ki, hamısında Qərb Türkiyənin yanında yer alıb. Cari siyasəti gözdən keçirsək, görərik ki, hazırda bütün cəbhələrdə – Cənubi Qafqazda, Suriyada, Livyada Türkiyə ilə Rusiya üz-üzədir. Gələcəkdə də Rusiya ilə Türkiyənin toqquşan maraqları çoxdur, nəinki Qərbin. Bu mənada Rusiyaya meyillənmək təkcə Qərbdəki koalisiyanı itirmək baxımından deyil, milli maraqlar baxımından da Türkiyə üçün təhlükəlidir. Beləliklə, ABŞ prezidentinin bu məsələdə Türkiyəyə narazılıq etdiyi aydındır. Amma onlar istəyirlər ki, Türkiyə real təhlükəni özü dərk etsin…


Kritik məqamlar

Hər iki tərəfin məmnun olduğu görüşün nəticəsində Türkiyə "F-35" proqramına geri dönəcəkmi? “Patriot” sistemlərini əldə edə biləcəkmi? Şərqi Aralıq dənizindəki böhran həll ediləcəkmi? Bax bu suallar açıq qalır. Aydın deyil ki, birinci iki məsələnin həllindən sonra Türkiyə Aralıq dənizi məsələsinə baxacaq, yoxsa yox… Bu məsələdən sonra ABŞ-ın sərmayə məsələsini gözdən keçirməsi də aydın deyil… Əgər sıralama belədirsə, o zaman açıq demək olar ki, Bayden Türkiyəyə, indiki halda isə Ərdoğana bir sanksiya tətbiq edir. Çünki bu cür iqtisadi vəziyyətlə Ərdoğan hökumətinin, sadəcə, fiziki baxımdan bu işləri çatdırmağa imkanı yoxdur. "F-35" əldə etməsə, Aralıq dənizində geri çəkilmək çətin olacaq. Yəni yeni böhran olacaq. Geri çəkilməsə, yenidən müdafiə proqramına qayıtmaq mümkün olmayacaq. Bir sözlə, Türkiyə hazırda bir girdabdadır və ona əl uzadanların da hələ ki onu xilas etmək niyyətləri görünmür…

Ana səhifəXəbərlərTürkiyə çıxılmaz durumda