O, Prezidentdən Suraxanı İH-nin başçısının həbsini istəyib
Mayın 28-də Türkiyənin Antalya şəhərində bıçaqlanan Azərbaycan Muay-Tay (Tay boks) Federasiyasının Prezidenti Araz Musayev hadisədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevi ittiham edir.
O, yaydığı videomüraciətdə iddia edib ki, Adil Əliyevin sifarişi əsasında bıçaqlanıb.
Araz Musayev Prezident İlham Əliyevdən Adil Əliyevin həbsini istəyib.
“Türkiyəyə getməzdən öncə Azərbaycanın bütün hüquq-mühafizə orqanlarına müraciət etmişdim ki, bu adam məni öldürəcək. Adil Əliyev həbs olunmalıdır. O, bu hərəkəti ilə bizi bütün dünya federasiyaları qarşısında biabır etdi. Bir neçə gündən sonra xəstəxanadan çıxıb, Azərbaycana qayıdıram və həyatım yenə də təhlükədədir. Başımdan, həmçinin də qarnımdan 3 bıçaq zərbəsi almışam”, – Araz Musayev bildirib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Araz Musayevin dediklərini “əsassız böhtan və şər” adlandırıb:
“Hadisə ilə heç bir bağlılığım yoxdur. Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayıda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yolverilməzdir. Bu hadisəni törədən bəlli, hadisənin yeri-yurdu bəllidir. Mən Bakıda oturub öz işimlə məşğulam və bu kimi hadisələrdə indiyə qədər heç zaman adım hallanmayıb, hallana da bilməz. Çünki bizim daim bir məqsədimiz olub, o da dövlətimizə, xalqımıza xidmətdir. Araz Musayevin nə düşündüyünü, nə üçün belə böhtan atdığını bilmirəm. Ancaq bildiyim odur ki, bu, iyrənc yalandır. Əlbəttə ki, məni tanıyan kimsə bu yalana inanmır. Hələ istintaqın nəticələri bəlli deyil. Belə olan halda Araz Musayev tələm-tələsik niyə mənim adımı hallandırır? Deməli ortada istintaqı yayındırmaq cəhdi var. İstintaq hər şeyi ortaya qoyacaq. Nəticəni gözləmək lazımdır”.
Araz Musayev mayın 28-də Türkiyənin Antalya şəhərində keçirilən IFMA dünya çempionatı zamanı bıçaqlanıb.
Nəticədə o, başından və qarnında yaralar alıb. Dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub.
Xəstəxanaya yerləşdirilən Araz Musayev hadisənin təsadüfi olmadığını və bu hücumun arxasında federasiya maraqları və şəxsi qərəzlər dayandığını bildirib.
Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığı bildirilir.