Görüş zamanı Suriyada xarici qüvvələrin yerləşdirilməsi məsələsi müzakirə olunub
Türkiyə və İsrail nümayəndə heyətləri Suriyada arzuolunmaz insidentlərin qarşısının alınmasına yönəlmiş münaqişənin aradan qaldırılması mexanizmini müzakirə etmək üçün aprelin 9-da Azərbaycanda görüşüblər.
İsrailin yüksək rütbəli rəsmisi bunu “The Times of İsrael”-ə təsdiq edib.
Görüş zamanı İsrail tərəfi birmənalı şəkildə Suriyada xarici qüvvələrin yerləşdirilməsi ilə bağlı hər hansı dəyişikliyin, xüsusən də Palmira ərazisində türk bazalarının yaradılmasının “qırmızı xətt” olduğunu açıqlayıb.
Rəsmi mənbə əlavə edib ki, İsrail açıq şəkildə bildirib ki, hər hansı bu cür fəaliyyətin qarşısını almaq “Dəməşq hökumətinin məsuliyyətidir. İsraili təhlükə altına alan hər hansı fəaliyyət Suriya hakimiyyətini təhdid edəcək”.
Türkiyə nazirlik mənbələri də Azərbaycanda aparılan danışıqları təsdiqləyərək bildiriblər ki, bu danışıqlar iki ölkənin regiondakı əməliyyatları arasında potensial qarşıdurmaların və ya anlaşılmazlıqların qarşısını almaq üçün kanal yaratmaq səylərinin başlanğıcı sayılır.
Mənbələrdən biri danışıqların miqyası və vaxtı ilə bağlı əlavə təfərrüatlar təqdim etmədən “Bu mexanizmin yaradılması istiqamətində səylər davam edəcək” deyib.
İsrail və Türkiyə rəsmiləri iki ölkə arasında Suriya ilə bağlı birbaşa danışıqları təsdiqlədikdən sonra Baş nazir Benyamin Netanyahunun ofisi davam edən müzakirələrlə bağlı təfərrüatları təqdim edib.
Baş Nazirliyin Ofisinin bəyanatında deyilir ki, İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda türkiyəli həmkarları ilə görüşüb.
İsrail nümayəndə heyətinə Müdafiə Nazirliyi və təhlükəsizlik agentliyinin yüksək rütbəli rəsmiləri daxil olub.
Netanyahunun ofisi danışıqlara ev sahibliyi etdiyi üçün açıq şəkildə vasitəçi roluna eyham vuran Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
“Danışıqlarda hər bir tərəf regionda öz maraqlarını təqdim etdi və onlar təhlükəsizliyin sabitliyini qorumaq üçün kommunikasiya kanalını davam etdirməyə razılaşdılar”, – deyə bildirib.
İsrail Türkiyəni Suriyanı bu ölkənin protektoratına çevirmək cəhdində ittiham edib, Ankara isə Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrailin ölkədəki hərbi fəaliyyətini pisləyib.
Türkiyə Bəşər Əsədin devrilməsindən sonra Suriyada genişləndirilmiş hərbi varlıq yaratmağa çalışır. İsrail yeni rejimə və Türkiyənin nəzarət etmək istədiyinə inandığı bazalara qarşı hərbi zərbələr endirir.