Tovuz sakini: Oğlum yaralanıb, kömək istəyib, gedən olmayıb

“Müharibə başlayan gündən, sentyabrın 27-dən oğlumdan heç bir məlumat yoxdur”

Source: Specify Source


"Səkkiz aydır ki, gecəm-gündüzüm yoxdur"

“Artıq səkkiz aydır ki, oğlumdan xəbər yoxdur. Nə gecəm var, nə gündüzüm. Oğlum qaçsaydı, fərari kimi bir günə tapardılar. Belə axtarış olar?"

Tovuzun Aşağı Öysüzlü kənd sakini Sədaqət Nağıyeva Meydan TV-yə deyir ki, oğlu çavuş Pərviz Nağıyev Güloğlan oğlu İkinci Qarabağ müharibəsi zamanı itkin düşüb: “Ötən il sentyabrın 8-də MAXE kimi hərbi hissədə işə düzəldi. Şəmkirdən Daşkəsənə getdi. Müharibə başlayan gündən, sentyabrın 27-dən oğlumdan heç bir məlumat yoxdur. Murovdağ döyüşləri zamanı itgin düşüb. Sentyabrın 29-da yeznəsinə zəng edib ki, qarnımdan yaralanmışam. Daşkəsəndə tanışın varsa, de, bizə kömək gəlsin, burada qalmışıq. Sonradan telefonuna zəng çatmadı. Yeznəmiz də hərbçidir, həmin vaxt hospitalda yaralı yatırdı”.


"Belə axtarış olar?

"

Valideyn övladının taleyi barəsində məlumatsızlıqdan narazıdır.

O deyir ki, məsələ ilə bağlı müraciət etmədikləri qurum qalmayıb: “Hər yerə yazılı müraciət etmişəm, getmişəm. Deyirlər ki, narahat olma, axtarırıq. Bu necə axtarmaqdır? Səkkiz ay keçib. Otuz bir nəfərlik “Həmlə” bölüyü olub. Döyüşə giriblər, sonradan onlardan xəbər-ətər çıxmayıb. Yaralı vəziyyətdə olan oğlum kömək istəyib, lakin onlara heç bir kömək getməyib”.

Untitled design (23).png
Sədaqət Nağıyeva


"Onları təlimsiz, hazırlıqsız döyüşə göndəriblər”

Pərviz Nağıyevin altı və dörd yaşında iki oğlu var. Həyat yoldaşı Xəyalə Nağıyeva isə onun sağ olduğuna inanır: "Mənə elə gəlir ki, Pərviz sağdır. Ola bilsin ki, əsir düşüb. Yəni onun heç nəyi tapımayıb. İki həftə idi işə düzəlmişdi. Onları təlimsiz, hazırlıqsız döyüşə göndəriblər”.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin (BQXK) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova Meydan TV-yə bildirib ki, qurum itkin düşmüş şəxslərin axtarışı ilə bağlı faəliyyətdə hakimiyyət qurumları ilə birbaşa əlaqədədir: “Ötən ilin noyabrından etibarən mütəmadi olaraq, döyüşlər aparılan ərazilərdə axtarış əməliyyatlarında iştirak edirik. Hazırda axtarış prosesi davam edir. Həmin ərazilərdə itkin düşən şəxslərin taleyinin aydınılaşdırılması atılan ən vacib fəaliyyətlərdəndir”.

Müdafiə Nazirliyinin mətbuat xidməti zənglərə cavab verməyib.

Qurumun martın 27-nə olan məlumatına görə, İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçuların siyahısında 28 nəfər var.

Untitled design (25)_censored.jpg
Xəyalə Nağıyeva: “Mənə elə gəlir ki, Pərviz sağdır
Ana səhifəSiyasətTovuz sakini: Oğlum yaralanıb, kömək istəyib, gedən olmayıb