Tövlədə yaşayan qadın: Uşaq makaron üçün ağladı, alıb bişirə bilmədim

“Atası alimentə görə qızından imtina edib”

Source: Meydan TV

“2 körpə uşağımla kənddəki bir ailənin tövləsində kirayə qalıram. Həyat yoldaşım atıb, baxmır. Qızını, ümumiyyətlə, qəbul etmir, deyir, mənim deyil. Özünü qoyub dəliliyə, oğluna da aliment vermir. Qalmışam 2 uşaqla tək-tənha”.

Bərdənin Şirvanlı kəndinin sakini Mehriban Qurbanova belə deyir. 30 yaşlı Mehriban 6 il öncə həyat yoldaşından ayrılıb. İki övladı var, onları tək böyütməli olub. Deyir, nə həyat yoldaşı aliment verir, nə də dövlət tənha ana kimi kömək edir, nə də ünvanlı sosial yardım ala bilir. Hara müraciət edir, müsbət cavab ala bilmir. Mehriban Qurbanova başına gələnləri Meydan TV ilə bölüşüb. Deyir, 2010-cu ildə ailə həyatı qurub. İkinci uşağa hamilə olanda həyat yoldaşından ayrılıb:

“Hamiləliyi çox pis keçirirdim. Müalicə olunmaq üçün Bərdənin Mərkəzi Xəstəxanasına getdim. Orada 8 gün yatmalı oldum. Qayıdanda gördüm ki, evə başqasını gətirib, hətta Göyçayda özünə toy da edib. Məni içəri buraxmadı. Oğlumu da qoltuğuma verib, yola saldı”.

“Borc-xərclə, kreditlə atamın mənə aldığı evdən qovuldum”

M.Qurbanova deyir ki, qovulduğu evi atası ona cehiz əvəzinə alıbmış. Quzanlıda köçkünlər üçün tikilən evlərdən idi. Satırdılar, atam aldı. Sadəcə mən yerli olduğum üçün adıma rəsmiləşdirə bilmədi. Həyat yoldaşım köçkün idi, onun adına keçirdilər. Çünki həmin evlər ancaq köçkünlərin adına ola bilər. Yerli insanlara satıla bilməz. Beləcə, borc- xərclə, kreditlə atamın mənə aldığı evdən qovuldum. İndi orada keçmiş həyat yoldaşım yeni xanımı ilə yaşayır”.

Evin vəziyyəti
Evin vəziyyəti

“Qalmışam camaatın tövləsində”

Mehriban Qurbanova deyir ki, atası bu hadisədən sarsılıb. Xəstəlik tapıb, bu yaxınlarda vəfat edib. Anası isə ürək xəstəsidir:

“Deməyim odur ki, heç yerdən köməyim yoxdur. Qalmışam camaatın tövləsində. Bu yaxınlarda dedilər ki, heyvan saxlamaq istəyirik, özünə başqa yer tap”.

“İstəyirəm balalarıma təhsil verim, sağlam böyüdüm”

M.Qurbanova qaldığı yerdən çıxsa, həmin qiymətə başqa yer tapa bilməyəcəyini deyir. O, uşaqları ilə birgə küçələrdə qalmaqdan qorxur:

“Mənim isə arzularım var. İstəyirəm balalarıma təhsil verim, sağlam böyüdüm, cəmiyyətə xeyirli övlad olsun. Baxın, ayağımı qoyuram, yerdən buz çıxır. Burada böyüyən uşağın gələcəyi nə olacaq? Hələ bir evsiz qalmaq təhlükəmiz də var. Nə edəcəm, bilmirəm. Keçən gecə uşaq durub çığırır ki, ana evə siçovul girib. Durub birtəhər çıxarmışam. Hər yer deşik-deşikdir”.

Evin vəziyyəti
Mənzilin şəraiti

“Uşaqları qoyub işə gedə bilmirəm”

Ana oğlunun 2-ci sinifdə oxuduğunu, ancaq imkansızlıqdan məktəbə göndərə bilmədiyini söyləyir. Deyir, az qala hər gün müəllim çağırır, şikayət edir ki, uşaq niyə dərsə gəlmir:

“Deyirəm, vallah imkan yoxdur, dəftər, qələm ala bilmirəm. 25 qəpiklik dəftər nədir ki, mən onu ala bilməyim. Nə qədər müəllim, qonşu etməlidir? Qonşu gətirir bir qazan yemək verir. Nə qədər davam edəcək bu? O gün uşaq makaron nədir ki, onun üstündə ağladı, mən alıb bişirə bilmədim. Əvvəl körpə idi, qoyub gedə bilirdim. İndi kiçiyin 4 yaşı var. Odla, işıqla oynayır, qoyub gedə, işləyə bilmirəm”.

“2 kilometr yolu əlimdə yaba kök qazmağa gedirəm”

Mehriban Qurbanova vəziyyətlərinin günü-gündən ağırlaşdığını deyir. Bildirir ki, heç yerdən gəlirləri yoxdur. İşə də gedə bilmir deyə, dolanışıqları acınacaqlıdır:

“Vallah acından ölürük, pis vəziyyətdəyik. Nolar, mənə kömək etsinlər. Qoyub gedirəm sahəyə. İnanın, 2 kilometr yolu əlimdə yaba kök qazmağa gedirəm. Çatıram ora, bir təcili tibbi yardım maşını, yanğınsöndürən səsi gələn kimi dəli oluram. Deyirəm, Allah mənə ölüm ver, görən mənim uşaqlarıma nəsə oldu? Küçədən gələndə qapının ağzında maşın görəndə ürəyim ağzıma gəlir, deyirəm, yəqin mənim balalarım ölüb. Belə yaşamaq olar?”

Evin vəziyyəti
Evin vəziyyəti

“Qızım necə böyüyüb, bilmirəm”

Mehriban Qurbanova deyir ki, qızının uşaqlığını çətinliklə xatırlayır. Onu 6 aylığından evdə qoyub, işləməyə getdiyi üçün necə böyüdüyünü bilmir:

“Bir ana öz balasının uşaqlığını xatırlaya bilmir. Allah şahiddir, 6 aylığından atıb, sahələrə çıxmışam. Bilmirəm ki, mənim balam necə böyüdü. İndi mən nə bilim onun gələcəyi necə olacaq? Belə bala saxlayarlar? Ata hələ qızının üzünü görməyib. Alimentə görə ondan imtina edib. Deyir, məndən deyil. Onun nə günahı var ki, bunları yaşamaq məcburiyyətindədir”.

“Bir torba, içi boş-boş cümlələrlə dolu məktublar almışam”

Qaldıqları yerin şəraitinə gəlincə, M. Qurbanova deyir ki, çörək yedikləri masanın üstünə toz-torpaq tökülür. Evdən siçovul, kərtənkələ, ilan çıxır:

“Bundan artıq nə deyim daha. Hər yerə müraciət etmişəm; Alimenti ala bilmədiyimə görə Ombudsman Aparatına, Ədliyyə Nazirliyinə, məhkəməyə, yaşayışıma görə Bərdə Rayon İcra Hakimiyyətinə, Sosial Fonda və s. Bir torba da məktub almışam. Hamısının içi boş-boş cümlələrlə doludur. Bizə kömək edən yoxdur”.

Sənədlər
Şikayətçi sənədləri göstərir

“Mənə ölüm də haramdır”

M.Qurbanova həm də onkoloji xəstəlikdən əziyyət çəkir. Deyir, buna görə nə müalicə götürə, nə də həkimə gedə bilir:

“Gedib yoxlana, müalicə ala bilmirəm. Sabah mən ölsəm, bu uşaqların halı necə olacaq bilmirəm. Əslində mənə ölüm də haramdır. Bir yerdən bir qəpik gəlirim yoxdur, işləyə də bilmirəm. Arada onları yatızdırıb gedirəm kiminsə 100 dəstə göyünü bağlayıb 2 manat alıb, gəlirəm evə. Ona da kartofdan, göydən alıb bişirirəm, yeyirlər. Baxın, mənim günüm budur”.

“İki körpə bala ilə qalmışam ortalıqda” Ana və iki övladı qışı tövlədə, betonun üstündə keçirdiklərini deyirlər. Mehriban Qurbanova şəraitin ağırlığından danışır: “İnanın qışı, qarı bu betonun üstündə keçirmişik. Dona- dona, rütubətdə. Görün nə vəziyyətdir. Tövlədir, heyvanı bağlamaq üçün yerə basdırılan dəmirlər hələ də qalır. Keçən dəfə uşaq ilişib yıxılıb. Üzü girmişdi həmin dəmirə. İmkanım yoxdur ki, onları kəsdirəm. İki körpə bala ilə qalmışam ortalıqda”. Bərdə Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən deyiblər ki, Mehriban Qurbanovaya kömək edə bilməyəcəklər: “Ünvanlı sosial yardım üçün Sosial Fonda müraciət etməlidir. Alimenti ala bilmirsə, məhkəməyə üz tutmalıdır. Qaldı, onun xəstəliyinə, dövlət xəstəxanalarında müayinə pulsuzdur. Bu problemlərin hamısının həlli mümkündür. Daha sizə niyə müraciət edib? Mətbuat onun üçün nə edə bilər? Həmin xanıma deyin, düzgün ünvanlara müraciət etsin”.

Dövlət Sosial Müdafiə Fondunun Bərdə Şöbəsindən isə bildirilib ki, ailə müvafiq sənədlərlə birgə onlara elektron qaydada müraciət etməlidir. Bundan sonra onların sənədlərinə baxılır və sosial yardım alıb-almamaları müəyyənləşdirilir:

“Ancaq müraciət etmədən şifahi nəsə deyə bilmərik. Buna xüsusi komissiya baxır. Hansı sənədlərin lazım olduğunu bilmirlərsə, yaxınlaşıb öyrənə bilərlər”.

Ana səhifəBölgəTövlədə yaşayan qadın: Uşaq makaron üçün ağladı, alıb bişirə bilmədim