Fransa Senatı

Mənbə: google.az

Başlıq: Fransa Senatı

Toğrul İsmayıl: Rəsmi Bakı Fransadakı səfiri təcili geri çağırmalı idi

İsa Qəmbər: "Fransa hökuməti Senatın qətnaməsini tanıya bilməz"

Fransa Senatının Dağlıq Qarabağın müstəqilliyini tanımağın zəruriliyi ilə bağlı qətnaməsi Azərbaycanda etirazla qarşılanıb.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros isə bildirib ki, sənəd hökumətin mövqeyi deyil və narahatlığa əsas yoxdur. Amma Fransanın Ermənistandakı səfiri Jonatan Lakot əsk mövqe sərgiləyib: “Bu, Avropanın ortaq dəyərlərinin göstərcisidir”, - deyə bildirib.

Bu baxımdan "Fransa hökuməti qətnaməni təsdiqləyərsə, Paris-Bakı münasibətlərində hansı problemlər yarana bilər?" sualı aktuallıq kəsb edir.

“Qətnamə Ermənistanda revanşizmin aradan qaldırılmasına yox, daha da güclənməsinə xidmət edir”

Meydan TV-nin sorğusunu cavablayan Beynəlxaq Böhran Qrupunun eksperti Zaur Şiriyev Fransa Senatının qətnaməsinin qondarma Dağlıq Qarabağ Respublikasının tanınması mənasını kəsb etmədiyini bildirib.

Ancaq Zaur Şiriyev hesab edir ki, hökumət qətnaməyə müsbət reaksiya verərsə, Paris-Bakı münasibətlərinə zərər vuracaq: “Dünənki qətnamə Fransanın Minsk Qrupu formatında danışıqlarda iştirakında hansı mövqe sərglədiyi barədə Bakı üçün fakt oldu. Əvvəllər də oxşar münasibətlər olurdu, amma məlum qətnamə bunun Azərbaycan üçün bariz göstəricisi oldu. Əgər hökumət Senatın qətnaməsini dəstəkləyərsə, Azərbaycan tərəfindən Fransanın münaqişənin həlliylə bağlı danışıqlarda iştirakını mümkünsüz edir. İkinci, Fransa hökumət qətnaməni tanıyarsa, bu, Ermənistanın əlində bir vasitəyə çevrilər ki, bölgənin statusunu əvvəllər istədikləri kimi beynəlxalq səviyyədə tanınmasına çalışsınlar”.

Zaur Şiriyev 26 noyabr qətnaməsinin beynəlxalq hüququn prinsiplərinə tamamilə zidd olduğunu əsas gətirərək Fransa hökumətinin onu tanıyacağını düşünmür: “Əslində, qətnamə anti-Türkiyə xarakteri daşıyır, nəinki anti-Azərbaycan. Mətni oxuduqca görünür ki, Fransa Dağlıq Qarabağ probleminə Türkiyənin gözüylə baxır, nəinki regionun reallıqları və beynəlxaq hüquq çərçivəsində”.

Zaur Şiriyev

Zaur Şiriyev

Mənbə: google.az

Fransanın Azərbaycan və Ermənistandakı səfirlərinin fərqli mövqeyinə gəlincə, ekspert bildirib ki, diplomatlar öz maraqlarını qorumaq üçün o cür münasibət yayıblar:

“Bilirsiniz, Fransa hökumətinin qətnamənin Senata çıxa biləcəyinin qarşısını alacaq hüquqi proseduru var, amma bundan istifadə etmədilər. Yəni Fransa Baş naziri hüququ baxımdan sənədin Senata çıxmasının qarşısını ala bilərdi. Bəlkə, hökumət öz seçicilərinin könlünü almaq istəyir ki, onlar əllərindən gələni etdi. Amma məsələ ondadır ki, qətnamə Ermənistanda revanşizmin aradan qaldırılmasına yox, daha da güclənməsinə xidmət edir, növbəti müharibənin yaranmasının əsasını qoyur, nəinki tərəflərin yaxın 5 ildə açıq qalan sualların müzakirəsini, bölgədə sülhün inkişafını. Nəzərə alın ki, noyabrın 30-da Belçikada oxşar qətnamə müzakirəyə çıxarılacaq”.

“Paris bu gerçəklikləri nəzərə almaq zorundadır”

Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər hesab edir ki, Fransa hökuməti Senatın qətnaməsini tanıya bilməz: “Hökumət özü də etiraf edir ki, qətnamənin birtərəfli qaydada tanınması hamıya ziyanlı ola bilər”.

İsa Qəmbər Azərbaycan rəsmi dairələrinin Senatın qətnaməsinə kifayət qədər təmkinli və ölçülü reaksiya verdiklərini düşünür:

“Amma Senatın addımı heç bir hüquqi nəticə doğurmasa da, çox təhlükəli tendensiyadan xəbər verir. “Erməni soyqırımı”nın tanınması prosesi başlayanda da belə kiçik addımlar atıldı və ardınca bütün dünyanı bürüdü, indi artıq o dalğanın qarşısını almaq çox çətin başa gəlir. Ona görə də Azərbaycan dövlət və xalq olaraq həddən artıq həssas olmalıdır. Bu məsələ Azərbaycan ziyalılarının və ictimai dairələrinin daim diqqətində olmalıdır. Bu baxımdan hökumət ciddi xəbərdarlıqlar etməlidir, cəmiyyət olaraq təşəbbüslər irəli sürülməlidir. Daha aydın şəkildə bunun yolverilməzliyi və belə addımlar yenə olarsa, Azərbaycan-Fransa münasibətlərinin kökündən sarsıdacağı bəyan edilməlidir”.

İsa Qəmbər

İsa Qəmbər

Mənbə: arxiv

MSDM sədri Senatın qətnaməsinin Minsk Qrupunun mövcudluğunu şübhə altına aldığı qənaətindədir: “Qətnamə həm də Fransanın həmsədr statusunu ciddi bir şəkildə sıradan çıxardır. Paris bu gerçəklikləri nəzərə almaq zorundadır”.

“Bu, ümumilikdə Fransa dövləti üçün olduqca ciddi böhran yarada bilər”

Hüquqşünas Fuad Ağayev qətnəmənin tövsiyə xarakteri daşıdığını deyərək sənədin məcburi olmadığını vurğulayıb.

Fuad Ağayev düşünmür ki, Fransa hökumət qətnaməni tanıyaraq, kobud səhvə yol versin:

“Əgər hökumət belə kobud səhvə yol versə, bu, beynəlxalq hüquqa meydan oxumaq olardı. Heç bir dövlətçilik əlaməti olmayan bir qurumu tanımaqla Fransa özünü dünyada rüsvay edəcək. “Dağlıq Qarabağ Respublikası” adlanan qurumun oyuncaq olması həmin əraziyə Ermənistan silahlı qüvvələrinin nəzarət edəndə aydın idi. İkinci, bölgənin hələ SSRİ qurulmazdan əvvəl və o vaxt da Azərbaycanın ərazisi olması hamılıqla tanınmış siyasi-hüquqi vəziyyətdir. Ona görə Fransa hökuməti qətnaməyə müsbət reaksiya versə, bu, ümumilikdə Fransa dövləti üçün olduqca ciddi böhrana gətirər. Hətta Fransa öz müttəfiqləri tərəfindən ciddi şəkildə qınanacaq və BMT-nin Təhlükəsizlik Şurasında daimi üzvlüyü şübhə altəna alınacaq. Bu da BMT-nin hazırkı strukturuna yenidən baxılması barədə müzakirələri intensivləşdirəcək”.

Fuad Ağayev

Fuad Ağayev

Mənbə: google.az

Fuad Ağayevin sözlərinə görə, Paris Senatın qərarın dəstəkləsə, Bakının qarşı tərəfə nota verəcəyi və səfirin geri çağrılması gözləniləndir: “Ən ciddi hadisə diplomatik münasibətlərə xitam verilməsi olacaq”.

“Azərbaycan diplomatiyası gecikir”

Professor Toğrul İsmayıl deyir ki, Senatın qətnaməsi Azərbaycanın ərazi bütövlüyünə və beynəlxaq hüquqa qarşıdır:

“O cümlədən, qətnamə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə ziddir. Üçüncü, Fransa ATƏT-in Minsk Qrupunun üzvü və həmsədr ölkə olduğu üçün bu davranışı yolverilməzdir”.

Toğrul İsmayılın sözlərinə görə, Azərbaycan diplomatiyası bu məsələdə gecikir:

“Elə dünən Fransa səfirliyinə və hökumətinə ciddi nota verilməli və paralel olaraq bu ölkənin tərəfsizliyini itirdiyi üçün Minsk Qrupundan kənarlaşdırılması haqda məsələ qaldırmalıydı, ümumiyyətlə, bir sıra şərtlər qoymalıydı. Yəni səfir təcili geri çağrılmalıydı. Təəssüf ki, rəsmi Bakı hələ susur, diplomatiyamız bu baxımdan geri qalır”.

Toğrul İsmayıl

Toğrul İsmayıl

Mənbə: google.az

Toğrul İsmayıl bildirib ki, Azərbaycanda, xüsusilə enerji sektorunda Fransanın müxtəlif şirkətləri fəaliyyət göstərir: “Onların fəaliyyətinə yenidən baxılması və dəyərləndirilməsi məsələləri gündəmə gəlməlidir. Rəsmi Bakı beynəlxalq hüququn verdiyi maksimum hüquqlardan sitifadə etməlidir. Çünki Fransa Senatının qətnaməsi beynəlxalq hüquqa ziddir və hörmətsizlikdir”.

“Qətnamə Azərbaycan hakimiyyətinin Fransaya münasibətdə uzun illər ərzində yeritdiyi siyasətin iflasıdır”

Demokratik Qüvvələrin Milli Şurası Fransa Senatının 25 noyabr qətnaməsinə etiraz ifadə edən bəyanat yayıb.

Milli Şura qətnamənin beynəlxalq hüquqla və beynəlxalq münasibətlərin universal prinsipləri ilə ziddiyyət təşkil etdiyini bildirib:

“Eyni zamanda, 1997-ci ildən başlayaraq Fransa Respublikasının ATƏT-in Minsk Qrupunda 23 illik həmsədrliyini şübhə altına alır. Senatın qətnaməsi Fransa dövlətinin ərazi bütövlüyünü tanıdığı Azərbaycanın suveren hüquqlarına müdaxilə etmək, onu şübhə altına almaq xarakteri daşıyır. Qətnamə münaqişə bölgəsində sülhə və sabitliyə deyil, gərginliyə xidmət edən, ərazi bütövlüyü BMT və ATƏT tərəfindən tanınmış Azərbaycanın beynəlxalq birlik tərəfdən tanınmış ərazi bütövlüyünü pozmaq cəhdidir”.

Milli Şura hesab edir ki, qətnamə tövsiyə xarakteri daşısa da, Azərbaycan əhalisi arasında ciddi və haqlı etiraz doğuran bir addımdır:

“Fransa Senatında belə bir Qətnamə qəbul etməklə Paris Qarabağ münaqişəsinin həlli prosesində Minsk Qrupunun həmsədrlərindən biri kimi öz tərəfsizliyini itirdi, tərəflər arasında vasitəçi olmaq missiyasını etibardan saldı. Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi olmasa da, bu sənəd siyasi məzmun kəsb edir, uzun illər Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi mandatı daşıyan bir ölkənin tərəfsizliyini haqlı olaraq ciddi şübhə altına alır, Azərbaycan xalqının Fransanın tərəfsiz və obyektiv vasitəçi olmaq missiyasına inamını sarsıdır. Şübhəsiz ki, məsələ yalnız bununla məhdudlaşmır, bu ədalətsiz qətnamənin qəbul edilməsi müstəqillik dövründə pozitiv inkişaf yolu keçmiş Fransa-Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələrinə ciddi təhlükə yaradır”.

Milli Şura

Milli Şura

Mənbə: Facebook

Bəyanatda vurğulanır ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi 1993-cü ildə bu qurumun erməni işğal qüvvələrinin işğal etdikləri Azəraycan ərazilərini qeyd-şərtsiz tərk etməsi haqqında 4 qətnaməyə səs verib:

“Məhz BMT TŞ-nın qeyd edilən 4 qətnaməsi əməli xarakter alanda, işğal qüvvələri 30 il ərazində zəbt etdikləri, dağıtdıqları, zor gücünə mənimsədikləri əraziləərdən çıxardılanda Fransa Senatı belə ədalətsiz bir qətnamə qəbul edib, Fransa hökumətini işğal rejimini himayə edən 1994-cü il “sərhədləri” çərçivəsində fəaliyyətə çağırmışdır. Təəssüf hissi ilə deməliyik ki, bu işğalçını şirnikləndirmək siyasətidir, regionda sülhün, təhlükəsizliyin, tərəqqinin bu günü və sabahə üçün ciddi təhlükədir. Şübhəsiz ki, məhdud siyasi təkəbbürlərdən qaynaqlanan bu qətnamə beynəlxalq hüquq təməl prinsipləri, Birləşmiş Millətlərin Niamnaməsi və onun Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrinin ruhu ilə köklü şəkildə ziddiyyət təşkil etməsi ilə yanaşı, Fransanın bundan sonra həm Minsk Qrupunun həmsədr ölkəsi kimi fəaliyyəti, eyni zamanda BMT TŞ-nın daimi üzvü kimi obyektivliyi ilə bağlı ciddi şübhələr doğurur. Qətnamə eyni zamnda beynəlxalq sülhə və təhlükəsizliyə məsul olan bir ölkənin qanunverici orqanının beynəlxalq hüquqa məhəl qoymamasının açıq ifadəsidir”.

Milli Şura bəyan edib ki, tövsiyə xarakterli qətnamə Azərbaycan hakimiyyətinin Fransaya münasibətdə uzun illər ərzində yeritdiyi siyasətin iflasıdır: “Təəssüf hissi ilə qeyd edilməlidir ki, şəhidi, qazisi uçuq daxmalarda yaşayan bir ölkənin hakimiyyətinin Parisdə Versal sarayının parkındakı tarixi abidələrin bərpasına, Luvr muzeyinin və Notre-Dame kilsəsinin təmirinə, ayrı-ayrı kilsələrin və mədəni layihələrin həyata keçirilməsinə böyük vəsaitlər xərcləməsi sünü xarakter daşımış, özünü doğrultmadı”.

Noyabrın 25-də Fransa Senatı Dağlıq Qarabağın müstəqilliyini tanımağın zəruriliyi ilə bağlı qətnamə qəbul edib.

Sənəd senatın müxalif “Respublikaçılar” fraksiyasının lideri Brüno Retayo tərəfindən hazırlanıb. Sənədə mərkəzçilərlə bərabər solçu fraksiyaçılar olan sosialistlər və ekoloqlar dəstək verib.

Azərbaycan rəsmi dairələri sənəd barədə münasibətlərini açıqlayıblar.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Fransa Senatının qəbul etdiyi qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil: “Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur”.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır.

Noyabrın 20-də Ağdam, noyabrın 25-də isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-dək Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/35ncpc

Ən çox baxılan