Tofiq Yaqublu məhkəməyə vintaçanla gəldi: Sizin buna nə qədər aidiyyətiniz varsa…

Vəkillərin daha bir vəsatəti isə T.Yaqubluya aid əmlakın – telefonu və avtomobilinin qaytarılması barədə olub.

Source: Facebook


“Bu gün hakim də, prokuror da, zərərçəkən də, üzəduran da – hamısı İlham Əliyevin özüdür”

17 gün aclıqdan sonra həbsdən ev dustaqlığına buraxılan siyasi fəal Tofiq Yaqublunun apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyilə keçirilən iclasda T.Yaqublunun vəkilləri Aqil Layıc və Nemət Kərimli bildirib ki, Nizami Rayon Məhkəməsindəki iclasların protokolları ilə onların tanış olmasına imkan verilməyib. Vəkillər bununla əlaqədar vəsatət qaldırıb.

Müdafiəçilər vurğulayıb ki, birinci instansiya məhkəməsində bir sıra prosessual pozuntulara yol verilib. T.Yaqublunun ifadə verməsinə, vəkillərin müdafiə çıxışına şərait yaradılmayıb.

Vəkillərin daha bir vəsatəti isə T.Yaqubluya aid əmlakın – telefonu və avtomobilinin qaytarılması barədə olub. Müdafiəçilərin sözlərinə görə, telefon ümumiyyətlə, sübut kimi tanınmayıb. Avtomobilin də indiyədək polis idarəsində saxlanması mülkiyyət hüququnun pozuntusudur.

T.Yaqublunun və müdafiəçilərinin məhkəmə-iclas protokolları ilə tanış olması üçün işin Nizami Rayon Məhkəməsinə göndərilməsinə qərar verilib. Lakin telefon və avtomobilin T.Yaqubluya qaytarılması barədə vəsatət təmin olunmayıb.

T.Yaqublu məhkəməyə özü ilə birlikdə vintaçan (otvyorka) da aparıb. O bildirib ki, bu, simvolik xarakter daşıyır. Çünki onu törətmədiyi əməldə – vintaçanla xəsarət yetirməkdə ittiham edərək, haqqında 4 il 3 ay azadlıqdan məhrumetmə hökmü çıxarıblar. Amma onda nə vintaçan olub, nə də kiməsə xəsarət yetirib.

“Mən bunu simvolik olaraq götürmüşəm. Mənə qarşı absurd, gülünc ittihama görə. Bu “otvyorka” Azərbaycan cəmiyyətində Ramiz Mehdiyevin adıyla assosiasiya olunur. Ayıb olsun ki, məni həbs eləmək üçün uydurma hadisə düzüb-qoşublar. Sizin bu vintaçana nə qədər aidiyyətiniz varsa, mənim də bir o qədər aidiyyətim var”, – deyə T.Yaqublu bildirib.

Hakim T.Yaqubluya məhkəmədə hüquq və vəzifələrini izah edəndə o, belə cavab verib: “Bunları izah etməyə ehtiyac yoxdur. Çünki bu ölkədə məhkəmə, hüquq adına heç nə yoxdur. Əgər hüquqlar təmin olunmursa, onu formal oxuyub elan etməyin heç bir faydası yoxdur. Mənim hüquqlarım pozulursa, saxta ittihamla həbs olunuramsa, bu hüquqları dildə izah etməyin mənası nədir? Mən çox məhkəmə görmüşəm. Siz də siyasi sifariş yerinə yetirirsiz, nə deyəcəklər, onu da eləyəcəksiz. Əgər qaydalara, qanunlara əməl etməkdən söhbət gedirsə, mən onsuz da əməl eləyirəm. Mən Azərbaycanda qanunun aliliyinin təmin olunması uğrunda mübarizə aparıram. Bu da Əliyevlər hakimiyyəti dəyişəndən sonra mümkündür ki, Azərbaycan hüquqi, qanunun aliliyinin təmin edildiyi ölkə olsun. Bu gün isə hakim də, prokuror da, zərərçəkən də, üzəduran da – hamısı İlham Əliyevin özüdür. Bütün qərarları o verir”.

İş Nizami Rayon Məhkəməsinə göndərildiyinə görə apelyasiya məhkəməsində proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Martın 22-də həbs olunan T.Yaqublu Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, sentyabrın 2-də məhkəmədə son sözünü deyərkən aclığa başladığını elan edib və bundan sonra 17 gün aclıq aksiyası keçirib. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Ana səhifəSiyasətTofiq Yaqublu məhkəməyə vintaçanla gəldi: Sizin buna nə qədər aidiyyətiniz varsa…