Tofiq Yaqublu: “Bu hökmü mənə İlham Əliyev verib”

Tofig Yaguplu, Illustration: Meydan TV

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı 9 il həbs cəzasına etiraz olaraq aclığa başlayır

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində çıxardığı 9 il həbs cəzasına etiraz olaraq aclığa başlayır.

Qızı Nigar Həzi siyasətçinin bununla bağlı bəyanatını “Facebook” səhifəsində paylaşıb.

“Mənə qarşı açıq-aşkar cinayət törədilib. Saxta ittihamla əsassız və qanunsuz olaraq 1 il 3 aydır ki, həbsdə saxlanıram. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuruyev mənim barəmdə Prezident Adminstrasiyasından gələn hökmü elan etdi. Bu hökmü mənə İlham Əliyev verib. Məni dələduzluqda ittiham etmək tərbiyəsizlik, ləyaqətsizlik və şərəfsizlikdir”, – Yaqublu deyib.

Bildirir ki, aclıq aksiyasına aprelin 1-dən başlayacaq. Məhkəmə qərarını saxta hesab edən siyasətçi azadlığa buraxılmayana qədər aclığı davam etdirəcəyini bildirir:

“Tələbim yerinə yetirilməyənədək aclıq aksiyasını dayandırmayacağam. Həbsxanadan ancaq mənim ölüm çıxacaq. Çünki bu aclıq aksiyasında sona qədər davam edəcəyəm. Nə vaxt ölərəm, onda da bu aclıq aksiyası bitər. Necə ki, Maqnitski aktı var, eləcə də qoy Yaqublu aktı olsun. Bəlkə mənim ölümüm bu ölkəyə azadlıq gətirər. Həbsxanadan 75 yaşında çıxmaqdansa, ölümü seçirəm”.

“Tofiq Yaqublunun həbsi topluma meydan oxumaqdır”…

Bu arada üzvü olduğu Demokratik Qüvvələrin Milli Şurası Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanat yayıb.

“Prezident Administrasiyasının, şəxsən İlham Əliyevin sifarişi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsində səhnələşdirilən növbəti bir siyasi-hüquqi fars öz gözlənilən sonluğuna çatdı. Ölkənin ən prinsipial və dürüst müxalifətçilərindən biri, dəfələrlə vicdan məhbusu olmuş Tofiq Yaqublu yenidən şərlənərək 9 il müddətinə həbs edildi. Aylarla sürən məhkəmə istintaqı zamanı Tofiq Yaqublu və vəkilləri ona qarşı irəli sürülmüş ittihamı darmadağın etdilər. Proses müddətində nəinki Tofiq bəyin heç bir cinayət törətmədiyi, əksinə hüquq-mühafizə orqanları əməkdaşlarının öncədən mütəşəkkil dəstə yaradaraq ona qarşı cinayət törətdiyi sübuta yetirildi”, – bəyanatda deyilir.

Bildirilir ki, siyasətçinin həbsi “Azərbaycan hakimiyyətinin Yaqublunun prinsipial, vicdanlı mübarizəsinə qarşı qisasçılıq və şəxsi düşmənçiliyindən irəli gəlir”.

“Tofiq Yaqublunun həbsi ölkədə siyasi müstəvinin tamamən sıradan çıxarılması, söz azadlığının məhv edilməsi, sərbəst toplaşma azadlığının qadağan edilməsi, azad sözə və siyasi fəaliyyətə qarşı qəddar və sistematik basqılar fonunda gerçəkləşir. Hazırda Azərbaycan 350-dən çox siyasi məhbusu ilə bütün Avropa məkanının Belarusdan sonra ikinci repressiya çempoinudur. 38 nəfər jurnalist, onlarla siyasi fəal həbsdədir. “AbzasMedia”, “Toplum TV”, “Meydan TV” kimi müstəqil media qurumlarının kollektivi kütləvi şəkildə həbsə atılıb. Ölkədə çalışan beynəlxalq media, hətta tərəfsiz BMT qurumlarının fəaliyyətinə son verilir, son günlər AXCP fəallarına qarşı yeni repressiya dalğası vüsət alıb”.

Bəyanatda qeyd olunur ki, “Tofiq Yaqublu kimi xalq tərəfindən sevilən vicdanlı, əqidəli, cəsur və şəffaf bir siyasi liderin ən formal əsas belə olmadan saxta, uydurulmuş, əsassız bəhanələrlə siyasi motivli həbsi, əslində, elə topluma meydan oxumaqdır”.

“Azərbaycan xalqı onunla belə saymazyana davranan, onun haqları üçün savaşan qəhrəman, cəsur, fədakar insanları mənəvi və fiziki işgəncələrə məruz qoyan, onların azadlığına və həyatına qəsd edən rejimə “dur” demək üçün özündə güc və iradə tapmalıdır. Milli Şura olaraq Tofiq Yabublunun qanunsuz, əsassız, siyasi sifarişli həbsini qətiyyətlə pisləyir, beynəlxalq təşkilatlardan Azərbaycanda həyata keçirilən ağır repressiyalara, insan hüquqları və demokratiyanın son işartılarının da söndürülməsinə biganə qalmamağı, bu yöndə təsirli əməli addımlar atmağı tələb edirik”, – Milli Şuranın bəyanatında bildirilib.

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Elşən Hüseynov adlı şəxsin Almaniyaya gedib, orada vətəndaşlıq alması üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verilib.

Tofiq Yaqublu isə bu ittihamın saxta olduğunu heç kimdən bir manat da pul almadığını bildirir.

Siyasətçi Elşən Hüseynov və ya Elnur Məmmədovla bu haqda belə bir söhbətinin olmadığını deyir.

Onların təxribat məqsədilə bu işə cəlb edildiyini bildirir.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsin Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib.

Ana səhifəSiyasətTofiq Yaqublu: “Bu hökmü mənə İlham Əliyev verib”