Tibb Universitetinin klinikalarında 57 nəfər COVİD 19-a yoluxub

“Mən də daxil olmaqla 21 personal COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmişik”.

Source: Specify Source


Virusa yoluxanlardan 21 nəfəri reanimasiya işçiləridir

Azərbaycan Tibb Universitetinin pandemiyaya qarşı mübarizə aparan iki klinikasında ümumilikdə 57 nəfər tibb işçisinin koronavirusa yoluxduğu bildirilir.

Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova faktı Meydan TV-yə təsdiqləyib:

“Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Tədris-Cərrahiyyə klinikaları ilk gündən pandemiya ilə mübarizə aparan xüsusi klinikalar sırasındadır. Tədris-Cərrahiyyə Klinikasında 33 nəfər tibb işçisi COVİD 19-a yoluxub, onların 6-sı sağalaraq evə buraxılıb, 27-nin isə müalicəsi hazırda davam etdirilir. Bunlardan 8-i həkim, həkim-rezident, 13 nəfəri isə tibb heyətidir. 21 nəfər ümumilikdə xəstəxananın reanimasiya şöbəsinin əməkdaşlarıdır. Vəziyyətə gəldikdə, işçilərin 15-nin vəziyyəti orta ağır, 6-nın vəziyyəti yüngül, 6-sı isə ağırdır”.

Günel Aslanova bildirib ki, Tədris-Terapevtik Klinikasında da 24 nəfər COVİD 19-a yoluxub:

“Onların arasında həkimlər, həkim rezidentlər, orta tibb personalı daxildir. Onlardan sağalıb evə buraxılan, hətta artıq sağalıb iş başında olanlar da var”.

Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində çalışan həkim Etibar Abbasov da sosial şəbəkədəki statusunda COVİD-19 testinin nəticəsinin pozitiv çıxdığını yazıb:

“Mən də daxil olmaqla 21 personal COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmişik”.

Yoluxanlar arasında olan digər həkim Aişə Yolçuzadə də test cavablarının pozitiv çıxdığını və müalicə olunduğunu yazıb:

“Keçmiş olsun yazan hər kəsə təşəkkür edirəm. Biz bu yola yoluxacağımızı bilib, çıxmışdıq. Gözlənilən oldu. Bütün reanimasiya kollektivinə şəfa diləyirəm. Biz ATU-TCK tarixinə qızıl hərflərlə adımızı yazmış insanlarıq, virus bizə heç nə edə bilməz".

Hələ mart ayından koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan həkimlər insanlara çağırışlar edirlər. Onları vəziyyəti anlamağa, karantin qaydalarına əməl etməyə çağırırlar.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu belə bir durumda həkimlərin çiyinlərindəki yükün ağır olduğunu deyir. Bildirir ki, Azərbaycanda səhiyyə işçilərinin maaşı heç vaxt yüksək olmayıb:

“2020-ci ilin 1 yanvar tarixinə ölkədə səhiyyə işçilərinin orta aylıq əmək haqqı 352 manat 40 qəpik, dövlət səhiyyə müəssisələrində çalışanların maaşları isə 435 manat 40 qəpik olub. Onlara pandemiya dövründə əlavə ödənişlər vəd edildi. Ancaq həmin nəzərdə tutulan müddətli əlavələr də tam ödənilmir”.

Ana səhifəSosialTibb Universitetinin klinikalarında 57 nəfər COVİD 19-a yoluxub