Avropada heç kimi qırmızı xalı və orkestrlə gözləmirlər…

Vafa Jafarova. Photo: Turan News Agency
Vafa Jafarova. Photo: Turan News Agency


Vəfa Cəfərova: “Müştərilərim ən çox paxlava və badamburamızı xoşlayırlar”


Aktiv vətəndaş həyatı yaşayan gənclər Vəfa Cəfərovanı zirək, fəal ictimaiyyətçi kimi tanıyırdılar. Altı ilə yaxındır ki, ailəsi ilə birlikdə Niderlanda köçən Vəfa fəaliyyət növünü də dəyişdi. Kulinariya bloqu yaradan və qida biznesinə başlayan qəhrəmanım bu işdə də qısa müddətdə uğur qazana bildi. Vəfa müxtəlif yemək, şirniyyat sifarişləri qəbul edir, evdə hazırlayır və olduqca orijinal reseptlərini paralel olaraq, bloqunda paylaşır.


Bunu da nəzərə alaq ki, qida biznesi ən geniş yayılmış biznes növü olmaqla yanaşı, ən mürəkkəb və ən diqqət tələb edən, həssas iş növüdür. Avropa kimi insanların hər şeyə həssas yanaşdıqları bir yerdə, azərbaycanlı kulinar bunu necə bacarır?

Vəfa Cəfərova suallarımıza cavab verməyə razı oldu.


– Vəfa, əvvəlcə bundan başlayaq ki, bizimkilərdə mühacirətdə olanların iş həyatı ilə bağlı stereotiplər var: “Burda uğur qazanan adamlar gedib, Avropada küçə süpürürlər…” ya da buna oxşar bir şey. Bu, nə dərəcədə həqiqətə uyğundur? Sən və ya həyat yoldaşının, dostlarının kvalifikasiyanıza uyğun iş tapmaq probleminiz olubmu?

– Başqalarını deyə bilmərəm, çünki burda azərbaycanlılarla çox ünsiyyətdə olmuram. Amma hər şeyi sıfırdan başlamaq lazım olduğu doğrudur. Birinci vaxtlar çətin olur. Çünki heç kim burda səni tanımır, sən də özünü böyük boşluqda hiss edirsən. Amma bu, həm də bacarıqlarını və nəyə qadir olduğunu yoxlamaq üçün bir fürsətdir. Öz mühitindən uzaqda bir şeyə nail olmağın verdiyi özgüvən heç nə ilə müqayisə oluna bilməz. Mən bura təzə gələndə papağımı qarşıma qoydum və ciddi-ciddi düşündüm ki, hansı yolu seçim. Heç kim burda səni “aeroport”da qırmızı xalı və orkestrlə gözləmir. Amma burda insanlara ciddi imkanlar ve seçimlər verilir. Təhsilimi davam etdirmək üçün şanslar var idi. Bir fond hüquq müdafiəçisi kimi təhsil haqqımı ödəməyə hazır idi. Sözsüz ki, bizim cəmiyyət üçün çox lazımlı peşədir. Amma indiki vəziyyətimdə iki uşaqla yenidən tələbə olmaq mənə real görünmədi. Mən bir işi görəndə ya çalışıram yaxşı görüm, ya heç görməyim. Sonda indi məşğul olduğum işi seçdim. Həm evdə işləyirəm, sevdiyim işi görürəm, həm də uşaqlarıma onların ehtiyacı olduğu diqqəti və qayğını göstərirəm.


– Bildiyim qədərilə, kulinar biznesin var bir müddətdir. Bunu da bilirəm ki, işin çox xoşuna gəlir. Bunu sənin kiçik biznesin adlandırmaq olarmı?

– İlk kövrək addımlarımı atıram. Biznes demək olarmı, bilmirəm. Amma artıq daimi müştərilərim var. Şəbəkə get-gedə böyüyür.


– Bu işdə riayət olunmalı hansısa prosedur varmı? Məsələn, qida satmaq üçün, əvvəlcə hansısa kulinariya kurslarından sertifikat, lisenziya almaq, hardasa qeydiyyatdan keçmək, vergi ödəmək və sair.

– Hər sahədə olduğu kimi, burada da hər şeyin bir qaydası var. Gigiyena kursları şərtdir. Bundan əlavə ərzaqları hansı temperaturda saxlamaq lazımdı, necə paketləmək lazımdı, bunu sahibkardan tutmuş qabyuyana qədər hamı bilməlidi. O ki qaldı işin administrativ tərəfinə, o işlərə bizdə Azər (Vəfanın həyat yoldaşı – G.M.) baxır. Hal-hazırda balaca və orta biznesin idarəsi üzrə magistratura oxuyur. Yəni balaca işim çox əmin əllərdədi. Mən işin yaradıcı tərəfindən məsulam.


– İşindən gələn gəlirlə ailənizin dolanması mümkündürmü?

– Təzə başladığımıza görə, hələ ki, qarşımıza daha çox məhsulumuzu və adımızı tanıtmağı hədəf qoymuşuq. Birinci milyonu qazananda sizə rəsmi məktub göndərərik.


– Yaxınlarda bu biznesi böyütmək, daha aktiv bir müstəviyə çıxarmaq planınız varmı?

– Hədəf budu. Düzünü desəm, çox maraqlı mənzərə yaranıb. Bilirsən ki, mən “dolma və “sarı gəlin” savaşını dəstəkləmirəm. Əslində, bizim yaşadığımız zamanda mətbəxlə fəxr etməyi gülməli hesab edirəm. Mənim müştərilərimin ən sevdiyi məhsul paxlava və badamburadı. Badambura haqqında daha nələr eşitmədim. Elə mistik mənalar yukləyirlər formasına. Biri dedi “sarumanın hər şeyi görən gözüdü”, başqa biri “üçüncü gözdü” dedi. Beləliklə, maraqlı şərhlər alıram. Və belə fikrə gəldim ki, insanlar yeməklə bərabər hekayəni də sevir. Bir şeyin hekayəsi olanda, həmin şey trendə çevrilir. Yemək bişirməyi, şirniyyat hazırlamağı aşağı-yuxarı hamı bacarır. Amma bişirdiyini trendə çevirmək bacarıq istəyir. Ona gorə də mən bizim mətbəximizi trendə çevirməyə çalışıram. Planlar çoxdur, ümid edirəm gücüm çatacaq reallaşdırmağa.


– Bir dəfə bir həmvətənimizin sizi müştəriyə sifariş apararkən görüb, lağ eləməyindən yazmışdınız. Sizcə dürüst, amma pafossuz biznesə, işə bu üstən-aşağı münasibətin kökündə nə dayanır?

– Düzünü desəm, o hadisə mənə çox pis təsir eləmişdi. Çünki bəzən bizim millətin “kreslo” və qalstuk sevgisini unuduram. Düşünürəm ki, məsələnin kökündə əzilmiş xalqın kompleksləri durur. Bu, çox ciddi sosiolaqların araşdırması lazım olan məsələdir. Amma bu natamamlıq kompleksi bizi xaricdə də bir- birimizdən soyudur. Beş azərbaycanlı bir yerə yığılırsa, altıncı azərbaycanlıdan danışmağa başlayırlar. Burda başqa gəlmələr çoxdur. Türklər, mərakeşlilər, əfqanlar, iranlılar… Bu xalqların nümayəndələrini çox müşahidə eləmişəm. Hamısı qürbətçiliyin nə olduğunu bilir. Bir-birində vətənlərini, itirdikləri şeyləri axtarırlar. Bizimkilər isə ancaq yeni əşyalarının və evlərinin filankəsinkindən daha bahalı olduğunu, avropalı qadının zövqsüz, eybəcər, əlindən bir iş gəlməyən və əxlaqsız olduğunu, uşaqlarının hamıdan dindar olduğu ilə öyünməyi üstün tuturlar. Əlbəttə, istisnalar da var. Amma ümumiləşdirsək, mənzərə çox ürəkağrıdandır.


– Vəfa, sonda bir kövrək sual verim. İctimai işlərlə fəal məşğul olduğunuz vaxtlar üçün darıxırsınız?

– Bir dəfə deyəsən cavab vermişəm bu suala. Yüngülvari “dejavü” oldu. Darıxmaq və təəssüflənmək hisslərini həmişə mənasız hesab etmişəm. Bir az şablon çıxacaq, amma iki uşağı və ciddi məşğuliyyəti olan 32 yaşlı insanın öz vaxtını xatirələrə və darıxmağa xərcləməsi qədər mənasız vaxt itkisi ola bilməz. İctimai həyat yox, amma hərdən bir fincan qəhvə və şirin söhbət edə biləcəyim doğmalarım üçün darıxıram. Burda yerlilər arasında tanışlar, hətta dostlarım da var. Amma onlarla eyni kodları daşımırıq. Ortaq uşaqlığımız, problemlərimiz və sevinclərimiz olmayıb. Bəzən görürsən bir şeyi başa salmaq üçün az qala bir saat danışmalı olursan. Yenə də söhbəti tam anlamırlar. Praqadan Zamiq, Strasburqdan Mehin, Almaniyadan Sevinc, ya da Hoofddorpdan Gülşən bir-iki günlük qonaq gəlir. Onda olur əsl bayram…

Ana səhifəVideoAvropada heç kimi qırmızı xalı və orkestrlə gözləmirlər…