Təzəxan Mirələmli: Məqsəd siyasi təxribat yaratmaqdır

Məhkəmə prosesi qapalı keçirilib

Source: Meydan TV


Məhkəmə prosesi qapalı keçirilib

Xətai Rayon Məhkəməsində hakim Fərid Yaqubov “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin həbs olunması barədə vəsatəti rədd edib. Bu vəsatəti mayın 22-də məhkəmədə sosial mediada hakimiyyəti müdafiə edən bloger Ata Abdullayev verib.

T.Mirələmli barəsində cinayət işi A.Abdullayevin şikayəti əsasında başlanıb. Onu vurmaqda ittiham edilən T.Mirələmliyə qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) ittihamıyla ittiham irəli sürülüb.

T.Mirələmlinin məhkəməsi qapalı keçirilib, prosesi izləməyə gələnlərin heç biri məhkəmə zalına buraxılmayıb.

T.Mirələmli məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o, barəsindəki cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. Bu vəsatət təmin olunmayıb. Bildirilib ki, məhkəmə prosesinin gedişində, araşdırmalardan sonra bu cinayət işinin əsaslı olub-olmadığı müəyyənləşdirilə bilər.

T.Mirələmlinin daha bir vəsatəti müəyyən videogörüntülərin iş materiallarına əlavə edilməsi haqda olub: “Qarşı tərəf (Ata Abdullayev) bu işlə bağlı çıxışlarında başqa adamların adlarını çəkir, Əli Kərimlini, Gültəkin Hacıbəylini təhqir edir, hədələyir. Əli Kərimlinin məhkəməyə gəlməsini tələb edir. Mayın 21-də keçirilən məhkəmədən sonra da eyni məzmunlu çıxış etdi. O adamların bu işə aidiyyəti olmadığı halda, belə çıxışlar sübut edir ki, məqsəd kimlərəsə qarşı siyasi təxribat, şou yaratmaqdır. Ona görə də həmin çıxışların görüntülərini məhkəməyə təqdim etdim. Fevralın 26-da Ata Abdullayevlə aramda baş verənlərin obyektiv araşdırılması üçün nə ona, nə də mənə aidiyyəti olan, tam müstəqil bir media orqanının yaydığı görüntüləri də təqdim edib, araşdırılmasını istədim”.

T.Mirələmli beş nəfərin də əlavə şahid qismində dindirilməsini istəyib. Onların adlarını da vəsatətdə göstərib.

Hakim deyib ki, əsas şahidlər dindiriləndən sonra bu məsələyə baxıla bilər.

A.Abdullayev isə AXCP sədri Əli Kərimlinin adını çəkərək, təhqir xarakterli ifadələr səsləndirib: “Bunlar qrant alırlar, xaricdə havadarları var. Bunu da həbs eləməsəniz, qaçıb gedəcək”.

A.Abdullayevin vəkili də T.Mirələmli haqqında həbs-qətimkan tədbiri seçilməsi üçün onun verdiyi vəsatəti müdafiə edib.

Hakim vəsatəti təmin etməyib.

Məhkəmə baxışı iyunun 4-nə təyin edilib.

T.Mirələmli fevralın 26-da Xocalı faciəsinin ildönümüylə əlaqədar anım mərasimində A.Abdullayevi vurub ona xəsarət yetirməkdə ittiham olunur.

Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.1 maddəsində 1000 manatdan 3000 manata qədər cərimə, 1 ilə qədər islah işləri və ya azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

T.Mirələmli özünü təqsirli bilmir.

Onun üzv olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da bu cinayət təqibini son aylarda partiyaya qarşı güclənən repressiyaların tərkib hissəsi kimi qiymətləndirir.

Ana səhifəXəbərlərTəzəxan Mirələmli: Məqsəd siyasi təxribat yaratmaqdır