“Tərəfsiz” ATƏT-in “tərəflər” çağırışı

Oktyabrın 30-da verdiyi bəyanatıyla Minsk Qrupu özünün varlığını, münaqişənin, daha doğrusu, müharibənin həllində söz sahibi olduğunu demək istəyir.

Mənbə: Meydan TV


Yenə 27 il etdikləri səhvləri təkrarlayırlar

28 ildir erməni işğalında olan Azərbaycan torpaqlarının azad edilməsi uğrunda başlanan savaşın – vətən müharibəsinin 33-cü günündə ATƏT-in Minsk qrupunun da səsi gəldi. O qrupun ki, 27 ildir münaqişənin “nizamlanması” işiylə məşğuldur. Bu 27 ildə həmsədr ölkələrin – ABŞ, Fransa, Rusiya – Azərbaycana və Ermənistana saysız səfərləri olub. Müxtəlif ölkələrdə Minsk Qrupunun həmsədrləri iki dövlətin başçılarının iştirakıyla saysız, həm də səmərəsiz görüşlər keçirib.

Bundan başqa, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsi də təsis olunub və Anjey Kasprşik 23 ildir o postu tutur. Bu 23 ildə onun regiona səfərlərinin sayı bilinmir. Görünən odur ki, bu adam daha çox şəxsi ehtiyaclarının ödənməsi (bir də təbii ehtiyacını Qarabağ torpağında ödədiyi şəkillə yadda qalıb) üçün səfərlər edib. Münaqişənin həllinə çalışmayıb, statistika üçün monitorinqlər aparıb. Bu gün Azərbaycan ordusunun öz torpaqlarını işğaldan qurtarmaq üçün apardığı savaşın çətinliklərindən biri də ermənilərin 28 il ərzində qurduğu istehkamlardır. O istehkamlar ki, ATƏT-in Minsk qrupu bizi sülhə səsləyəndə, münaqişənin sülh yoluyla həllinin mümkünlüyünə inandıranda ermənilər qurub. İldə bir neçə yol Qarabağda monitorinqlər aparanda Anjey Kasprşik gözlərinin zəifliyi ucbatından o istehkamları görə bilməyib. Görüb də həmsədrlərə xəbər verə bilməyib…

Müharibə başlanandan Ermənistan ordusu Azərbaycanın sivil vətəndaşlarını nişan alıb. Onların əsas hədəfi müharibə zonasından xeyli uzaqda olan şəhərlərimiz, kəndlərimiz, dinc sakinlərimizdir. Ancaq dinc sakinlərə yönələn bu vəhşiliyə, beynəlxalq cinayətə dünyanın, başlıcası da münaqişəni çözmək mandatı verilən ATƏT-in Minsk qrupunun səssiz qalması özü cinayətdir. Oktyabrın 30-da verdiyi bəyanatıyla Minsk Qrupu özünün varlığını, münaqişənin, daha doğrusu, müharibənin həllində söz sahibi olduğunu demək istəyir. Yenə 27 il etdikləri səhvləri təkrarlayırlar. İşğalçını torpağı işğal olunanla eyniləşdirir, yaydıqları bəyanatda tez-tez “tərəfləri” sözünü təkrarlayırlar:

– Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaqlar…

Sanki müharibənin Qarabağda getdiyini unudurlar. Qarabağın Azərbaycan torpağı olması o demək deyil ki, Ermənistan bütün Azərbaycanı atəş altında saxlasın, müharibə zonasından xeyli uzaqda olan regionlarda dinc sakinlərin başına bomba yağdırsın; həm də bizə beynəlxalq hüquqdan sitatlar gətirib atəşi dayandırmağa çağıran ədalətsiz dünyanın, beynəlxalq təşkilatların gözləri qarşısında.

Müharibə başlanandan Azərbaycanda öldürülən dinc sakinlərin sayı 100-ə yaxındır, bəs savaş gedən Qarabağda neçə dinc sakin öldürülüb? Nədənsə bu statistika gözə dəymir, nə Ermənistan mediasında, nə də Qarabağdan ermənilərlə bağlı operativ informasiyalar yayan Rusiya kütləvi informasiya vasitələrində. “Tərəflərin” mülki əhalini hədəf aldığından narahatlıq keçirən beynəlxalq təşkilatlar niyə bununla maraqlanmır? Axı müharibə zonasında mülki əhali arasında itki daha çox olmalıydı, onlar hədəf alınmışdısa…

Qarabağdan olan jurnalist dostumuz Tahir Abbasov Füzulinin Əhmədallar kəndindəndir. 7 qardaş idilər. Ata yurdu, qardaşların özünün ayrıca evi vardı. Bir qardaş savaş başlayanda torpaqların qorunması uğrunda gedən döyüşlərdə qəhrəman kimi şəhid oldu. Qaçqınçılıq dövründəsə ölkənin müxtəlif regionlarında yaşayan 3 qardaş cavan yaşda öldü. Bu müharibə Tahirin 4 qardaşını apardı. Belə çoxlu ailə var Qarabağda. Ömrü vaqonlarda, çadırlarda, qamışdan düzəldilmiş palçıq evlərdə keçdi, çoxunun ürəyi bu ağrı-acıya tab gətirmədi. İşğaldakı evinin açarlarını göz bəbəyi kimi qoruyan analarımız, atalarımız vardı, onların çoxu artıq yoxdur, həsrət aprıb onları. Vaxtsız ölümlər, yarımçıq qalmış, bir də heç vaxt gerçəkləşməyəcək arzular. Biz o adamlara Qarabağın, yurd-yuvalarının işğaldan qurtarılması xəbərini çatdıra bilməyəcəyik, onlar da bunu heç vaxt eşitməyəcək…

Paytaxt Bakıda və ölkənin müxtəlif rayonlarında qarabağlıların qəbiristanlığı var, yolunuz düşəndə başdaşlarındakı tarixlərə baxın, hamısı yaxın illərdir. Torpaqsızlıq, vətənsizlik (doğulduğun yer vətəndir), qaçqın töhməti, kimlərinsə tez-tez başa qaxılan yardımına möhtac qalmaq ağrısı onların ömrünü kəsdi. O vaxtsız ölümlərin hər birində, bu gün müharibədə və müharibə zonasından kənarda tökülən qanda, yarımçıq ömürlərdə həm də ATƏT-in Minsk qrupunun əli var. O qanı o əldən heç nəylə yuya bilməyəcəklər…

Ana səhifəXəbərlər“Tərəfsiz” ATƏT-in “tərəflər” çağırışı