Təhsil haqlarına etiraz edənlərdən saxlanılanlar var

Təhsil Nazirliyi önündə toplanan tələbələrin məqsədi nazirliyə müraciət etməkdir.

Source: Meydan TV


Onların 18-ci polis bölməsinə aparıldıqları bildirilir

İyunun 1-də bir qrup universitet tələbəsi Təhsil Nazirliyinin qarşısına toplanıb. Səbəb Çində yaranıb dünyaya yayılan COVİD-19 virusu dövründə onlardan təhsil haqqı tələb edilməsidir. Tələbələr bildirirlər ki, virus ərəfəsində çoxunun valideyni işləyə bilməyib. Odur ki, təhsil haqqını bu qısa müddətdə ödəmələri mümkün deyil. Universitetlər isə tələbələrdən təhsil haqqını ödəmələrini tələb edirlər.

Təhsil Nazirliyi önündə toplanan tələbələrin məqsədi nazirliyə müraciət etməkdir. Onlar bu çətin dövrdə dövlətdən güzəşt istəyirlər. Bir də keçirilməyən semestrə görə ödəniş tələb edilməsini doğru saymırlar. Tələbələrə ictimai sektor nümayəndələri də dəstək verib. Polis nazirliyin önündə toplanan tələbələri oradan uzaqlaşdırıb, bəzilərini saxlayıb.

Meydan TV-nin hadisə yerində olan əməkdaşı bildirir ki, saxlanan şəxslər Rəhim Əhmədov, Vüqar Mirzəbəyov, Allahverdi Həsənov, Rüstəm İsmayılbəyli, Qiyas İbrahimov, İlham Əhmədovdur. Onların 18-ci polis bölməsinə aparıldıqları bildirilir.

Nazirlik önündə olan tələbələrdən Həqiqət Sosialist Hərəkatının üzvü Bayram Bayramov Meydan TV-yə bildirib ki, bura toplanmalarının və müraciətlərinin səbəbi keçirilməyən semestrin ödənişlərinin tələb olunmasıdır:

“Biz bura həmin tələbə münasibətimizi bildirmək üçün toplanmışdıq. Tələbələrdən bir neçəsini saxladılar. Təşkilatçılardan Rüstəm İsmayılbəyli Təhsil Nazirliyinin binasına danışıq üçün çağırıldı. Lakin oradan çıxmadı. Birbaşa polis bölməsinə aparılıb. Orada yığışan dostlarımız, Vüqar Mirzəbəyov, Qiyasəddin İbrahim və daha bir neçə nəfəri də polis maşınına mindirib apardılar. Hazırda 18 saylı polis bölməsinin qarşısındayıq, gözləyirik. Böyük ehtimal onları karantin qaydalarını pozmaqda günahlandıracaqlar. Ola bilsin inzibati həbs versinlər”.

Bayram Bayramov əlavə edib ki, Azərbaycanda belə müraciətlərin edilməsi çətindir. Çünki ölkədə repressiv bir mühit var:

“Virus ərəfəsində tələbələrə güzəştlər edilməli idi. Ancaq əksinə, hamını divara dirəyiblər ki, ödənişi etməlisən. Keçirilməyən dərsə görə ödəniş almağın özü doğru deyil. Qanunsuzluğa qarşı bütün tələbələr etiraz etməlidir. Bugünkü müraciətin məqsədi bu idi. Sonu aksiyalardakı kimi bitdi. Polis, polis bölməsi, həbslə”.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Meydan TV-yə bildirib ki, hazırda həmin müraciət zamanı saxlananlarla bağlı araşdırma aparılır. Gün ərzində bu barədə açıqlama yayılacaq.

Ana səhifəSosialTəhsil haqlarına etiraz edənlərdən saxlanılanlar var