Mənbə: Unikal.org

Təcili yardımın həkimləri etiraz edib, işi bir neçə saat dayandırdı (yenilənib)

Məqalə yeniləndi:  7 May 2021

13.43. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən Agentliyə təqdim edilən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən cari ilin fevral ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1542 nəfərə 259 min 72 manat müddətli əlavə ödənilib:

"Ay ərzində iş günlərinə/saatlarına mütənasib olaraq müddətli əlavələr bu qaydada hesablanır: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli.

Nümunə ilə izah edək: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Məlumat üçün bildirək ki, xəstəliklə mübarizəyə cəlb olunan tibb işçilərinin sağlamlığının qorunması məqsədilə onlar bütün zəruri fərdi qoruyucu vasitələrlə təmin olunub və Vaksinasiya Strategiyasına uyğun olaraq ilkin mərhələdə bütün tibb heyəti COVID-19 xəstəliyi əleyhinə peyvənd olunub".

***

Həkimlər maaş ala bilmədiklərini deyirlər

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 7, 8 və 9 saylı köməkçi stansiyalarının tibb işçiləri koronaviruslu xəstələrin müalicəsi üçün ödənilən əlavələri ala bilmədiklərinə etiraz edərək işi bir neçə saatlığa dayandırıblar. Həkimlər mayın 6-da axşam saatlarında Binəqədi rayonundakı 9 saylı stansiyanın qarşısına, mayın 7-də isə səhər saatlarında isə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibb Yardım Stansiyasına toplanıblar. Baş həkim Rauf Nağıyev həkimlərlə görüşüb.

Adının çəkilməsini istəməyən həkimlərdən biri Meydan TV-yə deyib ki, onlara 3 aydır əlavələr ödənilmir: “Gah deyirlər ki, işlədiyiniz saata uyğun pul ödəniləcək, gah da gözləməyimizi tapşırırlar. Bəzi həkimlərin kart hesabına cəmi 20 manat köçürülüb, bu, həkimi ələ salmaqdı. Biz həyatımızı təhlükə qarşısında qoyaraq çalışırıq. Guya ki, getdiyimiz hər xəstə infeksiyaya yoluxmuş sayılmır. Covid-19-un mütləq göstəricisi temperatur deyil. Analiz götürmədən xəstənin infeksiyaya yoluxub-yoluxmadığı məlum olmur”.

Həkim deyib ki, müraciət etmədikləri qurum qalmayıb, ancaq heç kim onlarla maraqlanmır: “Elə rəftar edirlər ki, sanki yardım istəyirik. Pandemiya dövründə təcili yardım Səhiyyə Nazirliyinin tabeliyində çalışsa da, maaşları, əlavələri İcbari Tibbi Sığorta Agentliyi ödəməlidir. Biz məhkəməyə müraciət etmək istəyirik, ancaq stansiyanın baş həkimi Rauf Nağıyev həkimlərə heç bir sənəd təqdim etmir. Səbəb odur ki, Ramil Bayramlı Rauf Nağıyevi təyin olunandan bir neçə gün sonra işdən çıxarmağa çalışıb, ancaq keçmiş səhiyyə naziri Oqtay Şirəliyev buna mane olub. Baş həkim vəzifəsini itirmək istəmir”.

Həkim onu da bildirib ki, şənbə, bazar, bayram günləri nəqliyyat işləmədiyindən işə taksi ilə gəlmək məcburiyyətindədilər, amma bu, maaşlar ödəniləndə nəzərə alınmır.

Baş həkim Rauf Nağıyev həkimlərə bildirib ki, poliklinikalar da analiz götürür, buna görə də təcili yardımın yükü azalıb. Fevralda isə saat hesabına bölünəndə həkimlərə düşən pul azdır. İndiki halda işi dayandırmaq düzgün deyil.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Stansiyasından bildiriblər ki, həkimlər hazırda işlərinə davam edirlər, çağırışlara çıxırlar. Onların narazılıqlarının həlli ilə bağlı suallar cavablandırılmayıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, 3 aydır maaş almayan reanimatoloqlar da aksiya keçirməyi planlaşdırırlar. Onların ölkə rəhbərliyinə müraciət üçün imza topladığı bildirilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  7 May 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/stqj4f

Ən çox baxılan