Təbriz təəssüratları

Təbrizdə “Səhənd” telekanalı həm də Azərbaycan dilində verilişlər yayır.

Foto: Meydan Tv


İndi Təbrizdə Azərbaycan Respublikasından gedənlərə rast gəlmək nadir hadisə deyil

Təbriz səfərinə Bakı avtovağzalından başladım. Təxminən gecə saat 10-da yola düşən avtobusa biletin qiyməti 30 manat idi. Əslində daha ucuz variantlar da tapmaq mümkün idi. Yaşadığım Lənkərandan İran Astarasına keçib buradan Təbrizə yollanmaq olardı. Sonradan öyrəndim ki, Astara-Təbriz marşrutuna bilet bizim pulla təxminən 6 manat tutur.

Lakin iş belə gətirdi ki, səfərə yola düşən gün, aprelin 17-də mütləq Bakıda olmalı idim. Həm də düşündüm ki, gecə ikən sərhədi rahat keçmək zövqünə görə bir qədər artıq pul ödəməyə dəyər. Onu da əlavə edim ki, Təbriz-Bakı marşrutu üzrə biletin qiyməti demək olar ki, iki dəfə azdır – 16 manat.

Bakı-Biləsuvar-Təbriz yolunun uzunluğu 560 km-ə yaxındır. Saat 1 civarında sərhədə yetişdik. Avtobusdan düşüb gözlənildiyi kimi növbəsiz, rahat şəkildə yoxlamaları keçdik. İran İslam Respublikası tərəfdə qayıdarkən hansı malların gömrükçülərin buraxmayacağı barədə Azərbaycan dilində xəbərdarlıq vardı. Siyahıya çay, düyü, qənd, toyuq, duru yağ və kərə yağı daxil idi. Həmçinin dərmanların reseptlə buraxılacağı bildirilirdi.

İran Biləsuvarında bizi taksi sürücüləri qarşıladılar və xidmətlərini təklif etdilər. Avtobusla gəldiyimizi biləndə məyus halda geri döndülər. Yaxınlıqda bir yeməkxana açıq idi və məhz Bakı-Təbriz avtobusunun sərnişinlərini gözləyirdi. Sahibi həm də valyuta mübadiləsi təklif edirdi və ciddi-cəhdlə inandırmağa çalışırdı ki, Təbrizdəkindən daha yaxşı kursla dəyişir. Aydındır ki, bu iddia doğru deyildi, lakin tamamilə soyğunçu da sayılmazdı. 1 manatı 7500 riala almaq istəyirdi, Təbrizdə isə kurs 7700-7800 rial idi.

Avtobusun gəlişini gözləməyimiz 1 saatdan artıq çəkdi və sərhədi gecə keçmək rahatlığımızın əvəzini xeyli dərəcədə çıxdı. İran Biləsuvarından Təbrizə gedən yol yaxşı vəziyyətdə deyildi. Xoşbəxtlikdən nəqliyyatımız rahat idi. Cəmi 25 nəfər tutan avtobusda kreslolar enli idi, ayağı uzatmaq üçün oturacağa əlavə vardı. Üstəlik, arxaya maksimum dərəcədə açdıqda belə arxada oturana narahatlıq yaratmırdı.

***

Təbriz, ərazisi 45 650 kv km olan Şərqi Azərbaycan ostanının (vilayətinin) mərkəzidir. Ostan öz növbəsində bizim rayonlara analoq ola biləcək şəhristanlara bölünür ki, onların da sayı 21-dir. 2016-cı ildə keçirilən siyahıyaalmanın nəticələrinə görə ostanda 3,9 milyondan bir qədər artıq adam yaşayır.

Təbrizin özü uzun müddət əhali sayına görə Tehran, Məşhəd və İsfahandan sonra İranın dördüncü şəhəri sayılırdı. Lakin 2016-cı il siyahıyaalınması Kərəc və Şirazın da onu bir qədər qabaqladığını göstərib. Həmin siyahıyaalmaya görə, hazırda Təbrizdə təxminən 1,56 milyon əhali yaşayır. Əhalinin artım tempinin azalmasının bir səbəbi də Təbriz yaxınlığında Səhənd adlı peyk-şəhərin salınmasıdır.

image_from_ios.jpg
Səhənd sosial mənzillər

Adını ətəyində yerləşdiyi dağdan götürən Səhənd Təbriz əhalisinin aşırı artımının qarşısını almaq üçün 20 km-lik məsafədə salınıb və 2008-ci ildə şəhər statusu alıb. Təbrizlə müqayisədə evlər xeyli ucuz olduğu üçün yetərincə cəlbedici olan Səhənddə əhalinin sayı sürətlə artır və artıq 100 minə yaxınlaşır. Burada həmçinin dövlət tərəfindən "mehr məskəni" adlanan sosial mənzillər tikilir və əsasən gənc ailələrə ucuz qiymətə satılır. Səhənd Texnologiya Universiteti isə İranın ən nüfuzlu ali məktəblərindən birinə çevrilməkdədir.

***

Təbrizə yetişəndə saat 9-u keçmişdi və biz yerli əhalinin "terminal" dediyi avtovağzalda düşdük. Taksilər dayanan yerə keçəndə sürücülərin önümə qaçmamaları bir qədər əcaib oldu. Sən demə, burada növbəlilik var, kassanı xatırladan yerdə duran işçiyə yaxınlaşmaq lazımdır. O, məndən gedəcəyim ünvanı soruşdu, minəcəyim taksini göstərdi və hətta ödəcəyim məbləği də dedi – 10 min rial, yəni 1 manat 30 qəpik.

Taksiyə oturandan sonra xatırladım ki, hələ İran valyutası almamışam. Sürücüdən məni pulumu dəyişə biləcəyim bir yerə aparmasını istədim. İranda rialın rəsmi kursu ilə gerçək kursu arasında kəskin fərq var. Rəsmi kursa görə 1 manat 2500 rialdır, qara bazarda isə 7800 riala dəyişdim. Belə anladım ki, Təbrizdə taksi sürücülərinin çoxunun valyuta dəyişən tanışları var. Öncədən zəng edib müştəri gətirəcəklərini xəbər verir və buna görə komisyon haqqı alırlar.

Onu da deyim ki, İranda insanlar öz pullarının üzərində göstərildiyindən on dəfə az məbləğ səsləndirirlər və bunu tümən adlandırırlar. Yəni, pulun üzərində 100 min rial yazılıbsa, 10 min tümən deyirlər. Bu hala alışmaq müəyyən vaxt tələb edir.

***

İran yetərincə böyük əraziyə (1,65 milyon kv km) malik olsa da, vahid saata malikdir. Bu vaxt Bakı vaxtından +30 dəqiqə fərqlənir, yəni bizdə saat 10.00 olanda, orada 10.30 olur. Bu zaman vaxtın deyilişi bizimkindən daha lakonikdir. "Üçə on beş dəqiqə işləyib" kimi uzun ifadənin əvəzinə sadəcə "iki, on beş" deyirlər. "Dördün yarısı" əvəzinə isə "üç yarım" deyilir.

Mən otelə çatanda saat yerli vaxtla 11-ə yaxınlaşırdı. İnzibatçıya yaxınlaşıb yer sifariş verdim. Düşünürdüm ki, nömrəyə yerləşmək üçün saat 12-ni gözləmək lazım gələcək. Lakin inzibatçı belə rəsmiyyətə lüzum görmədi və dərhal açarı uzatdı.

Otel iki ulduzlu idi və tək nəfərlik otağın qiyməti 175 min rial (22,5 manat) idi. Ümumiyyətlə, Təbrizə getmək istəyənlərə ən azı iki-iki getməyi məsləhət görərdim. Çünki bu halda xərclər xeyli azalır. Məsələn, elə həmin oteldə ikinəfərlik otaq 235 min riala başa gələrdi ki, bu da adama 15 manat edir. Taksiyə ödəyəcəyiniz məbləği də aranızda bölüşdürə bilərsiniz. Daha qənaətcil davranmaq istəyənlər günü 3-4 manata olan hostellər də tapa bilərlər.

Yemək xərclərində, aydındır ki, elə bir dəyişiklik olmur. Hər dəfə yeməyə adambaşı bir az aşağı, bir az yuxarı, 3 manat civarında xərc çıxır. Məsələn, bir dəfə elə otelin yeməkxanasında Təbriz küftəsi və bir banka "nüşabə"yə (yəni, fanta) görə 25 min rial ödədim ki, bu da 3 manat 20 qəpik edirdi.

***

Çantamı otağa qoyandan və yuyunandan sonra İranda farsların da, türklərin də "sübhanə" dedikləri səhər yeməyinin qayğısına qaldım. Soruşa-soruşa yerini tapmaq bir qədər çətin oldu, sonuncu soruşduğum yeməkxanada işçilərdən birini mənə qoşdular ki, səhər yeməyi verilən yeri göstərsin.

Təbrizdə yeməkxanada və ya oteldə səhər yeməyi yeyirsinizsə, yalnız bal-qaymaq yeməyi məsləhət görürəm. Qayğanaq, yağ-pendir, kolbasa və sosis hər yerdə taparsınız, bəlkə də daha dadlısını. Amma Təbriz bal-qaymağından başqa yerdə tapmağınız çətin məsələdir. Ona görə də başqa təamlarla özünüzü doydurmayın, bacardıqca bal-qaymağın dadını çıxarın. Mənə bu qəlyənaltı 1,30 manata başa gəldi. Sonrakı günlər isə aydındır ki, oteldə qəlyənaltı edirdim.

Mətbəx Təbrizin zəif yeridir. Bu mətbəx zəif çeşidli xuruşla bişirilən plovdan ibarətdir əsasən. Yəni bizdəki kimi plovun özü deyil, xuruş (qarası) müxtəlifdir, o da məhdud çeşiddə. Düyü bizdə əksəriyyətin işlətdiyi düyüdən daha keyfiyyətli olsa da, bişirlməsinə görə bizim plov daha dadlıdır. Azərbaycan Respublikasında geniş yayılan bozbaş, xəngəl və digər çoxsaylı xörəklər Təbrizdə məlum deyil.

Belə halı izah etməyə, doğrusu, çətinlik çəkirəm. Quzey və Güney 200 il ayrı-ayrı dövlətlərin tərkibində olsalar da, onun ilk 100 ilində yetərincə sıx gediş-gəliş imkanları olub. İki Azərbaycan arasında gediş-gəlişin qəti surətdə kəsilməsi əslində İkinci cahan savaşından sonra baş verib və 43 il davam edib. Bu hesabla mətbəximizdə bu qədər kəskin fərq olmamalı idi, amma var.

***

İranda benzin ucuzdur, litri 1000 rial və ya 13 qəpik. Lakin öz avtomobilinizlə getmək məsləhət deyil. Əvvəla, sərhədi keçərkən ən azı 150 manat rüsum alacaqlar. İkincisi də, İranda maşın sürmək yetərincə müşkül işdir. Təbrizdə məndə elə təəssürat yarandı ki, sürücülərin qəti, "dəmir-beton" şəkildə riayət etdikləri yeganə yol hərəkəti qaydası – işıqforun əmrləridir. Hər halda onun pozulmasını görmədim.

image_from_ios (4).jpg
Təbriz küçələri

Dönmə və dairədə hərəkət ardıcıllığı, qoşa xətt və digər çoxsaylı qaydalara kimsə əməl etmir. Yolu keçərkən olduqca diqqətli və çevik olmaq lazımdır. Piyada zolağı nəinki kömək etmir, əksinə hətta deyərdim ki, daha təhlükəlidir, çünki yalançı arxayınlıq yarada bilər.

Təbrizdə motosikletlər yetərincə çoxdur. Qaydalar tələb etsə də, dəbilqə taxanına çox nadir halda rast gəlmək olur. O qədər ki, bir dəbilqəli motosikletçi görəndə bu nadir anı əbədiləşdirmək üçün tez şəklini çəkdim.

Avtomobil sürən qadınların sayı Təbrizə ilk dəfə gedən şəxsi təəccübləndirəcək qədər yüksəkdir. Təxmini müşahidələrimə görə, onların sayı Bakıdakından ən azı geri qalmır. Onu da deyim ki, 2013-cü ildəki ilk səfərimdən fərqli olaraq, indi atomobillər xeyli yenilənib. Bu da yəqin ki, İrana tətbiq olunan sanksiyaların bir müddət yumşalması ilə əlaqədardır.

***

Təəccübləndirici başqa cəhət isə polislərin sayının azlığıdır. İran demokratik ölkə sayılmadığından burada hər addımbaşı polislə rastlaşacağını düşünə bilərsən. Lakin belə deyil. Təbrizin Saat meydanında aprelin 20-də axşam və ertəsi günün birinci yarısında 12-ci imam Məhəmməd ibn əl-Həsən (şiə inancına görə, zühuru gözlənilən Mehdi) mövluduna həsr olunmuş mərasim istisna olmaqla çox nadir hallarda gözümə polis dəydi. Apardığım foto və videoçəkilişlərə də kimsə mane olmadı.

İslam Respublikasında “Facebook”, “Youtube” və bir çox digər şəbəkəyə giriş qadağandır. Buna görə də demək olar ki, hamının telefonunda VPN var. Əgər hökumət və rəsmi ideologiya əleyhinə bir şey yazmırsansa, qadağanı pozmağına barmaqarası baxılır (çanaq antenləri ilə bağlı qadağa da ucdantutma pozulur və hökumət göz yumur).

Mən də hələ səfərdən öncə telefonuma VPN yükləmişdim. Lakin o qədər də yaxşı işləmədi. Təbrizdə İran nömrəsi alarkən satıcı telefonuma məsləhətli bildiyi VPN yüklədi. Nömrə və 3 gb internet paketinə görə 42 min rial (5,50 manat) ödədim. Onu da deyim ki, istər oteldə Wi-Fi vasitəsilə paylaşılan, istərsə də mobil operatorun təqdim etdiyi internetin sürəti çox zəif idi.

***

2015-ci ildən etibarən Təbrizdə metro işləməyə başlayıb. Planlaşdırılan 5 xətdən hələ ki, yalnız biri qismən istifadəyə verilib. Mərkəzdəki Saat meydanından Elgölü stansiyasına qədər uzanan bu xətdə 10 stansiya var. İstifadəyə verilən stansiyalardan biri "Ustad Şəhriyar" adlanır. Yadımda qalan digər ad isə "Daneşgah" idi. Yəqin ki, bu stansiya Təbriz universitetinin yanında yerləşdiyindən belə adlanır. Xəttin bir hissəsinin yerin üstü ilə keçdiyini də qeyd etmək lazımdır.

Metronun mənfi cəhəti hələ ki saat 20.00-a qədər işləməsidir. Buna görə də Elgölünə (Şahgöl) metro ilə getsəm də, geriyə taksi ilə döndüm. Qiyməti 1000 rial (13 qəpik) olan gediş kartla ödənilir. Kartı aparat deyil, insan satır və mənim yalnız bir gedişdən istifadə edəcəyimi biləndə yalnız gediş haqqını aldı, turniketdən keçəndən sonra kartı oradakı işçiyə verməyimi istədi. Bizdən fərqli olaraq, orada kartı geri qaytarmaq mümkündür.

Tikintisi aparıldığı deyilən 2, 3 və 4-cü xətlər Təbrizin bütün ərazisini əhatə etməlidir. Beşinci xətt isə Təbrizi öz peyki ilə – Səhəndlə birləşdirəcək. Bundan sonra Təbrizdə və ya Səhənddə yaşamağın elə də ciddi fərqi olmayacaq.

***

Aprelin 19-da Təbrizdən 60 km məsafədə yerləşən və özünün yaşayış məskənlərilə məşhur olan Kəndovan kəndinə getdim. Bu kənd haqqında növbəti məqaləmdə məlumat verəcəyəm. İndi onu demək istəyirəm ki, bu səfər İranda qeyri-iş günü olan cümə gününə təsadüf edirdi və şəhərkənarına piknikə çıxan xeyli təbrizlini görmək olurdu. Havaların hələ sərin keçdiyini nəzərə alsaq, piknikin təbrizlilərin sevimli məşğuliyyəti olduğu qənaətinə gəlmək olar.

***

Təbrizdə müsbət təəssürat yaradan hallardan biri çoxlu sayda kitab mağazalarının olmasıdır. Hətta şəhərin ən bahalı yerlərində, o cümlədən, Təbrizin "Torqovı"sı sayılan Tərbiyət küçəsində kitab mağazaları var. Bəziləri gecə saatlarına qədər belə işləyən bu obyektlər sırf kitab satışı ilə məşğul olurlar, dəftərxana mallarının satışı ilə yox.

image_from_ios (2).jpg
Kitab mağazası

Mağazalarda çeşidin zəngin olması da diqqəti cəlb edir. Fars əlifbası onların janrı və mövzuları ilə tanış olmağıma əngəl törətsə də, bəzi kitabların üzərində Fizulinin, Seyid Əzim Şirvaninin şəkillərini gördüm. Bir neçə mağazanın vitrinində isə Hitlerin şəkli və svastika əks olunan kitab satılırdı. Çox güman ki, "Mənim mübarizəm" kitabı idi.

***

Müşahidə edə bildiyim qədər, əhalinin siyasi əhvalı yetərincə tənqididir. Söhbətləşdiklərimizin hamısı qiymət artımından, inflyasiyadan şikayət edir. Bəzilərində bu İslam Respublikasının açıq tənqidinə və şah dövrünün xiffətinə qədər inkişaf edir. Bir təbrizli şah dövrünü hətta o qədər "çəhrayı ton"la təsvir etdi ki, tarixçiliyimi köməyə çağırıb o dövrün nöqsanlarını xatırlatmalı oldum. Təbii ki, məqsədim klerikal rejimi müdafiə etmək deyildi. Sadəcə soydaşlarımız əgər dəyişiklik istərlərsə, monarxiyaya deyil, demokratiyaya üz tutmalarını istərdim.

İranda bildiyiniz kimi, qadınlar üçün baş örtüyü məcburidir. Bir çoxu buna ürəkdən əməl edir və sadəcə hicabla deyil, qara çadra ilə örtülürlər. Gənc qadın və qızların əksəriyyətində isə baş simvolik şəkildə örtülür. Örtük təbrizli xanımlara məxsus şarmla bəzək atributuna çevrilib və başın üst hissəsi demək olar ki, tam açıqda qalır. Hələ bir neçə il öncəyə qədər belə sərbəstlik ağlasığmaz idi.

***

İndi Təbrizdə Azərbaycan Respublikasından gedənlərə rast gəlmək nadir hadisə deyil. Xüsusən də səhiyyəmizin bərbad vəziyyətə düşməsi səbəbindən İran İslam Respublikasının müxtəlif şəhərlərinə, o cümlədən Təbrizə üz tutan soydaşlarımız xeylidir. Mənimlə ünsiyyət zamanı da öncə "təbibə gəlebsən?" soruşanlar az deyildi. Gəzməyə, yaxud da Təbriz şivəsində desək, dolanmağa gəldiyimi biləndə bir az təəccüblənirdilər.

Adətən ünsiyyət çoxalanda qeyri-adiliyi, özəlliyi azalır. Buna baxmayaraq, təbrizlilərin biz şimallılara münasibətləri yetərincə yüksəkdir. Əgər bu münasibətlərə əlavə bir ədviyyat qatsan, məsələn, "Traktor Sazi" komandasına azarkeşlik etdiyini desən, o zaman lap möhtəşəm olur.

Mindiyim taksilərdən birinin sürücüsü elə də ünsiyyət həvəskarı deyildi. Yolumuzun bir hissəsini sükutla getdikdən sonra "Bakıdan durub topa gəlmişdim, Tirəxtur da uduzdu" dedim. Sürücü qulaqlqarına inanmayıb, bir də soruşub əmin olduqdan sonra danışmağa başladı və ünvana çatana qədər susmadı.

image_from_ios (3).jpg
Təbriz avtovağzalı

Güneyli soydaşımız əvvəlcə oyunu idarə edən davərə (hakim) döşədi, sonra bəzi oyunçulardan şübhələndi və nəhayət, təbrizlilər arasında geniş yayılmış bir fikri səsləndirdi ki, "mollalar istəmir Tirəxtur qəhrəman (çempion) olsun". Otelin qarşısında düşəndə isə gediş haqqını almaqdan imtina edirdi, birtəhər verdim.

***

Təbrizdə “Səhənd” telekanalı həm də Azərbaycan dilində verilişlər yayır. Buraya informasiya proqramları, seriallar və musiqili veriliş daxildir. Hər halda, mənim gördüklərim bunlar idi. Təxmini müşahidələrimə görə, kanal öz vaxtını fars və Azərbaycan dilli verilişlər arasında bərabər bölüşdürür.

Şəhərin küçələrində isə Azərbaycan dili qeyd-şərtsiz hakimdir. Burada başqa dildə, o cümlədən fars dilində danışığa çox nadir halda rast gəlmək olur. Bəzi insanlar təmiz azərbaycanca danışırlar, bəzilərinin danışığında isə fars sözləri çox işlənildiyindən anlamaq çətin olur. Müşahidələrimə görə, sıravi insanlar daha təmiz danışırlar. Təhsilli insanların danışığında isə qatışıq daha çoxdur. Bu, quzeyli-güneyli Azərbaycan ziyalısının ümumi nöqsanıdır, deyəsən.

Aprelin 21-də İranda qeyri-iş günü idi – yuxarıda dediyim kimi, 12-ci imamın mövludu qeyd olunurdu. Buna görə də Tərbiyət küçəsində həmişəkindən daha çox adam vardı. Əvvəlcə bir aşıqla rastlaşdım, "Azərbaycan, Azərbaycan, torpaqları ləli-mərcan" oxuyurdu. Daha irəlidə isə iki gənc birlikdə müasir mahnılar oxuyurdular. Lentə aldığım 6 mahnıdan beşi Azərbaycan, biri isə Türkiyə mahnısı idi. Aşığa 10 min (1,30 manat), gənclərə isə 20000 (2,60 manat) rial verdim. Sonunculara "Bakıdan təşəkkürlər" deyəndə gözlərində maraq gördüm.

***

Təbriz səfərim 5 gün davam etdi. Hələ iki gün öncə 45 min rial (6 manat) ödəyərək aprelin 22-nə Təbriz-Rəşt avtobusuna İran Astarasına qədər bilet almışdım. Həmin gün səhər tezdən qar yağırdı. Telefonumdan Nazan Öncelin "Bu havada gidilmez" mahnısını dinləyə-dinləyə otel otağının pəncərəsindən şəhərə baxdım, ancaq getmək lazım idi. Beləcə, heç gediləsi olmayan havada Təbrizdən ayrıldım.

Ümid edirəm ki, səninlə yenə görüşəcəyik, gözəlim.

Ana səhifəXəbərlərTəbriz təəssüratları