“Təbrikdə diktator haqda yazdığıma görə məni Gəncə işinə cəlb elədilər”

“O müddətdə məndən İmamzadə ziyarətgahında baş verənlər, günahsız həbs olunan şəxslərin məhkəmələrində iştirakım barədə soruşulub, təhdid olunmuşam, işgəncəyə məruz qalmışam”.

Source: Specify Source


“Gəncə işi”nə görə həbs olunanlardan ikisi aclıq aksiyasına başlayıb

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunanlardan biri – prokurorun 19 il həbs cəzası tələb etdiyi Firudin Zeynalov aclıq aksiyasına başladığını bəyan edib. O, ictimaiyyətə ünvanladığı müraciətində bu addımını günahsız olması və məhkəmənin ədalətsizliyi ilə əsaslandırıb.

Firudin Zeynalov müraciətində bildirib ki, icra başçısına qarşı sui-qəsd hadisəsi baş verərkən o, bir ilə yaxın həbsdə idi. Buna baxmayaraq, onu bu hadisəni planlaşdıran mütəşəkkil dəstənin üzvü kimi təqdim ediblər.

Firudin Zeynalovun bundan əvvəlki həbsinin səbəbinə gəlincə, o, müraciətində bunu da açıqlayıb: “Uzun illərdir mövcud hakimiyyətin yarıtmaz idarəetməsi nəticəsində xalqımız məşəqqətlər içində yaşayır. Yüzlərlə insan siyasi baxışlarına görə həbs olunur, işgəncəyə məruz qalır. 2017-ci ildə Gəncədə İmamzadə ziyarətgahında Aşura mərasimində ziyarətçilərlə polislər arasında insidentdən bir həftə sonra mənə heç bir yazılı çağırış gəlmədən, şəxsi avtomobilimlə gedərkən polislər saxlayıb, Gəncə şəhər Baş Polis İdarəsinə aparılmışam. İki gün heç bir protokol tərtib olunmadan qanunsuz saxlanmışam. O müddətdə məndən İmamzadə ziyarətgahında baş verənlər, günahsız həbs olunan şəxslərin məhkəmələrində iştirakım barədə soruşulub, təhdid olunmuşam, işgəncəyə məruz qalmışam”.

Firudin Zeynalovun sözlərinə görə, iki gün sonra onu Kəpəz Rayon Məhkəməsində küçədə ünvansız söyüş söymə və polisin qanuni tələbinə tabe olmama ittihamlarıyla hakim qarşısına çıxarıblar. Hakim ona cərimə cəzası kəsib. Amma məhkəmədən sonra onu sərbəst buraxmayıblar, yenidən polis idarəsinə qaytarıblar. Orada isə barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə cinayət işi başlanıb: “Polislərin yalan ifadələrilə saxta cinayət işi əsasında həbs olundum. Həbsdə olduğum müddətdə – 2018-ci ilin Ramazan bayramı ərəfəsində xalqımıza bayram təbriki ünvanlamışdım. Təbrikdə xalqımıza tezliklə diktatura rejimi üzərində qələbə arzuladığıma görə istintaq təcridxanasının rəisi məni otağına çağırdı. Telefon vasitəsilə Penitensiar Xidmətin səlahiyyətliləri məni təhdid etdi. Bundan təxminən 20 gün sonra – iyulun 3-də Gəncədə məlum hadisə baş verdi. İyulun 14-də Baş Prokurorluğun əməkdaşları istintaq təcridxanasına gələrək, icra başçısına qarşı sui-qəsdə görə mənə ağır maddələrlə ittiham elan etdi. Mən təbii ki, o saxta ittihamlarla razılaşmadım. Yenidən barəmdə həbs-qətimkan tədbiri üçün məhkəməyə təqdimat verildi. Məhkəmə də təmin etdi. Sonra bu müddət artırıldı və nəhayət, 2019-cu ilin sonunda istintaq başa çatdı. Bir qədər sonra məhkəmə başladı.

İstər İmamzadə insidentində, istərsə də Gəncədə sui-qəsd olayında mənim heç bir iştirakım olmayıb. Mən heç bir cinayət törətməmişəm. Bizim bu hakimiyyətə qarşı mübarizəmiz ancaq qanun, hüquq çərçivəsində olub…”

Firudin Zeynalovla yanaşı, onunla birlikdə ittiham olunanlardan Mahir Əzizovun da Bakı İstintaq Təcridxanasında aclıq etdiyi bildirilir. Prokuror Mahir Əzizova isə 20 il azadlıqdan məhrumetmə cəzası istəyib. O, ixtisasca hüquqşünasdır, uzun illər Moskvada yaşayıb və orada Yunis Səfərovla əlaqəsi olub. Mahir Əzizov da günahsız olduğunu, icra başçısına qarşı sui-qəsdə heç bir aidiyyəti olmadığını bildirir.

Adları çəkilən şəxslərin aclıq etməsi barədə deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Sabiq icra başçısına qarşı sui-qəsdlə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir. Prosesdə hazırda çıxışlar mərhələsidir. Prokuror təqsirləndirilən 10 nəfərdən 9-na 18-20 il, Yunis Səfərova isə ömürlük həbs cəzası verilməsini istəyib.

Yunis Səfərov dövlət çevrilişinə cəhd məqsədilə icra başçısını öldürməyə çalışması, hadisənin terror kimi təqdim olunmasıyla razılaşmır, bu haqda ittihamda yazılanların da yalan olduğunu bildirir. Onun sözlərinə görə, icra başçısını Gəncə əhalisinə zəlm elədiyinə görə öldümək istəyib. Bu da onun təkbaşına fikri olub, kimsəni də xəbərdar etməyib. Onun sözlərinə görə, digər təqsirləndirilən şəxslərin hamısı günahsızdır, sadəcə, hadisəyə öncədən planlaşdırılmış terror, dövlət çevrilişi görüntüsü vermək üçün çoxlu sayda günahsız adamları bu işə cəlb ediblər.

Ana səhifəSiyasət“Təbrikdə diktator haqda yazdığıma görə məni Gəncə işinə cəlb elədilər”