Tarixçi alim: “Ramiz Mehdiyevə korrupsiyadan şikayət etdik, o da belə əncam çəkdi…”

Səbuhi Hüseynov və Ramiz Mehdiyev. Foto: “Teleqraf.com”

Sənədlərdə ekspedisiyada iştirak etdiyi göstərilən və buna görə pul alan adamlar əslində həmin vaxt Almaniyada, İtaliyada istirahətdə imiş…

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun keçmiş elmi işçisi olmuş, tarixçi alim Səbuhi Hüseynov və onun həyat yoldaşı, institutun sabiq şöbə müdiri Gülüstan İsayevanın işi üzrə məhkəmə istintaqı başlayıb. Martın 15-də məhkəmədə ifadə verən Səbuhi Hüseynov bildirib ki, institutdakı korrupsiya haqda Elmlər Akademiyasının o zamankı prezidenti Ramiz Mehdiyevə şikayət məktubu göndərərək, tədbir görməsini istəmişdi. Lakin korrupsiyanın qarşısını almaqdansa, onu və həyat yoldaşını cəzalandırmaq qərarı verildi.

Tarixçi alim və həyat yoldaşının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Martın 15-də hakim Azad Məcidovun sədrliyilə keçirilən məhkəmə prosesində əvvəl prokuror Fariz İsayev ittiam aktını elan edib.

İttihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitlərdən 92 min 700 manat mənimsəməkdə təqsirləndirilir. Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə  ittiham irəli sürülüb.

Onların heç biri özünü təqsirli bilməyib.

Daha sonra ifadə verən Səbuhi Hüseynov bildirib ki, 2011-ci ildən arxeoloji kəşfiyyat aparır, ondan öncə Tarix İnstitutunda çalışıb, ekspedisiya işlərinin aparılmasında iştirak edib. 2019-cu ildən dissertasiyaya uyğun olaraq, ekspedisiya işlərinə təcrübəli işçi kimi qoşulub:

Mən işğaldan azad olunmuş ərazilərə cəmi bir dəfə getmişəm. Onda da Mədəniyyət Nazirliyi və Daxili İşlər Nazirliyindən icazə almışam. 10 gün orada işlər görmüşəm. Mənim işim qazıntı aparmaq yox, kəşfiyyat aparmaq olub. İlk dəfə ekspedisiya işləri ilə bağlı bank kartıma 2019-cu ildə pul köçüb. Həmin pul ekspedisiya rəhbərinə və 25 nəfər işçiyə əməkhaqqı kimi verilməli idi. Bu pul köçəndən sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimova dedi ki, onlara faiz verilməlidir. Maisə Rəhimova bildirdi ki, pulun 30 faizini onlara, 20 faizini isə mühasibatlığa verməliyəm. Razılaşmadım, bildirdim ki, köçürülən pul işçilərə çatmalıdır. Hər ekspedisiyaya gedəndə mənə 1200 manat, bir də benzin pulu verilirdi”.

Təqsirləndirilən alimin sözlərinə görə, o, korrupsiyaya qarşı çıxdığına görə hazırladığı hesabatlar gizlədilirdi. Səbuhi Hüseynov deyir ki, sabiq direktor Maisə Rəhimova bu haqda Mədəniyyə Nazirliyinə yalan məlumat verib:

“Maisə Rəhimova Mədəniyyət Nazirliyinə deyib ki, guya mən hesabat verməmişəm. Amma mən hər işimlə bağlı hesabat vermişəm, o isə bunları gizlədib. Mən onun dediyini etmədiyimə, korrupsiya əməllərinə etirazımı bildirdiyimə görə barəmdə mənfi rəylər verməyə başladı. Bununla bağlı bizim məhkəmə çəkişmələrimiz oldu. Məhkəmədə qalib gəldik. Bundan sonra işə bərpa olundum. Direktor və müavini bizdən üzr istədi”.

Səbuhi Hüseynov əlavə edib ki, həyat yoldaşı Gülüstan Əliyevanın bu işlərlə heç bir əlaqəsi olmayıb. Onun sözlərinə görə, Maisə Rəhimova və digər şəxslərin qanunsuz əməllərindən Azərbaycan Milli Elmlər Akademiyasının o vaxtkı prezidenti Ramiz Mehdiyevə müraciət ediblər:

“Bundan sonra şikayət etdiyimə görə məndən heyf çıxırlar, mənim əleyhimə ifadə veriblər”.

Tarixçi alim deyir ki, il ərzində 60 ekspedisiya keçirilir, bu da 10 milyondan çox pulun ortada olması deməkdir.

Burada milyonların mənimsənilməsindın söhbət gedir. 6 il buna qarşı mübarizə aparmışam. Bu görə də məhkəmələrə çəkilmişəm. Ramiz Mehdiyevə dedim ki, bu işlərə bir əncam çək, o da belə əncam çəkdi”, – Səbuhi Hüseynov vurğulayıb.

Məhkəmə prosesinə sədrlik edən hakim Azad Məcidov proses iştirakçılarına məlumat verib ki, cinayət işində ekspedisiyada iştirak edib, pul almış şəxslərin siyahısı var. Lakin Dövlət Sərhəd Xidmətindən sorğuya verilən cavablardan aydın olur ki, həmin şəxslər eyni vaxtda ölkə xaricində olublar – “Sənəddən görünür ki, ekspedisiya işlərində iştirak etdiyi göstərilən şəxslər həmin vaxtlarda Almaniyada, İtaliyada istirahətdə olublar. Bütün bu məsələlər araşdırılmalıdı”.

Təqsirləndirilən şəxsin vəkili isə bildirib ki, bu məsələnin araşdırılması üçün cinayət işi istintaqa qaytarılmalıdır. Lakin bu barədə məhkəmənin hazırlıq iclasında vəsatət versələr də, təmin olunmayıb.

Hakim cavabında bildirib ki, prokuror Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsi əsasında işin istintaqa qaytarılması barədə çıxış edə bilər.

Bu iş üzrə məhkəmə prosesi martın 29-da davam edəcək.

Ana səhifəSiyasətTarixçi alim: “Ramiz Mehdiyevə korrupsiyadan şikayət etdik, o da belə əncam çəkdi…”