Taliban Kabulda terror aktı törədib

Hücum zamanı qadınlar və uşaqlar da həlak olub

Source: Reuters

ABŞ-la sülh danışıqları ərəfəsində Taliban Kabuldakı polis bölməsinin qarşısında maşını partladıb. Nəticədə ən az 18 nəfər öldürülüb və 145 nəfər yaralanıb, – BBC xəbər verir.

Daxili İşlər Nazirliyinin sözçüsü Nüsrət Rəhimi bildirib ki, avqustun 7-də baş verən hücum zamanı qadınlar və uşaqlar da həlak olub.

Azadlıq Radiosu xəbər verir ki, daxili işlər nazirinin müavini Xoşal Sadat jurnalistlərə açıqlamasında deyib ki, yaralılardan 92-si mülki şəxs olub. Sadat bildirib ki, öldürülənlər arasında dörd polis əməkdaşı da var.

Hücum Kabulun qərbindəki azlıqda olan şiə məhəlləsi Golaee Dawa Khana-nın 6-cı polis bölməsini (PD6) hədəfə alıb. Hərbi təlim məktəbi də eyni məhəllədə yerləşir.

Taliban açıqlamasında məsuliyyəti öz üzərinə götürüb.

Taliban nümayəndəsi Zabihullah Mujahid intiharçılardan birinin hücumu həyata keçirdiyini deyib.

"Çox sayda əsgər və polis öldürülüb və ya yaralanıb," – o deyib.

Şahidlər partlayışdan sonra silah səslərinin davam etdiyini deyirlər.

Hücum bir çox Kabul sakininin avqustun 11-də başlayacaq müsəlman bayramı olan Qurban bayramına hazırlaşdığı vaxtda baş verib.

Taliban və ABŞ arasındakı sülh danışıqlarına baxmayaraq, Əfqanıstanda zorakılıq hallarında yavaşıma olmayıb.

ABŞ-ın sülh səfiri Zalmay Xəlilzad (Khalilzad) bu həftə danışıqlarda "əla irəliləyiş" olduğunu deyib və əlavə edib ki, bu, Amerikanın apardığı ən uzun müharibəni sonlandırmağı nəzərdə tutur.

Xəlilzad sentyabrın 1-dək yekun razılığın əldə olunacağına ümid etdiyini deyib. Lakin Taliban Kabul hökuməti ilə danışıqlara getməyi rədd edir. Taliban Kabul hökumətini “ABŞ-ın kuklası” adlandırır.

Ana səhifəDünyaTaliban Kabulda terror aktı törədib