Taliban dövlət qulluqçularına çağırış etdi: İş yerlərinə qayıda bilərsiz

Hazırda Əfqanıstandakı hava limanında insan tıxacı yaranıb

Source: reuters


Hazırda Əfqanıstandakı hava limanında insan tıxacı yaranıb

Əfqanıstanda hakimiyyəti ələ alan Taliban hərəkatı dövlət qulluqçularına çağırış edib.

TASS xəbər verir.

“Bütün dövlət qulluqçuları – kişilər də, qadınlar da iş yerlərinə qayıda bilərlər”, – Taliban bəyan edib.

Kabil əhlinin isə ölkədən çıxmaq uğrundakı mübarizələri davam edir. İnsanlar Əfqanıstanı tərk etmək üçün kütləvi şəkildə Həmid Kərzai Beynəlxalq Hava Limanına axın edir.

Hazırda hava limanında insan tıxacı yaranıb. Hətta havaya qalxan təyyarədən yapışmaq istəyən iki nəfər yerə yıxılaraq həyatını itirib.

Həmin təyyarənin ABŞ-a məxsus olduğu güman edilir. ABŞ avqustun 15-dən başlayaraq Kabildəki diplomatik heyətini ölkədən çıxarır.

Bundan əvvəl AFP şahidlərə istinadən xəbər verib ki, hava limanını nəzarətə götürən amerikalı hərbçilər xaricə getməyə can ataraq oraya daxil olan kütləni dağıtmaq üçün havaya atəş açıblar.

Avqustun 16-da Əfqanıstana məxsus hərbi təyyarənin qəza səbəbi də məlum olub.

“Ria Novosti” yazır ki, təyyarəni Özbəkistan Hava Hücumundan Müdafiə Qüvvələri vurub. Özbəkistan Müdafiə Nazirliyindən bildirilib ki, səbəb Əfqanıstan təyyarəsinin Özbəkistanın hava sərhəddini pozması olub.

Avqustun 15-də Əfqanıstan Daxili İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, Taliban silahlıları dörd bir yandan Əfqanıstanın paytaxtı Kabil şəhərinə yaxınlaşır. Daha sonra Əfqanıstanın “Əl-Ərəbiyyə” telekanalı mənbələrinə istinadən məlumat yaydı ki, paytaxt Kabilin şimalında və cənubunda hökumət qüvvələri ilə Taliban silahlıları arasında döyüşlər gedir.

Ardınca Qətərin paytaxtı Dohada fəaliyyət göstərən Taliban ofisi açıqlama yayaraq bildirdi ki, bəli, onların birlikləri Kabilə çatıb. Ancaq onlar insanların ölməsini və zərər görməsini istəmirlər. Buna görə də döyüşçüləri Kabilin giriş nöqtələrində dayanıb. Onlar Kabili silah gücünə yox, danışıqlar yolu ilə nəzarətə almaq istəyirlər:

“Şəhəri tərk etmək istəyənlər üçün təhlükəsiz dəhlizlər açılacaq. Kabil böyük və əhalisi sıx şəhərdir. Biz şəhəri zorla və ya müharibə yolu ilə işğal etmək niyyətində deyilik. Məqsəd keçid prosesində heç kimin həyatına, mülkünə, şərəfinə və kabillilərin həyatına zərər verməməkdir”, – Talibanın açıqlamasında deyilir.

Avqustun 15-də Əfqanıstan daxili işlər naziri Əbdül Səttar Mirzəkval yazılı çıxışında “Əfqanıstan xalqı narahat olmamalıdır … şəhərə heç bir hücum olmayacaq və hakimiyyətin keçid hökumətinə sülh yolu ilə verilməsi olacaq”, – bildirdi.

Növbəti xəbərlərdə isə Əfqanıstan prezidenti Aşraf Qaninin danışıqlardan sonra ölkəni tərk etdiyi bildirilirdi.

Ana səhifəDünyaTaliban dövlət qulluqçularına çağırış etdi: İş yerlərinə qayıda bilərsiz