Taleh Bağırzadənin “kars”a salındığı bildirilir

Tale Bağırzadə. Foto: Meydan TV

İlahiyyatçı vəkilinə deyib ki, məqsəd onu yenidən Qobustandakı həbsxanaya göndərməkdir

Müsəlman Birliiyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində cərimə kamerasına (“kars”) salındığı bildirilir. Bu barədə Meydan TV-yə onun ailə üzvləri məlumat verib.

Yaxınlarının sözlərinə görə, həftənin cümə axşamı və bazar günləri ilahiyyatçının evi ilə telefon əlaqəsi saxladığı gündür. İyunun 4-də evdə gözləsələr də, zəng etməyib. Araşdırılan zaman məlum olub ki, cəzalandırılıb:

“Keçən həftə telefonla danışanda demişdi ki, ona problem yaradırlar, süni şəkildə təxribata çəkməyə çalışırlar. Hətta bununla əlaqədar müəssisə rəhbərliyinə də xəbərdarlıq edib. Adi 15 dəqiqəlik telefon zəngi hüququndan normal qaydada istifadə etməyə imkan verilmir. Başqa məhbuslara ailə üzvlərilə videozəngə icazə verildiyi halda, Taleh Bağırzadə bu hüquqdan məhrumdur”.

Taleh Bağırzadənin “karsa” salınması haqda məlumatı dəqiqləşdirmək, onun cəzalandırılmasının səbəblərini öyrənmək üçün vəkili Fəxrəddin Mehdiyev iyunun 5-də 12 saylı cəzaçəkmə müəssisəsində ilahiyyatçı ilə görüşüb. Məlum olub ki, onun cəzalandırılması haqda məlumat doğrudur – Taleh Bağırzadə iyunun 2-dən “kars”dadır.

İlahiyyatçı vəkilinə deyib ki, məqsəd onu yenidən Qobustandakı həbsxanaya göndərməkdir. Heç bir əsas olmadan cəzalandırmaqla gələcək üçün süni dəlillər toplayırlar.

“Eyni zamanda, bildirib ki, günahsız insanlara qarşı həbs və işgəncələr dayandırılmasa, aclıq aksiyasına başlamaq niyyətindədir. Ardı-arası kəsilmədən günahsız insanlar şərlənərək həbs olunur, işgəncələrə məruz qalır. Onun özünü münaqişəyə cəkmək cəhdlərinin arxasındakı məkrli niyyəti də anlayır. Başa düşür ki, bu üsulla Abbas Hüseynov kimi, onu da Qobustana göndərmək niyyəti güdürlər”, – ilahiyyatçının ailəsindən bildirilib.

Penitensiar Xidmətdən isə Taleh Bağırzadənin cərimə kamerasına salınması haqda məlumatlara heç bir münasibət bildirilməyib.

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvlərindən biri, 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı Taleh Bağırzadə ilə birlikdə həbs olunmuş Abbas Hüseynov bugünlərdə yenidən Qobustan həbsxanasına köçürülüb. İddia olunub ki, o, 1 saylı cəzaçəkmə müəssisəsində intizam qaydalarına əməl etməyib. Bu üzdən müəssisənin rəisi onun yenidən 3 illik həbsxana rejiminə köçürülməsi üçün məhkəməyə təqdimat verib. Nizami rayon Məhkəməsi onun 2 illik həbsxana rejiminə köçürülməsi barədə qərar çıxarıb.

Abbas Hüseynovun 1 saylı cəzaçəkmə müəsssisəsinə gəlişi, bu qurumun rəisinin onu tanıması, məhkəməyə təqdimat yazması, hakimin təqdimatı araşdırması, qərar çıxarması – cəmi 17 gün çəkib.

2015-ci ilin noyabrından həbsdə olan Taleh Bağırzadə və Abbas Hüseynovun hər biri 20 il azadlıqdan məhrum edilib. Onlar terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, bunların heç birini qəbul etmir, sifarişlə həbs olunduğunu bildirir.

Taleh Bağırzadə bu cəzanın 7 ilini Qobustan həbsxanasında çəkib.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 50-yə qədər üzvü hazırda həbsdədir. Onların heç biri ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduqlarını deyirlər.

Ana səhifəXəbərlərTaleh Bağırzadənin “kars”a salındığı bildirilir