Tağlı sakini: Bələdiyyə sədri icarəmdə olan torpağı əlimdən almaq istəyir

“Arxasında Hacıqabul Rayon Polis Şöbəsinin təhqiqatçısı dayanır”.

Source: Specify Source


“Arxasında Hacıqabul Rayon Polis Şöbəsinin təhqiqatçısı dayanır”

“Gah bizi qadınların əli ilə şərləməyə cəhd edir, gah torpaq sahəmizin çəpərlərini sökdürür, gah da üstümüzə guya torpaqdan qanunsuz istifadə etməyimiz barədə saxta bildirişlər göndərir. Qadınların əli ilə bizi polis şöbəsinə çəkdirir, torpaq sahəmizə gedən yollarımızı kəsir, min oyundan çıxır ki, icarəmizdə olan torpaqlarımızdan könüllü imtina edək”.

Bunu Meydan TV-yə Hacıqabulun Tağlı kənd sakini İlkin Rəhimov deyir. Onun sözlərinə görə, İkinci Udullu bələdiyyəsinin sədri Mübariz Süleymanov onun istifadəsində olan 50 sot torpaq sahəsini əlindən almağa çalışır.

İlkin Rəhimov danışır ki, yaşadığı kənddə hələ 2006-cı ildə keçmiş bələdiyyə ona örüş sahəsi kimi istifadə etmək üçün 50 sot torpaq sahəsini 50 illik icarəyə verib. O da ötən illər ərzində bu torpaq sahəsindən təyinatı üzrə istifadə edib. Ancaq bir müddətdir ki, hazırkı bələdiyyə sədri Mübariz Süleymanov torpaq sahəsini onun əlindən alımağa çalışır.


“Məni ləkələmək, şərləmək istəyir”

“Mübariz Süleymanovun atası kəndimizin icra nümayəndəsi işlədiyi vaxtlarda bir kənd sakininə qarşı haqsızlıq etmişdi. Mən də həmin kənd sakininin iddiası əsasında keçirilən məhkəmədə nümayəndəsi kimi çıxış edirdim. O vaxtdan münasibətlərimiz kəskin pisləşib, Mübariz Süleymanov kənd bələdiyyə sədri olandan sonra bizim ailədən atasının hayıfını almağa çalışır. Bir dəfə keçmiş bələdiyyə sədrini rayon icra hakimiyyətinə çağırıblar, orada Mübariz Süleymanov və arxalandığı məmur keçmiş bələdiyyə sədrindən tələb ediblər yazsın ki, guya torpaq sahəsi mənə 2006-cı ildə yox, 2018-ci ildə verilib. Guya mən özbaşına sənədləri saxtalaşdırmışam. Keçmiş bələdiyyə sədri isə bu işə qol qoymayıb, deyib, 80-dən çox yaşım var, belə işlərə baş qoşmaq, kimisə ləkələmək, şərləmək mənimçün kənd içində ayıb olar”, – İlkin Rəhimov danışır.

Onun sözlərinə görə, keçmiş bələdiyyə sədrini yola gətirə bilməyəndən sonra hazırkı bələdiyyə sədri, necə deyərlər, “b” planına keçib:

“Kəndin bəzi qadınlarını üzümə durğuzmağa, onların əli ilə şərləməyə çalışıb. Həmin qadınlar özləri etiraf ediblər ki, bələdiyyə sədri torpağı mənim əlimdən ala bilsə, bu işdə ona “kömək etdiklərinə görə” onların arasında bölüşdürəcək. Həmin qadınlar çəpəri dağıdıblar, dəfələrlə üstümə hücum çəkiblər, ailə üzvlərimi söyüblər, məni vadar ediblər ki, onlara əl qaldırım, ancaq mən səbrli davranmışam, anlamışam ki, bunlar hamısı bələdiyyə sədrinin quramasıdır”.

ilkinin.jpeg
Torpaq icarəsi müqaviləsi


“Onların şər-böhtanları araşdırılır, bizim şikayətlərimiz yox”

İlkin Rəhimov və anası Ziyarət Rəhimova bələdiyyə sədrinin və onlara “sataşan” qadınların hərəkətlərindən dəfələrlə polisə, prokurorluğa, rayon icra hakimiyyətinə, aidiyyəti üzrə başqa qurumlara müraciət ediblər. Ziyarət Rəhimovanın iddiasına görə, qarşı tərəfi polis himayə edir:

“Arxasında Hacıqabul Rayon Polis Şöbəsinin təhqiqatçısı dayanır. O, bizdən tələb edir ki, üzümüzə duran qadınların kənd torpaqlarını zəbt etmələri, örüş sahələrimizə gedən yolları kəsmələri ilə bağlı DİN 102 xidmətinə, digər qurumlara etdiyimiz şikayətləri geri götürək. Həmin qadınlar qəsdən oğlumu qıcıqlandırırlar, qaçırlar polisə şikayət edirlər, polis də bizi ailəlikcə süründürür. Hər dəfə qadınlar, yaxud bələdiyyə sədri polisə yalan məlumatlar verir, bizi şöbəyə yığıb saatlarla saxlayırlar, o otaqda, bu otaqda dindirirlər, psixoloji təsir göstərirlər. Ancaq həm o qadınlardan, həm də bələdiyyə sədrindən indiyədək etdiyimiz şikayətlərin heç birinə baxmayıblar. Ona görə ki, qarşı tərəfin polis şöbəsində qohumu var, həm bələdiyyə sədrinin, həm də o qohumun tapşırığıyla bizi incidirlər. Bu yolla istəklərinə çatmaq istəyirlər. İstəyirlər ki, istifadəmizdə olan torpaqdan könüllü imtina edək”.

Meydan TV müxbiri İlkin Rəhimovun iddialarına aydınlıq gətirməsi üçün bələdiyyə sədrinə müraciət etsə də, o, sualları cavablandırmayıb. Daha sonra isə telefon zənglərinə cavab verməyib.

Hacıqabul Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, İlkin Rəhimovun bələdiyyə ilə bağlı şikayəti varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilər:

“Bu, vətəndaşla bələdiyyə sədri arasındakı məsələ olduğuna görə icra hakimiyyətinə aidiyyəti yoxdur. Vətəndaş bələdiyyə sədrinin hər hansı qanunsuz hərəkəti ilə üzləşibsə, buna görə hüquq-mühafizə orqanları var, müraciət etmək də hüququdur”.

Hacıqabul Rayon Polis Şöbəsindən isə məsələnin onlara aidiyyatı olmadığını, bu barədə açıqlama verməyəcəklərini deyiblər.

Ana səhifəBölgəTağlı sakini: Bələdiyyə sədri icarəmdə olan torpağı əlimdən almaq istəyir