Suriya əməliyyatı: Eyforiyadan sonrakı Türkiyə

Diktatorların ən böyük istəyi, bütün zir-zibillərini örtəcək milliyyətçi ab-havadır

Foto: Meydan TV


Diktatorların ən böyük istəyi, bütün zir-zibillərini örtəcək milliyyətçi ab-havadır

“Əziz ana. Fransızları əzdik. Qarşımızdan qorxaqlar kimi qaçdılar. Və indi bu gözəl ölkə reyxə xidmət edəcək. Paris, həmişə olduğu kimi çox gözəldir”. Alman ordusunun-Vermaxtın tank zabiti, leytenant Avqust fon Kaqenek 28 iyun 1940-ci il tarixli məktubunda Berlində yaşayan anası Sandraya bu sözləri yazmışdı. Anasının 1 həftə sonrakı cavabı daha dramatik və peyğəmbərcəsinə idi: “Oğlum, bu müharibə bir cinayətdir, bunun cəzasını hamımız çəkəcəyik”. 4 il sonra sovet tankları Berlini əzəndə, təcavüz olunan 2 milyona yaxın qadından biri də, Avqustun anası Sandra idi.

Avqust fon Kaqenek Hitlerə fanatikcəsinə inanan və onun etdiklərinin Almaniyanın maraqlarına uyğun olduğunu düşünən, bunun bahasını öz həyatıyla ödəyən 6 milyon almandan biri idi. Lakin onun və yoldaşlarının atdığı güllələr təkcə onların deyil, əvvəl Avropanın, sonra bütün dünyanın və lap sonda bütöv bir xalqın, Avropanın ən qüdrətli xalqının faciəsi oldu. Və bunun travması üstündən 70 il keçməsinə baxmayaraq, alman xalqının psixologiyasından hələ də silinməyib.

İndi bir adam düşünün. 17 ildir ölkəsini sömürür. Ölkədə demokratiyanı, insan haqlarını, məhkəmə müstəqilliyini məhv edib. Ölkənin bütün sərvətini özünün və ailəsinin mülkünə çevirib. Minlərlə insanı həbsə atdırıb. Minlərləsini öldürtdürüb. On minləri didərgin salıb. Ölkəsini orta əsrlərin qaranlığına qaytarıb. Dünyanın ən dəhşətli terror təşkilatının əsas dəstəkçisidir. Və utanmadan terrorla mübarizə adı altında qonşu ölkənin ərazisində hərbi əməliyyata başlayır. Halbuki, özünün dəstəklədiyi terror təşkilatı 3 il əvvəl dünyanı lərzəyə gətirəndə, gözlərini yummuşdu. Həmin terror təşkilatı ölkəsinin sərhəd kəndlərini bombalayıb vətəndaşlarını öldürəndə susmuşdu. 4 il əvvəl yüksək səviyyədə qəbul edib, tərəfdaşlıq təklif etdiyi təşkilat, onun şərtlərini qəbul etməyincə, terror təşkilatı elan edib, terrorla mübarizə adı altında, yalnız və yalnız özünün və ailəsinin maraqlarını düşünən bir adamı düşünün. Və bu adamı hələ də dəstəkləyirlər. Tarix, ibrətamiz dərslərlə dolu olsa da, bəzi həqiqətləri kor gözlərə zorla göstərən illuminator deyil.

Diktatorların ən böyük istəyi, bütün zir-zibillərini örtəcək milliyyətçi ab-havadır. Təəssüf ki, hər dəfə xalqlar, bu tryukları yeyirlər və sonra da əzab çəkən günahsız xalq haqqında ozanlar nəğmələr yazırlar.

Hitlerin ölümündən 70 il sonra, ortaya çıxan yeni bir Hitler öz ölkəsini uçuruma aparmaqdadır. Artıq ABŞ, sanksiyalar düyməsini basıb. Avropa soyuq qəzəb nümayiş etdirir. Bu əməliyyatların uduşu yoxdu. Türkiyə hərbi uğur qazansa belə, qarşıda onu siyasi fiasko gözləyir. Bunu dərk etməyib, millətçiliyin məstedici ahəngində “yaşa, irəli əsgər” şüarları hayqıranlar, necə də miskin və bədbəxt görünürlər. Elə bizim ölkədə də. Qışqırmaq yetmir.

Tarix kitabları çox qalındır, açın oxuyun desən, həvəsləri olmayacaq. Yazmaq da mənasızdır əslində. Çünki beyinlər kor-koranə təbliğatla dolub, zatən.

Bütün bu proses zamanı kənarda dayanan Rusiya əllərini ovuşdurur. Daha bir qurban onu gözləyir. Öz ayağıyla tora düşən daha bir qüdrətli dövlət və nəhəng xalq. 1-cə güllə atılmadan, Rusiya 400 illik arzusunu həyata keçirəcək və boğazların ağası olacaq. Əgər, bu gün başlayan proses dayanmasa, ən sonda yaşanacaq nəticə budur və qərb dünyasıyla tamamilə üzülüşən Türkiyə Rusiyanın forpostundan daha artıq nəsə olmağa iddia edəcək gücdə olmayacaq.

İndi xalq, müxalifət diktatoru dəstəkləyir. İnsanlar başlarını itiriblər. Freydin dediyi, katarsis səciyyəli qan orgiyası bütöv bir xalqı orqazma çatdırıb. Ayılanda çox gec olacaq, amma nə olsun? Zətən, həmişə belə olmayıbmı?

1914-cü ildə, Almaniyanın avtokrat lideri Kayzer II Vilhelm dünya müharibəsini alovlandıranda, müharibənin ən böyük əleyhdarı və bütün dünya solunun ümidi olan, alman sosial-demokratları, hamıdan çox haray-həşir salmışdılar və 4 avqustda imperatora müharibəni maliyyələşdirmək üçün parlamentdə lazım olan səs çoxluğunu, sevin qışqırıqları və alqış sədaları altında ona təqdim etmişdilər. Bu, dünya solunun üzündəki qara ləkələrdən biri olmaqla yanaşı, tarixi elə bir geriyədönməz şəkildə dəyişdirdi ki, əgər o vaxt müharibəni bloklaşdırsaydılar nəticələri necə olardı, indi heç təsəvvür etmək də mümkün deyil.

İndi, Avropanı və İslam dünyasını əhatə edən təxminən 100 ölkənin ən güclü və lider ölkələrindən biri olmaq prespektivini düşünün. Türkiyə aramla, səssizcə bu yolda irəliləyirdi və məqsədinə çatmağına çox az qalmışdı. Sonra bir adam gəldi. Başladı qışqırmağa. Xalqın, əvvəlcə ağlını başından aldı, sonra səsini, ardınca haqqını, sərvətini, indi də gələcəyini alır. Türkiyə, bu əməliyyatları ən mükəmməl hərbi nailiyyətlə başa çatdırsa belə, nəticəsi siyasi fiasko və rus çəkmələri altında inildəyən ortabab müsəlman ölkəsi olmaq olacaq. İtkilərin miqyasını təsəvvür edə bilməyiniz üçün, bu misal haqda düşünün. Ölkəsini Avropa İttifaqı üzvlüyünün bir addımlığında hakimiyyətini itirməmək üçün dayandıran bir adamın, hansısa milli maraqları vecə aldığını düşünmək, necə də hüznlüdür.

P.S Bu yazının birinci

hissəsinə

yazılan şərhlərdə, ən ritorik sual bu idi ki, sabah İlham Əliyev, Qarabağda onun da hakimiyyətini möhkəmlədəcək Qarabağı işğaldan azad etmə əməliyyatına başlasa, reaksiyam nə olacaq. Müqayisə qüsurludur. Birincisi, Qarabağ Azərbaycanın suveren ərazisidir və beynəlxalq hüquqla Qarabağda mövcud olan istənilən qeyri-qanuni silahlı qruplaşmanı məhv etmək Azərbaycanın suveren hüququdur. İkincisi isə, bu suala cavab olaraq deyim ki, əgər başlayacaq əməliyyatlar qan üzərində qurulan və qanla qidalananan Şimal imperiyasının qana olan müntəzəm tələbatını ödəmək üçün başlatdığı dava-dava oyunu olmayacaqsa, utopik dünya sülhünü təbliğ etmək naminə öz ölkəmin maraqlarının və suveren hüququnun qarşısında heç vaxt dayanmayacağam.

Ana səhifəXəbərlərSuriya əməliyyatı: Eyforiyadan sonrakı Türkiyə