Superseriya-1972: Kanada

Məğlubiyyət kanadalılar üçün soyuq duş oldu və onlar özlərinə bərabər rəqiblə qarşılaşdıqlarını anladılar.

Foto: Meydan Tv


Məğlubiyyət kanadalılar üçün soyuq duş oldu və onlar özlərinə bərabər rəqiblə qarşılaşdıqlarını anladılar

SSRİ-də şaybalı hokkey İkinci Dünya Müharibəsinə qədər elə də populyar deyildi. İlk ölkə çempionatı yalnız müharibədən sonra, 1946-cı ildə keçirildi. Tezliklə bu oyun Moskva başda olmaqla bir sıra şimal şəhərlərində xeyli sevildi və ən populyar qış idman növünə çevrildi.

1954-cü ildən etibarən SSRİ yığma komandası beynəlxalq yarışlarda iştirak etməyə başladı. Həmin il İsveçdə keçirilən dünya və Avropa çempionatında (hokkey üzrə Avropa çempionatı dünya çempionatının nəzdində keçirilirdi) ilk dəfə iştirak edən sovet komandası gözlənilmədən hər iki turnirin qalibi oldu.

1950-1960-cı illərdə sovet komandası daha 8 dəfə dünya, 12 dəfə Avropa və 3 dəfə olimpiya çempionu titulunu qazandı (həmin dövrdə hokkey üzrə olimpiada turniri həm də dünya çempionatı sayılırdı). Bu uğurların arxasında sovet hokkeyçilərinin şəksiz ustalığı ilə yanaşı onların yalançı həvəskar statusu da önəmli rol oynayırdı.

Belə ki, Beynəlxalq Buz üzərində Hokkey Federasiyasının (İİHF) himayəsi altında keçirilən yarışlarda yalnız həvəskar idmançıların iştirakına icazə verilirdi. Peşəkar hokkeyçilər bu yarışlarda iştirak edə bilməzdilər. Sovet idmançıları (eləcə də digər sosialist ölkələrinin təmsilçiləri) isə de-yure peşəkar sayılmırdılar. Onlar idmanla guya işdən sonrakı asudə vaxtlarında məşğul olurlar. Məsələn, ÇSKA üzvləri hərbçi, dinamoçular isə milis işçisi sayılırdılar. “Spartak” həmkarlar ittifaqını təmsil edirdi. Əslində isə bu həvəskarlıq saxta idi.

Beləliklə, Kanada və ABŞ-n ən güclü hokkeyçiləri dünya çempionatlarında və olimpiadalarda iştirak edə bilmirdilər (halbuki başqa idman növlərində bu qayda yalnız olimpiadalara aid idi, məsələn, futbol üzrə dünya çempionatında peşəkarlar iştirak edirdilər), “həvəskar” sovet hokkeyçiləri isə iştirak edir və çempion olurdular.

Sovet komandasının xüsusən 1963-1969-cu illərdə bütün turnirlərdə qələbə qazanmasından təngə gələn kanadalılar İİHF-ə müraciət edərək qaydalarda dəyişiklik edilməsini istədilər. Axı növbəti çempionat Kanadada keçiriləcəkdi və ev sahibləri sonuncu dəfə 1961-ci ildə qazandıqları çempionluğa yenə qovuşmaq arzusunda idilər.

İİHF əvvəlcə kanadalıların istəyinə qismən müsbət yanaşdı. Hər komandaya öz tərkibinə 9 peşəkar idmançı qatmaq hüququ verildi. Üstəlik, dünya çempionatının başlanmasına 6 həftə qalmış peşəkar klubla müqaviləsinə son verən hokkeyçilər də turnirdə iştirak edə bilərdilər (əvvəllər həmin müddət 6 ay idi).

Amma bu qərar sonradan ləğv edildi. Qəzəblənən kanadalılar nəinki dünya çempionatını keçirməkdən, ümumiyyətlə iştirakdan imtina etdilər (1977-ci ilə qədər). Bunun əvəzinə onlar sovet komandasını, bir növ, duelə çağırdılar: ən güclü hokkeyçilərdən təşkil olunan SSRİ və Kanada yığmaları arasında bir neçə oyundan ibarət superseriya keçirməyi təklif etdilər.

Təklif, idman yarışlarına ciddi siyasi əhəmiyyət verən sovet rəhbərliyində fikir ayrılığı yaratdı. Kommunist partiyasında ikinci adam və əsas ideoloq sayılan Suslov məğlubiyyət ehtimalı səbəbindən əleyhinə çıxdı. Partiya və dövlət rəhbəri Brejnevdə isə hokkey azarkeşliyi siyasətçi ehtiyatına qalib gəldi. Məhz Brejnevin mövqeyi həlledici oldu və təklif qəbul edildi.

***

1972-ci ilin yazında tərəflər gələcək oyunların detallarını dəqiqləşdirdilər. Səkkiz oyun keçiriləcəkdi: dördü Kanadada, dördü SSRİ-də. Kanadadakı oyunları ABŞ-dan olan hakimlər, SSRİ-dəki oyunları isə avropalı hakimlər idarə edəcəkdilər. Həm Kanada, həm də sovet hokkeyçilərinin əsas forma rəngi qırmızı olduğundan qərara alındı ki, evdə oynayan komanda qırmızı, qonaqlar isə ağ geyinsin.

Uzun illər ABŞ və Kanada peşəkarları yeganə hokkey liqasında – Milli hokkey liqasında (NHL) çıxış edirdilər. Amma 1971-ci ildə Kanadada daha bir peşəkar hokkey liqası –Ümumdünya hokkey assosiasiyası (WHA) – yaradıldı. İki liqa arasında kəskin düşmənçilik hökm sürürdü.

NHL rəhbərləri WHA-da çıxış edən klublarla müqavilə imzalayan kanadalıların superseriyaya dəvət edilməsinin əleyhinə çıxdı. Buna görə də o zaman Kanada hokkeyinin ən parlaq ulduzu sayılan Bobbi Hall komandaya çağrılmadı. Hətta Kanadanın baş naziri Pyer Trüdonun (indiki baş nazirin atası) xahişi də nəticəsiz qaldı. Eyni səbəbdən bir sıra başqa tanınmış oyunçular da dəvət olunmadılar. Kanadalıların daha bir itkisi bütün dövrlərin ən yaxşı müdafiəçilərindən biri sayılan Bobbi Orrun zədə səbəbindən oyunlarda iştirak etməməsi oldu.

Sovet komandasında isə üçqat olimpiya çempionu (hokkey tarixində üçqat olimpiya çempionu olan cəmi 6 nəfərdən biri) Anatoli Firsov oyunlarda iştirak etmirdi. Bunun da səbəbi yığma komandanın yeni məşqçisi olan Vsevolod Bobrov idi. O, Firsovu 1972-ci ilin dünya çempionatına aparmamışdı. Həmin çempionatda SSRİ-nin 9 illik ardıcıl çempionluğuna son verildi. İndi Firsov Bobrovun məşqçi olduğu komandada oynamaq istəmirdi.

(Sovet komandasının əvvəlki məşqçi dueti, Çernışev və Tarasov 1972-ci il olimpiadasında çempionluq qazansalar da, komandadan qovuldular. Səbəb o idi ki, turnirin son oyununda siyasi rəhbərlik Çexoslovakiya komandası ilə heç-heçə oynamağı tapşırmışdı. Bu halda SSRİ yenə çempion olurdu, sosialist ölkəsi olan Çexoslovakiya isə gümüş medal qazanacaqdı. Moskva bununla “Praqa baharı” zamanı hərbi müdaxiləyə görə SSRİ-yə kəskin münasibət bəsləyən çexoslovakların könlünü almaq istəyirdi. Amma məşqçilər tapşırığa qulaq asmadılar, komanda 5:2 hesabı ilə qalib gəldi, nəticədə ikinci yeri SSRİ-nin əsas düşməni olan ABŞ tutdu)

***

Sovet hokkeyçilərinin Kanadada ilk məşqinə ciddi maraq vardı. Qonaqların nə qədər köhnə forma geydiklərini görən kanadalılar xeyli heyrətləndilər. İdman ləvazimatları istehsal edən bir neçə şirkət sovet komandasına dərhal pulsuz, reklam məqsədilə konkilər, papaqlar, dizliklər, dirsəkliklər, hokkey ağacı, əlcəklər, köynək və şortik verdilər.

Kanadalılar qalib gələcəklərinə əmin idilər. Üstəlik, bütün səkkiz oyunu udacaqlarına inanırdılar. “The Hockey News” jurnalının keçirdiyi sorğuda iştirak edən ekspertlər SSRİ-nin bircə oyunda belə qalib gəlməsinin mümkünsüz oduğunu deyirdilər. Torontoda çıxan “The Globe and Mail” qəzetinin jurnalisti Dik Beddos da kanadalıların qalib gələcəyini yazır və deyirdi ki, əgər ruslar bircə oyunda qalib gəlsələr, məqaləsini xırda hissələrə bölərək borşa töküb yeyəcək.

Deyilənlərə görə, kanadalılar bir qədər də sovet məşqçisinin hiyləsinin qurbanı oldular. Belə ki, Bobrov yetirmələrinə məşq zamanı özlərini zəif göstərməyi tapşırmışdı. Hokkeyçilər də buz üzərində köntöy sürüşür, tez-tez yıxılır, qapıya zərbələrin çoxunu kənara vururdular. Dəqiq zərbələrin çoxunu isə qapıçı Tretyak buraxırdı.

Kanadalılar 20 yaşlı Tretyak haqqında ümumiyyətlə aşağı fikirdə idilər. Avqust ayında Moskvaya göndərdikləri nümayəndələr ÇSKA ilə Moskva şəhər yığmasının yoldaşlıq oyununa baxmışdılar. ÇSKA-nın qapıçısı olan Tretyak həmin oyunda 8 qol buraxdı. Kanadaya dönən nümayəndələr sovet komandasında ən zəif həlqənin qapıçı olduğunu söyləyirdilər. Tretyak isə həmin oyunda zəif çıxışını ertəsi gün baş tutacaq toyunun ağlını məşğul etməsilə ilə izah edəcək.

11_8f192ba1.jpg
Uzun illər ABŞ və Kanada peşəkarları yeganə hokkey liqasında – Milli hokkey liqasında (NHL) çıxış edirdilər.

Ev sahiblərində bu əhval-ruhiyyə o qədər güclü idi ki, NHL tarixinin ən məşhur qapıçılarından biri olan Jak Plant ilk oyun öncəsi Tretyaka yaxınlaşıb ona bəzi kanadalı oyunçularla bağlı məsləhətlər verdi. Plant fikirləşirdi ki, Kanada onsuz da rəqibini məğlub edəcək və gənc qapıçının heç olmasa az qol buraxmasını, sarsıntı keçirməməsini istəyirdi.

Analoji əhval-ruhiyyədə olan təkcə kanadalılar deyildi. Sovet nümayəndə heyətinə başçılıq edən idman bürokratı Georgi Roqulski də həmvətənlərinin perspektivi haqqında yüksək fikirdə deyildi. Sovet hokkeyçisi Boris Mixaylov xatırlayır ki, Roqulski onlara verdiyi öyüd-nəsihətdə qələbə qazanmaqdan yox, ləyaqətlə uduzmaqdan bəhs edirdi.

***

Superseriyanın ilk oyunu sentyabrın 2-də Monrealın “Forum” zalında keçirildi. Oyundan əvvəl 18800 tamaşaçı bir-bir adları çəkilən kanadalı hokkeyçiləri gurultulu alqışlarla salamlayırdılar. Sovet hokkeyçiləri heç vaxt belə səs-küy görməmişdilər. Tretyak sonralar “Qordonun qonağı” verilişində etiraf edirdi ki, həmin anda dizləri əsirdi.

Yəqin ki, o biri sovet hokkeyçiləri də eyni əhvalda idilər və oyuna olduqca uğursuz başladılar. Bobbi Hallın yoxluğunda Kanadanın əsas hücumçusuna çevrilən Fil Espozito artıq 30-cu saniyədə hesabı açdı. 7-ci dəqiqədə Hendersonun zərbəsindən sonra hesab artıq 2:0 idi. Bu zaman arenadakı orqançı sovet hokkeyçilərini artıq basdırmaq lazım gəldiyinə işarə edərək dəfn marşı çaldı, tamaşaçılar bunu qəhqəhə ilə qarşıladılar.

Amma kanadalılar dəfn üçün bir az tələsmişidilər. Tezliklə vəziyyət dəyişdi. Zimin və Petrovun qollarından sonra komandalar ilk hissəni 2:2 hesabı ilə bitirdilər. Kanadalı azarkeşlər yüngül şok keçirsələr də, bunun təsadüf olduğuna əmin idilər. Ancaq təsadüf deyildi. İkinci hissə Xarlamovun iki qolundan sonra 2:4 hesabı ilə bitdi. Sonuncu hissədə qonaqların üç qoluna (Mixaylov, Zimin, Yakuşev) kanadalılar yalnız bir qolla (Klark) cavab verdilər və ilk oyunu 3:7 hesabı ilə uduzdular.

Məğlubiyyət kanadalılar üçün soyuq duş oldu və onlar özlərinə bərabər rəqiblə qarşılaşdıqlarını anladılar. Ev sahibləri o qədər məyus idilər ki, oyundan sonra qonaqlar əl sıxmaq üçün onları meydançada gözlsələr də, görüşmədən soyunub-geyinmə otağına yollandılar. Dik Beddos isə Torontodakı sovet konsulluğunun qarşısına gələrək sözübütöv adam olduğunu sübut etdi. O, qəzetdə məqaləsi yazılan hissəni doğrayaraq borşa tökdü və yedi.

İkinci oyun sentyabrın 4-də elə Torontoda, “Maple Leaf Gardens” arenasında keçirildi. Ürəklənən Roqulski sovet hokkeyçilərinə bu dəfə “sizin uduzmağa haqqınız yoxdur” dedi. Amma yenə onun dediyinin əksi baş verdi. Hesab ikinci hissənin ortalarında açıldı, Fil Espozito fərqləndi. Sovet komandası üçüncü hissənin altıncı dəqiqəsində hesabı bərabərləşdirsə də (Yakuşev), kanadalılar daha üç qol (Kurnuaye, Piter Mahovliç və Frenk Mahovliç) vuraraq 4:1 hesabı ilə qələbə qazandılar və ümumi hesabı bərabərləşdirdilər.

Nə qədər əsaslı olduğunu indi söyləmək çətindir, amma bu oyundakı hakimlik sovet tərəfinin ciddi narazılığına səbəb oldu. Onlar həmin hakimlərin (Stiv Daulinq və Frenk Larsen) daha heç bir oyunu idarə etməməsini tələb etdilər. Kanada tərəfi bu istəklə razılaşdı və sonrakı iki oyunda da ilk oyunu idarə edənlər (Len Qanyon və Qord Li) hakimlik etdilər.

Vinnipeq şəhərində “Winnipeg Arena”da sentyabrın 6-da keçirilən üçüncü oyunun birinci hissəsində kanadalılar 2:1 hesabı ilə qalib gəldilər (Parize və Ratel; Petrov). İkinci hissədə Espozito hesab arasındakı fərqi bir az da artırdı – 3:1. Xarlamovun qoluna Henderson cavab verdi 4:2. Amma hissənin son 5 dəqiqəsində sovet idmançıları (Lebedev və Bodunov) hesabı bərabərləşdirdilər. Üçüncü hissədə qol vurulmadı və heç-heçə qeydə alındı 4:4

Kanadada son oyun sentyabrın 8-də Vankuverdə “Pacific Coliseum” arenasında keçirildi. İlk hissədə Mixaylov dubl etdi, 0:2. İkinci hissədə kanadalı Perro fərqi azaltsa da, Blinov və Vikulovun qollarından sonra hesab 1:4 oldu. Üçüncü hissədə kanadalılar iki (Qolsuorti və Dennis Hall), qonaqlar isə bir dəfə (Şadrin) fərqləndilər. Nəticədə SSRİ 5:3 hesabı ilə qalib gəldi və seriyada önə çıxdı: 2:1

Oyunun sonunda azarkeşlər kanadalı hokkeyçiləri fitə basırdılar. Fil Espozito televiziyaya müsahibəsində buna belə reaksiya verdi: “Biz buraya Kanadanı sevdiyimiz üçün gəlmişik. Onların yaxşı komandası var və mən bilmirəm, nəyi daha yaxşı edə bilərdik, amma söz verirəm ki, öhdəsindən gələcəyik. Mən çox məyusam, düşünürəm ki, azərkeşlərin bizi fitə basması ədalətli deyil”.

Bu oyunla superseriyanın Kanadı hissəsi başa çatdı, qarşıda SSRİ-də keçiriləcək daha 4 oyun vardı. Tretyak bu 4 oyunun ikisində SSRİ heyətində ən yaxşı oyunçu seçilməklə kanadalıların onu barəsində nə qədər yanıldıqlarını ortaya qoydu. Həmin vaxtdan etibarən Tretyak və Xarlamov kanadalı hokkey azarkeşlərinin idoluna çevrildilər.

Ana səhifəXəbərlərSuperseriya-1972: Kanada