Sumqayıtlı sahibkarlara Prezident Administrasiyasından ümidverici cavab

Sumqayıtlı sahibkarlara Prezident Administrasiyasından ümidverici cavab 672 views

Vaxtilə Şərq bazarına bitişik 66 obyektdə çalışan sahibkarlar növbəti dəfə Prezident Administrasiyasına müraciətə gəliblər. 2017-ci ildə obyektləri söküləndə Sumqayıt Şəhər İcra Hakimiyyətindən onlara verilən zəmanət məktubunda obyektlərin yenidən tikilərək sahibkarlara veriləcəyi qeyd olunmuşdu. Üzərindən iki il keçsə də, həmin ərazidə daşı daş üstdə qoyan olmayıb.

"2 il öncə İcra hakimiyyətindən hamısı tökülmüşdü əraziyə. Hamısı vəkillik edirdi ki, Zakir Fərəcov tikib sizə yer verəcək. 9 kvadratmetr yerinə 18 kvadratmetr yerəcək. Elə mənim 20 kvadratmetrlik yerim var idi. Niyə dağıtdılar ki, oranı? Dağıtdı, indi gedirsən adamı it yerinə də qoymurlar. Aparatdan deyirlər ki, get qəbul edəcəklər, orada vecinə də alan yoxdur", – Ələkbər Zeynalov deyir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən zənglərimizə cavab verən olmadı. Qurumun mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Meydan TV-yə sonuncu açıqlamasında obyektləri icra hakimiyyətinin yox, sahibkarların tikəcəyini bildirmişdi. Həmçinin qanuni sənədləri olan sahibkarların yerlə təmin olunacağını da söyləmişdi.

Və budur 3 saat gözləyişdən sonra sahibkarların nümayəndəsi Yusif Məmmədov qəbuldan çıxır.

"Ərazi üzrə kurator Vəfadar müəllim bizi qəbul elədi. Söz verdi ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı ilə əlaqə saxlayacaqlar. Sahibkarların istəyini təmin edəcəklər. İnşaallah, ümidlə gedirik Sumqayıta", – Yusif Məmmədov deyir.

Sahibkarların dediyinə görə, indiyə kimi heç bir qurumdan belə ümidverici cavab eşitməyiblər.

Ana səhifəVideoSumqayıtlı sahibkarlara Prezident Administrasiyasından ümidverici cavab