Sumqayıtda aktyorlar maaşlarının gecikdirildiyini deyirlər

Mənbə: Sumqayıt Dövlət Dram Teatrı

Teatrın bir qrup əməkdaşı nazirə müraciət edib

Sumqayıt Dövlət Dram Teatrının bir qrup aktyoru mədəniyyət naziri Anar Kərimova video müraciət
ünvanlayıb.

Onların müraciəti əməkhaqlarının azlığı və gecikdirilmə ilə verilməsi, həmçinin artıq bir neçə aydır ki, direktorsuz fəaliyyət göstərən teatra rəhbərin təyin olunması ilə əlaqədardır. Əməkdar artist Rauf Ağakişiyev müraciətində deyib ki, kollektivin maaşı bir neçə aydır gecikdirilir:

“Aylardır maaşlarımızı gecikmə ilə alırıq. Hazırda teatrın direktoru vəzifəsini icra edən Vidadi Məmmədov müəyyən bir vaxt keçəndən sonra əmr verir, biz maaş alırıq. Maaşlarımız gecikdiyi üçün banklara olan ödənişlərimiz gecikir, üzərinə faiz gəlir”.

“Biz hər gün burada tamaşa oynayırıq. Teatrın gəliri hara gedir, bizi maraqlandırmır. Bizim maaşlarımızı versinlər. Əməkhaqqımız 320-440 manatdır. Bunu hamımız bilirik ki, bugünkü iqtisadi vəziyyətdə, bahalaşmada bu maaşla dolanmaq qeyr-mümkündür. Ailəmizi dolandıra bilmirik. Amma biz fədailərik, öz həyat yolumuzu seçib, 30-40 ildir ki, bu teatrda çalışırıq. Hərəmizin də 50-60-a yaxın yaşımız var”, – aktyor deyib.

Aktyor həmçinin teatra yeni rəhbərliyin təyin olunması məsələsindən də danışıb:

“Teatrı yaşada biləcək, fədailərin qayğısına qala biləcək, ümumiyyətlə, mədəniyyəti, teatrı dərindən bilən bir kadr istəyirik. Maaşın gecikməsi ilə əlaqədar direktor müavininə müraciət edirik. Deyir ki, nazirlikdən əmr gəlməlidir, sonra maaşlar verilməlidir. Mədəniyyət Nazirliyinin saytından əlaqə nömrəsini götürüb zəng etdik. Onlar da dedilər ki, bura nazirlik deyil və biz məcburiyyət qarşısında bu videomüraciəti çəkməli olduq”.

Sumqayıt Dövlət Dram Teatrının direktor müavini, Əməkdar artist Vidadi Məmmədov isə Meydan TV-yə deyib ki, maaşların verilməsində gecikmə olmayıb:

“Teatrda rəsmi maaş gecikməsi olmayıb. Nazirlik əməkhaqlarını ötən həftənin sonu köçürüb, hesaba pul oturub. Gecikmələr teatrda direktor səlahiyyətlərini icra edən adamın olmaması ilə əlaqədardır. Direktor olsaydı, əməkhaqları elə həmin gün də həll olunacaqdı. Elə məsələlər var ki, mütləq direktorun imzası
olmalıdır. Ötən gün məndən ərizə alındı ki, müvvəqqəti bu işləri icra edim”.

Vidadi Məmmədov aktyorların müraciətindən xəbəri olmadığını deyib:

“Müraciətdən xəbərim olsaydı, bunun əksinə olardım. Teatrın adının yaradıcılıqla hallanması yaxşıdır”. Mədəniyyət Nazirliyi məsələyə münasibət bildirməyib.Sumqayıt Dövlət Dram Teatrının direktoru Mübariz Həmidov 2022-ci ilin mayında təqaüd yaşının çatması ilə əlaqədar vəzifəsindən ayrılıb.

Mübariz Həmidov 2018-ci ildən etibarən Sumqayıt Dövlət Dram Teatrının direktoru olub.Sumqayıt Teatrı 1968-ci ildə yaradılıb. Əvvəllər Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı olub. 1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatr Sumqayıt Dövlət Dram teatrı adlandırılıb.Hazırda teatrda 45-ə yaxın aktyor çalışır.

Ana səhifəXəbərlərSumqayıtda aktyorlar maaşlarının gecikdirildiyini deyirlər