Sulutəpə sakinləri: Evlərimizi, həyətlərimizi su basıb, tədbir görülmür

Səbəb yaxınlıqdan keçən su borusunun partlamasıdır

Source: Meydan TV

“Dünən səhər qəfil məhəllələrə sel kimi su gəldi. Bir anın içində bütün həyətləri, evləri dizdən yuxarı su basdı. Hələ də suyun içindəyik. Nə edəcəyimizi, necə edəcəyimizi bilmirik. Təzə gəlin gətirmişəm, bahalı mebelləri suyun altında qaldı. Mətbəxi təzə təmir etdirmişdik, təzə mebellər düzdürmüşdük, hamısı suyun altında qalıb. Hələ də suyu gəlib çəkməyiblər. Dünəndən deyirlər, Fövqəladə Hallar Nazirliyi xüsusi qurğu gətirib suyu çəkəcək, hələ də gəlməyib. Bunların zərərini bizə kim ödəyəcək? Bu baş verənlərin cəzasını kim çəkəcək?”

Noyabrın 15-də səhər saat 9-da Aşağı Sulutəpənin bir-birinə yaxın olan məhəllələrini su basıb. 6 saylı orta məktəblə üzbəüzdə yerləşən Ruslan Allahverdiyev küçəsi və ətraf küçələr keçilməz olub, evlərdəki, həyətlərdəki əşyalar su altında qalıb. Həmin küçənin sakini Gülnarə Əkbərova subasma nəticəsində əşyalarına ciddi maddi zərər dəydiyini deyir.

Image from iOS (1).jpg
Sulutəpə sakinləri: Evlərimizi, həyətlərimizi su basıb, tədbir görülmür

“50-dən çox həyət suyun altında qalıb”

Başqa sakin Kəmalə Əliyeva danışır ki, yaşadığı ünvanı su basanda evdə olmayıb:

“Səhər uşaqları məktəbə yola salıb avtobusa mindim, iki dayanacaq o tərəfə -mağazaya getdim, qayıdanda gördüm həyət-baca suyun altında qalıb, aləm bir-birinə dəyib. Gecə evdə qalmamışıq. Həyət dizəcən suyun içindədir deyə, qapını açıb evə girə bilmirik. Elə ailələr var ki, təkcə həyətini yox, evini də su basıb. 50-dən çox həyət-baca bu vəziyyətdədir”.

Xocəsən bələdiyyəsinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, “Azərsu” ASC-nin nümayəndələri məhəllələrdə olublar, sakinlərə tezliklə tədbirlər görüləcəyini deyiblər. Ancaq sakinlərin Meydan TV-yə demələrinə görə, artıq ikinci gündür ki, sulardan əziyyət çəkirlər və heç bir tədbir görülməyib.

“Qaynar xətdən dedilər ki, lazım olsa, gələcəklər”

“Dünəndən gəlib, dayanıb tamaşa edirlər, deyirlər, boru düzəlməsə, suyu qurutmağın mənası yoxdur, yenə su gələcək. İş orasındadır ki, bunlar suyu çəkib qurutma işləri aparmırlar, üstünə su yığıldıqca, bizə daha çox zərər dəyir. Dünən su dizə qədər idi, bu gün dizdən yuxarıdır. Dünən Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt”inə iki dəfə zəng vurduq, birinci zəngimizdə bir xanım dedi, qeydiyyata aldıq, tədbir görüləcək, saatlar keçdi, gələn olmadı, ikinci zəngimizə başqa bir xanım kobud cavab verdi, dedi, “bayaq zəng vurmusuz, şikayətiniz qeydə alınıb, lazım olsa, gələcəklər”, – sakinlər deyir.

Xocəsən bələdiyyəsindən Meydan TV-yə bildirilib ki, su borusunda baş vermiş qəza nəticəsində su axıntısı yaranıb və bir neçə həyəti su basıb. “Azərsu” ASC-nin qəza xidməti borudakı problemi aradan qaldırmağa çalışır. Həyətlərdəki suları qurutmaq üçün texnika gətirilib. Tezliklə problemlər tamamilə həll olunacaq.

Meydan TV müxbiri son anda yenə sakinlərlə əlaqə saxlayıb, sakinlər bildirib ki, ərazidə texnika yoxdur, su axıntısı davam edir. Aradabir bələdiyyə işçiləri məhəllələrə gəlib, vəziyyətə baxıb gedirlər.

Qeyri-iş günü olduğu üçün “Azərsu” ASC və Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat almaq mümkün olmayıb.

Ana səhifəBölgəSulutəpə sakinləri: Evlərimizi, həyətlərimizi su basıb, tədbir görülmür