Seymur Həzi

Mənbə: Meydan TV

Başlıq: Seymur Həzi

Sülh sevməyən “sülhməramlı”

Rusiya tərəflərə demək istəyir ki, savaşı kim udsa da, mən kimin əlini qaldırsam, qalib odur

11 saatlıq Moskva danışıqları Qarabağ münaqişəsi tarixində bir dəfəyə ən uzun sürən görüşdür. Uzun görüşdür, amma nəticə etibarıilə razılaşdırılan məqamlar, çox qısa əməl olunan məqamlar isə demək olar ki, yoxdur. Rusiya Xarici işlər naziri tərəfindən humanitar atəşkəs adlandırılan bu razılaşmanın mürəkkəbi quruyan müddət qədər belə qüvvəyə minə bilməməsi bir qədər də düşünməyə vadar edir.

Diplomatik gərginlik

11 saatlıq görüş ərzində Türkiyə rəsmiləri bir neçə dəfə yüksək səviyyələrdə açıqlama verərək heç bir atəşkəsin olmayacağını dilə gətirdilər. Bu, əslində Azərbaycan tərəfinə bir mesaj idi. Bu mesaj həm də ona hesablanmışdı ki, Rusiya Azərbaycanı tam sıxmağın mümkün olmayacağını anlasın. Şimal diplomatiyasında bu cür eyhamlar hansı müddətə və necə başa düşülür? bunu demək çətindir. Amma Azərbaycan mesajı təbii ki, başa düşürdü. Bununla belə, Rusiyanın yaxın məsafəsinə yaxınlaşmaq səhvi başqa manevr imkanlarını məhdudlaşdırırdı. Azərbaycan dövlət başçısının “Paşinyan Putinə sağ ol desin ki... “ ilə başlayan cümləsi əslində bu danışıqların və nəticənin an yaxşı şərhidir. İlham Əliyevin nə baş verdiyini təsəvvür etmədiyini düşünmək yersiz olardı. Çünki bir neçə gün öncə, onun özü tv proqramda bu danışıqlara və atəşkəsə cəhdin məqsədini ifşa etmişdi. Ona görə də İlham Əliyevin sonradan müsahibəsində ermənilərin bu işğalı Rusiyanın açıq köməyi ilə etdiyini, Rusiyanın Ermənistana pulsuz silah verdiyini açıq deməsi diqqətdən qaçmamalıdır. Amma yeni sual doğuran məqam odur ki, İlham Əliyev bütün bunları bilə-bilə Rusiyanın tərtib etdiyi diplomatik xəritə ilə hərəkət etməyə niyə razılıq verdi? Bunun cavabını indi axtarmaq fikrində deyiləm.

Lavrov “tək, kontrabasda”

Bəli, üç diplomat 11 saat gərgin danışıqlar aparır. Amma nəticə elan olunarkən onlardan mühüm ikisi- münaqişə tərəfləri media və ictimaiyyət qarşısına çıxmırlar. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bu danışıqlardan sonra media önünə çıxmamalarının hansı səbəbləri ola bilərdi? Əlbəttə, buradan aydın olur ki, “razılaşdırılan” məqamlar tərəflərdən ən azından birini qane etməyib. Məntiqlə, bu tərəf Azərbaycan olmalıdır. Çünki işğala məruz qalan və məhz bu formatda təklənən tərəf Azərbaycandır. Ermənistan razılaşmaya bilərmi? Bəli. Çünki Paşinyan artıq atəşkəsin Kremlin ona qarşı planlarının işə düşməsi üçün bir nəfəslik olduğunu bilir. Nəinki bilir, ölkənin idarə olunmasında bunu görür. Ona görə də itkilərə rəğmən belə atəşkəsi qəbul edə bilmir. Azərbaycan tərəfi elan etmək istəmədiyi kağıza imza atıbmı? İmza atıbsa, onu niyə elan etmədi? Bütün hallarda görünən odur ki, Lavrovun elan etdiyi razılaşma münaqişə tərəfləri arasında atəşkəsi təmin etməkdən daha çox dünyanın diqqət mərkəzində olan Moskvanın imicini xilas etmək deklorasiyası idi. Çünki bu sənəd sadəcə elan xarakterli idi və elandan bir addım qabağa getmək imkanı olmadı. Azərbaycan sənədin elan olunduğu ilk üç gün ərzində müdafiə olundu və Gəncə şəhərinə raket hücumları dinc insanların faciəsi ilə nəticələndi. Azərbaycan isə Paşinyanın telefonlardan asılı qalmaqda sülh istəmədiyini bir daha nümaiş etdirdi.

Müharibə əhvalı

Başqa bir məqam da diqqəti çəkir ki, müharibə elitasını devirib, Paşinyanı hakimiyyətə gətirən erməni cəmiyyəti onun yenidən qana susamasını dəstəkləmir. Azərbaycanda isə demək olar ki, bütün cəmiyyət birmənalı şəkildə işğala son qoyulması üçün birləşib. Hökumətin son günlər tənqid olunduğu yeganə məqam Paşinyanın atəşkəsi pozmasına lazım olduğundan artıq təmkinli yanaşmasıdır. Bu baxımdan mənəvi haqqlı olmaq Azərbaycan tərəfinə ciddi üstünlüklər əldə edir.

Sülh məramı...

Rusiyanın 11 saatlıq diplomatik xırman açmasının məqsədi müharibəni sovurmaq deyildi, təbii ki. Rusiya tərəflərə demək istəyir ki, savaşı kim udsa da, mən kimin əlini qaldırsam, qalib odur. Dünyaya isə mesajı budur ki, yalnız mən onların arasında durmaqla sülhə nail ola bilərəm. Yəni Rusiya sülhməramlıları bölgəyə gəlməsə, çətin ki, qalıcı sülh olsun. Bu isə bölgənin inkişafı üçün planları olan AB üçün arzuolunmaz nəticələr doğura bilər. Eyni zamanda Rusiya bölgəyə heç kimi buraxmamaq üçün balansın tez-tez dəyişməsi ilə münaqişənin qaynar qalmasında maraqlı ola bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/sft6yg

Ən çox baxılan