”Standard & Poors” agentliyi SOCAR-ın reytinqini azaldıb

“Yaxın 2 il ərzində SOCAR-ın reytinqinin yüksəlməsi sual altındadır”

Source:


“Yaxın 2 il ərzində SOCAR-ın reytinqinin yüksəlməsi sual altındadır”

“Standard & Poors” (S&P) beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini “BB” səviyyəsindən “BB-“ səviyyəsinədək azaldıb.

Agentliyin yaydığı məlumatda bildirilir ki, reytinq üzrə proqnoz stabildir.

S&P SOCAR-ın uzunmüddətli korporativ kredit reytinqini “CreditWatch Negative” siyahısından çıxarıb.

Agentlik hesab edir ki, SOCAR-ın yüksək və artan borclanmasından irəli gələn risklərin kompensasiyası üçün dövlət dəstəyi kifayət qədər olmaya bilər və bu reytinqin aşağı salınmasına səbəb olub.

Bununla yanaşı, S&P qeyd edir ki, SOCAR dövlətin neft-qaz sektorunda əsas aktivi olduğu üçün zərurət yarandığı halda hökumət dövlət şirkətinə lazımi dəstəyi verəcək.

S&P SOCAR-ın Azəri-Çıraq-Günəşli layihəsində payının 11,6%-dən 25%-dək artırılmasını şirkətə verilən davamlı dəstəyin bariz nümunəsi kimi dəyərləndirir.

Bundan başqa, agentlik qeyd edir ki, ölkənin bank sektorunun zəifləməsi SOCAR-a da neqativ təsir edib. Buna baxmayaraq, S&P iddia edir ki, “Azərbaycan Beynəlxalq Bank” ASC-nin xarici öhdəliklərinin restrukturizasiyasının SOCAR-a təsiri məhduddur.

SOCAR-ın xarici öhdəliklərinin kifayət qədər böyük hissəsinin ABŞ dollarında ifadə olunmasına diqqət çəkən S&P bildirir ki, bu, dövlət şirkətini valyuta risklərinə məruz qoyur.

Buna baxmayaraq, S&P vurğulayır ki, SOCAR-ın likvidliyi idarəolunan səviyyədədir.

S&P hesab edir ki, yaxın 2 il ərzində SOCAR-ın reytinqinin yüksəlməsi sual altındadır. Bunun əsas səbəbi kimi şirkətin öhdəliklərinin yüksək olması göstərilir.

S&P-in açıqlamasını Meydan TV-yə şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, adətən reytinq agentlikləri SOCAR-ın reytinqlərini hökumətin reytinqinə bağlayırlar.

“Bununla əlaqədar hökumətin reytinqləri aşağı düşəndə dövlətə məxsus şirkətlərin reytinqlərində də bu amilı öz əksini tapır. Bundan başqa neftin qiyməti son bir ildə artıma doğru getsə də, Azərbaycanda hasilat kifayət qədər azalır. Bu azalma təqribən 9-10 faiz civarında olub ki, bu da reytinq göstəricilərinə təsir edən amildir”.

Ana səhifəXəbərlər”Standard & Poors” agentliyi SOCAR-ın reytinqini azaldıb