Sovet tarixinin ən böyük fırıldağı: saxta hərbi hissə

Belə bir avantüranın başlanğıcda ifşa olunması ehtimalı daha çox idi.

Foto: Meydan Tv


Təkcə 1948-1952-ci illərdə hərbi hissə müxtəlif təşkilatlarla 38 milyon rubl dəyərində 64 müqavilə imzalayıb, 25 milyon rubl nağdlaşdırılıb

1952-ci ildə SSRİ Nazirlər Sovetinin sədr müavini Kliment Voroşilovun adına bir şikayət məktubu daxil oldu. Şikayətçi hərbi hissədə işləyən mülki vətəndaş idi. O bildirirdi ki, çalışdığı Hərbi Tikinti İdarəsi adlı (rusca adının abbreviaturası ilə UVS) hərbi hissədə dövlət istiqrazları almaq üçün pul yığılıb, amma daha az dəyərdə istiqraz verilib.

Məktub Baş Hərbi Prokurorluğa göndərildi. Burada şikayət olunan hərbi hissənin ünvanını öyrənmək üçün Müdafiə Nazirliyinə müraciət olundu. Alınan cavabda nazirliyin siyahısında belə bir hissənin olmadığı bildirilirdi. O zaman prokurorluq Dövlət Təhklükəsizlik Nazirliyinə müraciət etdi və oradan da eyni cavab gəldi.

Sonrakı araşdırmalar inanılmaz, ağlasığmaz, heyrətamiz bir faktı ortaya qoydu: hər kəsin və hər şeyin total nəzarətdə olduğu bir ölkədə qapalı ərazisi, şəxsi heyəti, döyüş bayrağı, bir neçə şəhərdə şöbələri, polkovnik Nikolay Pavlenko adlı komandiri olan saxta hərbi hissə fəaliyyət göstərir.

***

Rusiya imperiyasında 1861-ci ildə təhkimçilik hüququ ləğv edildi. Bu, kəndlilərə şəxsi azadlıqla yanaşı iqtisadi fəaliyyət azadlığı da verdi. Kəndlilərin çox hissəsi buna hazır deyildi, kimisi bacarıqsızlıdan, kimisi tənbəllikdən, kimisi də əyyaşlıqdan. Yalnız ən zəhmətkeşləri, ən bacarıqlıları öz təsərrüfatlarını böyüdə və zənginləşə bildilər, onları da sovet dövründə qolçomaq adı ilə ya güllələdilər, ya da Sibirə sürgün etdilər.

Kiyev yaxınlığındakı Novi Sokoli kəndində 1908-ci ildə, 1912-ci ildə və ya 1914-cü ildə anadan olduğu deyilən Nikolay Pavlenkonun atası da qolçomaq idi və ailəsi ilə birlikdə sürgün edilmişdi. Amma Nikolay bəxtindən bu hadisədən 2 il əvvəl, 1928-ci ildə doğma kəndlərini tərk edərək Minskə getmişdi.

O, ilk saxtakarlığına məhz bu zaman imza atır. Sovet qaydaları mənşəcə “istismarçı siniflər”dən olanlara ali təhsil almağa imkan vermirdi. Pavlenko kasıb kəndli balası olması haqqında arayış düzəldir və Belarusiya Politexnik İnstitutunun inşaat mühəndisliyi fakültəsinə daxil olur.

Amma iki il sonra hansısa səbəblərdən təhsilini yarımçıq qoyur. Bəzi mənbələrdə işləyib pul qazanmaq istədiyi üçün bunu könüllü etdiyini, bəzilərində orta təhsili olmadığı üçün oxumaqda çətinlik çəkməsini yazırlar, hətta qolçomaq oğlu olmasının aşkara çıxdığını iddia edənlər də var. Hər halda Pavlenko Tula vilayətinin Yefremov şəhərində peyda olur və tikintidə işləməyə başlayır.

Pavlenkonun 1930-cu illərə aid bioqrafiyasında elə də maraqlı bir şey yoxdur. Təkcə onu deyim ki, bu dövrdə NKVD-yə casusluq edir, bəzi iş yoldaşlarından donos yazır, vəzifəsi də get-gedə yüksəlir. Almaniya SSRİ-yə hücum edəndə o, artıq sahə rəisi işləyirdi.

Müharibənin ilk günlərində Pavlenko 1-ci dərəcəli hərbi texnik (baş leytenantın analoqu) rütbəsi ilə orduya çağrılır və ən ağır döyüşlərin getdiyi Qərb hərbi dairəsinə göndərilir. Buradakı bütün sovet hərbi hissələri kimi qəhrəmanımızın hərbi hissəsi də ağır zərbələr alır və böyük itkilər verə-verə geri çəkilir.

1942-ci ilin yazında Pavlenkonu aerodrom tikintisinə ezam edirlər. Amma onun özünü bir daha təhlükəyə atmaq kimi bir fikri yox idi. O, sürücüsü ilə birlikdə köhnə xidmət yerindən gedir, təzə yerinə isə gəlmir. Cütlük Kalinin (indiki Tver) şəhərində peyda olur. Burada Nikolayın həyatına təsir göstərən iki ciddi hadisə baş verir.

O, əvvəlcə Zinaida adlı qızla tanış olur və onunla evlənmək qərarına gəlir. İkinci hadisə isə onu adi fəraridən kitablara düşəcək cinayətkara çevirdi. Yenicə tanış olduğu Lüdviq Rudniçenko adlı birisi bir dəfə ona öz məharətini göstərmək qərarına gəlir: bıçaqla ayaqqabının dabanında sovet gerbi əks olunan möhür düzəldir. Heyrətə gələn fərari hərbi texnik onun bu istedadından necə yararlanmaq barədə düşünür.

***

Pavlenkonun ideyası Rudniçenkonun bacarığından heç də daha az heyrətamiz deyildi. O, saxta hərbi hissə yaratmaq qərarına gəlmişdi. Rudniçenkoya dövlət gerbi və “Hərbi-tikinti işləri sahəsi – 5” yazılan möhür və buna uyğun ştamp hazırlamağı tapşırır. Bundan sonra daha yüksək səviyyəli birliklərin möhür və ştampları hazırlanır, yerli tipoqrafiyada rüşvət müqabilində xüsusi blanklar çap edilir.

Bütün əsas ərzaq məhsullarının kartoçka ilə olduğu, kütləvi aclığın hökm sürdüyü bir vaxtda Pavlenko bir neçə banka ət konservi müqabilində lazım olan bütün addımları atır: bankda hesab açılır, Kalinin tikiş fabrikindən Rudniçenko və məsələdən xəbərdar digər “zabitlər” üçün hərbi forma alınır.

Müharibənin ilk dövrü SSRİ üçün həddindən artıq ağır keçdiyindən idarəçilikdə xaos hökm sürürdü. Əsgərlər taqımlarından, bölüklər taborlarından, alaylar diviziyalarından ayrı düşmüşdülər. Buna görə də UVSR-5 adlı hissənin Kalinində haradan peyda olması ilə maraqlanılmadı. İki ay alman işğalı altında olmuş şəhərdə boş bina tapıb qərargah düzəltmək, eləcə də sahibsiz qalmış texnikaya yiyələnmək də çətin olmur.

Özünə 2-ci dərəcəli hərbi mühəndis (mayor) rütbəsi verən Pavlenko saxta blankda yazılan və saxta möhür vurulan məktubla müvafiq qurumlara müraciət edir və hissəsinin ərzaq və geyim təchizatına alınmasına nail olur. Eyni şəkildə Kalinin hərbi komissarığından yeni çağrılan və ya öz hərbi hissələrindən ayrı düşən əsgərlərin UVSR-5-ə göndərilməsi istənilir. Tezliklə hissəyə 80 əsgər göndərilir. Onlar əlbəttə ki, saxta hərbi hissədə xidmət etmələrindən xəbərsiz idilər.

Pavlenkonun saxta hərbi hissəsi ilk sifarişlərini elə Kalinində alır. Şəhər və ətrafı qısa müddət işğalda olsa da, xeyli görüləcək işlər vardı. 1942-ci ilin payızından etibarən isə sovet ordusu hücuma keçərək işğal altındakı torpaqları tədricən azad etməyə başlayır. Bu zaman Pavlenko haqlı olaraq hesab edir ki, arxa cəbhədəki hərbi hissə SMERŞ kimi əks-kəşfiyyat qurumunun diqqətini cəlb edə bilər. UVSR-5 də sovet ordusunun arxasınca, amma cəbhə xəttindən təhlükəsiz məsafədə qərbə doğru irəliləməyə başlayır.

Xarabazara çevrilmiş ölkədə tikinti ilə məşğul olan hərbi hissələrə böyük ehtiyac vardı. Ön xətlə arxa cəbhənin kommunikasiyasının bərpası üçün şosse və dəmir yollarının, körpülərin, eləcə də aerodromların və digər hərbi infrastrukturun təcili təmir olunması zəruri idi. Buna görə də UVSR-5 sifariş cəhətdən korluq çəkmirdi. Görülən işlərin müqabilində yüzminlərlə vəsait isə bank hesabına yığılırdı.

Müharibənin sonunda özünü polkovnik edən Pavlenkonun artıq UVR-5 (hərbi işlər idarəsi – 5) adlanan saxta hərbi hissəsində 300-ə qədər adam qulluq edirdi. Onun tikinti texnikası və avtomobil qarajı da xeyli genişlənir. Almaniyaya qədər gedən hissə burada hərbi ehtiyaclar adı altında xeyli əmlak müsadirə edir. Buraya iribuynuzlu mal-qaradan avtomobillərə qədər, traktor və qoşqulardan motosiklet və velosipedə qədər, tikiş maşınlarından müxtəlif ərzağa qədər daxil idi. Bütün bunlar 30 vaqona yüklənərək Kalininə göndərilir.

Daha yüksək vəzifəli zabitlərin köməyi nəticəsində UVR-5 hərbçiləri 230 orden və medala layiq görülürlər. Pavlenko özü Qırmızı ulduz, I və II dərəcəli Vətən müharibəsi ordenlərini alır. Hərbi hissənin saxtalığından xəbəri olmayan hərbçilər bundan sonra tərxis edilirlər. İndiyə qədər üzünə gülən bəxtini daha təhlükəyə atmaq istəməyən Pavlenko Almaniyadan gətirdiyi qənimətləri satandan sonra əlaltılarını səxavətlə mükafatlandırır və hərbi hissəni buraxır.

Amma gen-bol yaşamağa öyrəşən, artıq məşuqəsi də olan Pavlenkonun özünə götürdüyü pullar tezliklə tükənir. O, 1948-ci ildə “hərbi karyerasını” davam etdirmək qərarına gəlir və köhnə ortaqları ilə yenidən əlaqə yaradır. Bu dəfə UVS (hərbi tikinti idarəsi) adlanan hissənin qərargahı əvvəlcə Lvovda, sonra Kişinyovda yerləşirdi. Artıq sınaqdan çıxardığı metodlarla Pavlenko saxta hissəyə çağırışçıların göndərilməsinə nail olur.

Müharibədən çıxan ölkənin hər yerində tikinti işləri gedirdi. Pavlenko da bundan yaxşı istifadə edir. Ucuz işçi qüvvəsi olan əsgərləri sutkada 10-12 saat işlədir və sifarişləri sürətlə yerinə yetirir. Saxta hərbi hissənin şöbələri SSRİ-nin bütün qərb respublikalarını əhatə edir. Dövlət bankının müxtəlif şöbələrində 21 cari hesab açılır.

Amma Pavlenko bu dəfə əlaltılarının intizamına nail olmaqda çətinlik çəkirdi. Müharibə dövründə hərbi hissə komandiri tabeliçiyindəkiləri güllələyə də bilərdi və bu, intizamın qorunmasında ciddi rol oynayırdı. İndi isə belə deyildi və əslində Pavlenko çarəsiz durumda idi.

Bütün bu heyrətamiz avantüranın sonunu məhz intizamsızlıq gətirdi. Zabitlərdən biri işçilərə vəd olunan istiqrazları tam ödəmədi və onlardan biri Moskvaya şikayət etdi. Noyabrın 14-də həyata keçirilən əməliyyat nəticəsində saxta hərbi hissənin qaravulu tərki-silah edildi, komandirdən başqa bütün şəxsi heyət həbs olundu (saxta hərbi hissədə qulluq etmələrindən xəbərsiz olanlar sonradan buraxıldılar). Gizlənməyə macal tapan Pavlenko 9 gün sonra ələ keçdi.

***

Saxta hərbi hissə ilə bağlı istintaqa o zaman Moldova Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədr müavini, 1963-1967-ci illərdə Azərbaycan DTK-nın sədri olacaq Semyon Sviqun rəhbərlik edirdi. İstintaq iki il sürdü, cinayət işi 164 cildi əhatə edirdi.

Müəyyən edildi ki, təkcə 1948-1952-ci illərdə hərbi hissə müxtəlif təşkilatlarla 38 milyon rubl dəyərində 64 müqavilə imzalayıb, 25 milyon rubl nağdlaşdırılıb. Saxta hərbi hissənin 6 minik və 62 yük avtomobilinə, 100-dən artıq atıcı silaha malik olması aşkar edildi. Axtarışlar zamanı 13 saxta möhür və ştamp tapıldı.

Məhkəmə qarşısına 17 nəfər çıxarıldı. Beş ay sürən proses zamanı Pavlenko pis bir iş tutmadığını, müharibənin dağıtdığı ölkənin dirçəlməsinə töhfə verdiyini bildirir, əgər imkan yaradılarsa bu işə davam edəcəyini söyləyirdi. Amma onun bu arqumentləri qəbul olunmadı.

1955-ci il aprelin 4-də məhkəmə Nikolay Pavlenkonu güllələnməyə, Lüdviq Rudniçenkonu 20 il, digərləri isə 5-15 il müddətinə həbs cəzasına məhkum edildilər. Pavlenko barəsində hökmün icra tarixi dəqiq məlum deyil. Bununla da sovet tarixinin ən böyük fırıldağına son qoyuldu.

***

Bəşər tarixində insanı heyrətə salan fırıldaqlar, kələklər, avantüralar çox olub. Kimisi özünü ölmüş şahzadənin əvəzinə qələmə verib və taxt-taca yiyələnib, kimisi Eyfel qülləsinin, kimisi İstanbulun boğaz körpüsünü satıb. Əvvəlcə qatil və quldur olan şəxs sonra Roma papası olub, həqiqi pullardan fərqlənməyən saxta əskinaslar hazırlayanlar, milyonlarla insanı aldadaraq maliyyə piramidası düzəldənlər olub.

Amma Sovet İttifaqı kimi, xüsusən Stalin dövründə total nəzarətin və qorxunun hökm sürdüyü bir ölkədə saxta hərbi hissəni yaradılması və uzun müddət fəaliyyət göstərməsi inanılmaz təsir bağışlayır. Bununla belə, digər tərəfdən məhz həmin qorxu hərbi hissə ilə maraqlanmaq, barəsində sual vermək, məlumat toplamaq kimi işlərdən uzaq durmağa sövq edirdi.

Belə bir avantüranın başlanğıcda ifşa olunması ehtimalı daha çox idi. Proses baş tutandan sonra isə darvazasında qırmızı ulduzların həkk olunduğu, komandiri bayramlar zamanı tribunada partiya və hökumət rəhbərləri ilə yanaşı duran, bütün atributlara malik hərbi hissənin saxtalığından şübhələnmək həmin avantüranın özü qədər ağlasığmaz idi.

Ana səhifəXəbərlərSovet tarixinin ən böyük fırıldağı: saxta hərbi hissə