Sovet-alman müharibəsinin başlanması

İyunun 22-də İkinci cahan savaşının ən əhəmiyyətli dövrünün – sovet-alman müharibəsinin başlanmasının növbəti ildönümü tamam oldu

Source:
İkinci Dünya Müharibəsindən foto
İkinci Dünya Müharibəsindən foto

İyunun 22-də İkinci cahan savaşının ən əhəmiyyətli dövrünün – sovet-alman müharibəsinin başlanmasının növbəti ildönümü tamam oldu. Müharibənin ilk ayları Sovet İttifaqı üçün fəlakətli nəticələrə səbəb oldu: ordu ağır itkilər verərək sarsıdıcı məğlubiyyətlərə uğrayır, nəhəng ərazilər düşmənin nəzarətinə keçirdi.

Sonralar bu hadisələri almanların guya əzici üstünlüyü qarşısında obyektiv proses kimi qələmə verməyə çalışılırdı. Halbuki gerçəklik heç də belə deyildi. Ağır məğlubiyyətlər müharibədən öncə və onun başlanmasından sonra buraxılan kobud səhvlərin nəticəsi idi.

Savaşdan öncəki illərdə sovet hərbi doktrinası ölkə ərazisinin işğal altına düşməsini, əməliyyatların sovet ərazisində aparılması versiyasını inkar edirdi. Müharibə “özgə ərazisində və az qanla” aparılmalı idi. Lakin gerçəklik doktrinadan fəlakətli surətdə fərqləndi.

İyunun 22-də saat 07.15-də müdafiə naziri marşal Timoşenko orduya göndərdiyi direktivdə sovet ərazisinə soxulmuş qüvvələrin darmadağın edilməsini əmr edir, lakin “xüsusi göstəriş olmadan quru qoşunlarının sərhədi hələ keçməməsi”ni tapşırırdı. Halbuki həmin vaxtda almanlar sovet ərazisinə onlarla kilometr irəliləmişdilər və irəliləməkdə davam edirdilər. Almanları SSRİ-dən çıxarmaq üçün 3 ildən artıq vaxt lazım olacaqdı.

Savaşın başlamasından cəmi iki gün sonra, iyunun 24-də Vilnüs almanlar tərəfindən zəbt edilən ilk paytaxt şəhəri oldu. 1 həftə sonra almanlar artıq bütün Litvaya nəzarət edirdilər. İyunun 28-də Minsk, iyulun 1-də isə Riqa vermaxtın nəzarətində idi.

Sovet qoşunları canlı qüvvə və texnika sarıdan da ciddi tələfatla üzləşirdilər. Hərbi əməliyyatların təkcə ilk günü böyük əksəriyyəti elə aerodromda olmaqla 1200 sovet təyyarəsi məhv edilmişdi. 20 gün davam edən döyüşlərdən sonra vermaxt müxtəlif istiqamətlərdə sovet ərazisinin 500-600 kilometr dərinliklərinə qədər irəliləmişdi. 28 sovet diviziyası tamamilə darmadağın edilmişdi, 72 diviziya isə öz canlı qüvvəsinin və texnikasının 50%-dən çoxunu itirmişdi.

Həmçinin 9,5 min top, 12 min minomyot, 6 min tank itirilmişdi. Müqayisə üçün qeyd edək ki, SSRİ-yə müdaxilədə Almaniya və müttəfiqlərinin cəmi 4100 tankı iştirak edirdi. 200 hərbi anbarın düşmənin əlinə keçməsi nəticəsində sovet əsgərləri ciddi silah, sursat, yanacaq və ərzaq çatışmazlığı hiss edirdilər. Hərbi əməliyyatların başlanmasından 3 ay sonra, sentyabrın axırlarında sovet hərbi əsirlərinin sayı 2 milyona yaxınlaşırdı və almanlar artıq Moskvaya yaxınlaşmışdılar. Leninqrad isə sentyabrın əvvəllərindən artıq blokadada idi.

İkinci Dünya Müharibəsindən foto
İkinci Dünya Müharibəsindən foto

Yazılanlar sovet hərbçilərinin göstərdiyi qəhrəmanlıq nümunələrinə kölgə salmaq cəhdi kimi qiymətləndirilməməlidir. Bu qəhrəmanlıqlar haqqında çox yazılıb və böyük əksəriyyəti gerçəklikdir. Hərbi əməliyyatların bəzi sahələrində bütün əlverişsiz şərtlərə baxmayaraq, düşmənə ciddi müqavimət göstərilir, onun irəliləməsini günlərlə ləngidirdilər. Lakin SSRİ-nin siyasi və hərbi rəhbərliyinin buraxdığı kobud səhvlər nəticəsində belə nümunələr savaşın gedişinə ciddi təsir göstərmirdi. Əksinə, ciddi müqavimət göstərən hərbi hissələr mühasirəyə düşürdülər. Nümunə olaraq, Kiyevi müdafiə edən qüvvələri göstərmək olar. Burada 650 mindən çox sovet hərbçisi mühasirəyə düşərək əsir götürüldü.

Sonralar sovet rəsmiləri və tarixşünaslığı bu dəhşətli məğlubiyyətləri əsasən 2 səbəblə – almanların qəfil hücumu və ciddi kəmiyyət və keyfiyyət üstünlüyü ilə – izah etməyə çalışırdılar. Lakin əsl səbəblər daha dərin idi və onları açıqlamaq siyasi cəhətdən düzgün hesab olunmurdu. Bu məqalədə, bizim fikrimizcə, əsas olan səbəbləri göstərməyə çalışacağıq.

Öncə sovet rəsmilərinin göstərdikləri səbəblərə toxunaq. Təbii ki, hücum edən, xüsusən də qəfil hücum edən tərəf müəyyən üstünlüyə malik olur. Lakin bu üstünlüyü həlledici hesab etmək olmaz. Hücum üstünlüyü yalnız müharibənin ilk günlərində daha çox əhəmiyyətlidir. Əgər bu ilk günlər ərzində müdafiə olunan tərəf ciddi səhvlərə yol vermirsə, üstünlük tezliklə aradan qalxır. Məhz SSRİ siyasi və hərbi rəhbərliyi tərəfindən buraxılan səhvlər almanların müvəqqəti üstünlüyünü daha qalıcı etdi.

Digər tərəfdən, düşmənin hücumunun qəfil şəkil almaması üçün kəşfiyyat mövcuddur. 4 milyondan çox canlı qüvvəni, xeyli sayda texnikanı gizli şəkildə sovet sərhədinə yerləşdirmək mümkün deyildi. Əgər bu, baş tutubsa, kəşfiyyatın yarıtmaz işindən xəbər verir. Lakin aşağıda bu mövzudan bəhs edərkən günahın kəşfiyyatda deyil, yenə rəhbərlikdə olduğunu görəcəyik.

Almanların kəmiyyət və keyfiyyət üstünlüyü iddiası isə ümumiyyətlə əsassızdır. Almanlar və onların müttəfiqləri yalnız canlı qüvvə baxımından 1,4:1 nisbətində üstünlüyə malik idilər. Bu da sırf hərbi əməliyyatların aparıldığı regiona aiddir. Sovet İttifaqının digər ərazilərdəki hərbi hissələri döyüş bölgəsinə göndərmək imkanı və səfərbərlik potensialı almanlara nisbətən qat-qat çox idi.

Texniki cəhətdən isə üstünlük birmənalı olaraq sovetlərin tərəfində idi. Bu gün də müxtəlif mənbələrdə müxtəlif rəqəmlərə rast gəlmək olar. Lakin texniki üstünlüyün Qırmızı ordunun tərəfində olması artıq inkar edilmir. Bu rəqəmləri təxmini və bir qədər yuvarlaq nisbətdə götürsək, sovet ordusunun artilleriyada 1,5 dəfə, tanklarda 3 dəfə, aviasiyada isə 2 dəfə üstün olduğunu söyləmək olar. Təkrar olaraq qeyd etmək istəyirəm ki, söhbət sırf hərbi əməliyyatlar teatrından gedir. Texnikanın ümumi sayını götürsək, sovetlərin üstünlüyü daha böyük idi.

Almanların guya hərbi texnikanın keyfiyyəti baxımından üstün olmaları (bu zaman əsasən tanklar nəzərdə tutulur) iddiası da əsassızdır. 1943-cü ildə Tiger və Panther tankları ortaya çıxana qədər sovet tankları xarakteristikalarına görə alman maşınlarını üstələyirdilər.

Məğlubiyyətləri əsaslandırmaq üçün səslənən fikirlərdən biri də Almaniyanın SSRİ-yə tək deyil, müttəfiqləri ilə birlikdə hücum etməsi arqumentidir. Halbuki müttəfiqlərin Almaniyaya köməyi cüzi idi. Digər tərəfdən, həmin qüvvələr heç də yüksək döyüş keyfiyyətləri ilə fərqlənmirdilər. Əvəzində Almaniya işğal etdiyi ölkələrə nəzarəti qorumaq üçün xeyli qüvvə ayırmalı olmüşdu. Üstəlik, əhəmiyyətli sayda silahlı qüvvə də Şimali Afrika cəbhəsində ingilislərə qarşı döyüşürdü. Deməli, Almaniyanın Avropanı işğal etməsi onu silahlı qüvvələrini gücləndirən deyil, parçalayan amil idi.

Nəhayət, almanların Avropada qazandıqları savaş təcrübəsinin ciddi rol oynadığı iddia oluna bilər. Bu fikirdə həqiqət payı yox deyil. Lakin bu zaman nəzərə almaq lazımdır ki, son illərdə sovet ordusu da Uzaq Şərqdə və Finlandiyada hərbi əməliyyatlarda iştirak etdiyindən döyüş təcrübəsinin olmamasından şikayət edə bilməzdi.

Müharibənin ilk dövründəki sarsıdıcı məğlubiyyətlərin bir çox səbəbi vardı. Bunlardan birincisi, 1936-1940-cı illərdə qırmızı orduda aparılan “təmizləmə”, yəni repressiyalar idi. Bu repressiyalar nəticəsində sovet ordusunun xüsusən yüksək komandir heyəti dəhşətli itkilərə məruz qalmışdı.

Göstərilən illər ərzində 3 marşal, 5 nəfər 1-ci ranq ordu komandiri (SSRİ-də 1940-cı ilə qədər general rütbəsi yox idi), 13 nəfər 2-ci ranq ordu komandiri, 60 korpus komandiri, 138 diviziya komandiri, 2 nəfər 1-ci ranq ordu komissarı, 16 nəfər 2-ci ranq ordu komissarı, 27 korpus komissarı, 85 diviziya komissarı repressiyalara məruz qalmışdılar. Donanmada da vəziyyət fərqli deyildi. Burada 20 nəfər ən yüksək rütbələrə malik dənizçi repressiya qurbanı olmuşdu.

Sadalanan şəxslərdən tək-tükü sonradan azad edilərək yenidən hərbi xidmətə cəlb edildilər. Bir neçə nəfər də müddətli cəzalarını çəkib azadlığa çıxdılar. Böyük əksəriyyət isə güllələndi və ya digər şəkildə (intihar, işgəncələr nəticəsində ölüm) həyatlarını itirdilər.

Sonralar ələ keçirilən alman sənədlərindən məlum oldu ki, bu repressiyaların başlanmasında alman xüsusi xidmət orqanlarının SSRİ-yə ötürdüyü saxta sənədlərin ciddi rolu olub. Məqsəd isə sovet ordusunun zəiflətmək olub. Stalin hakimiyyəti də almanların bu gözləntilərini artıqlaması ilə həyata keçirdi.

Yüksək rütbəli hərbçilərin məhv edilməsi ilə onların yerini daha hazırlıqsız şəxslər tuturdu. Bir çoxu qısa müddət ərzində hərbi ierarxiyada 2-3 pillə irəliləyirdilər.

Batalyon komandiri 1-2 ildən sonra artıq diviziyaya rəhbərlik edirdi, onun yerini isə hərbi məktəbi az öncə bitirmiş leytenant tuturdu. Belə qeyri-təbii prosesin ordunun döyüş səviyyəsinə mənfi təsirini təsəvvür etmək yəqin ki, çətin deyil.

İkinci Dünya Müharibəsindən foto
İkinci Dünya Müharibəsindən foto

Sovet İttifaqı marşalı A.Vasilevski sonralar yazırdı:

“37-ci ilsiz mümkündür ki, 41-ci ildə müharibə ümumiyyətlə olmayaydı. Hitlerin 1941-ci ildə müharibəyə başlamasında bizim hərbi kadrların darmadağınına verilən qiymət böyük rol oynadı”. Repressiyalar nəticəsində müharibənin ilk dövründə sovet hərbisində alman generalitetinə bərabər düha qalmadı. Bu sırada hətta Jukov, Rokossovski, Konev, Vasilevski və digər görkəmli sərkərdələr də istisna deyildilər. Onların xidməti ondadır ki, almanlardan aldıqları dərsləri yaxşı mənimsədilər və qısa müddət sonra onlarla bərabər səviyyədə döyüşdülər.

Stalin repressiyaları kəşfiyyatdan da yan keçmədi. Sovet kəşfiyyatının və əks-kəşfiyyatının bir çox rəhbəri 1937-1938-ci illərdə güllələndilər. Xaricdə fəaliyyət göstərən çoxlu kəşfiyyatçı da Moskvaya çağrılıb güllələnirdi. Bəzi kəşfiyyatçılar isə çağırışa cavab verməyərək geri dönməkdən imtina edir, Qərbdə sığınacaq alırdılar. Yaponiyada fəaliyyət göstərən əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin də bir neçə çağırışdan müxtəlif bəhanələrlə imtina etməsi haqqında məlumatlar mövcuddur.

Analoji vəziyyət təbiidir ki, sovet kəşfiyyatının və əks-kəşfiyyatının güclənməsinə xidmət etmirdi. Əksinə, olduqca önəmli bir zamanda xarici kəşfiyyat demək olar ki, tamamilə darmadağın edilmişdi. Belə olan halda almanların hərbi hazırlıqları barədə məlumat azlığı təəccüb doğurmamalıdır. Əks-kəşfiyyatın zəifliyi isə müharibənin ilk aylarında alman diversantlarının fəaliyyəti ilə özünü xüsusi ilə büruzə verdi.

Repressiyalar hərbi sahədə çalışan alimləri də əhatə edirdi. Sonralar “Katyuşa” adını almış reaktiv artilleriya qurğularının əsasını qoymuş alimlər İ.Kleymenov, G.Lanqemak 1938-ci ildə güllələndilər. Görkəmli aviakonstruktor A.Tupolev, sonralar sovet kosmonavtikasının atası sayılacaq C.Korolyov müharibəni həbsdə qarşıladılar. Hərbi müəssisələrə rəhbərlik edən xeyli sayda mütəxəssislər də məhv edildilər. Casusluqda, ziyankarlıqda ittiham olunan bu insanların əslində bir “günah”ı vardı: onları sovet ordusunun silahlandırılmasına rəhbərlik edən və güllələnmiş 3 marşaldan biri olan Tuxaçevski irəli çəkmişdi.

Döyüş hazırlığı işində ciddi nöqsanlara yol verilmişdi. Marşal Jukov öz xatirələrində yazır ki, təlimlər zamanı əsas diqqət hücum əməliyyatlarına ayrılırdı: “İri strateji-əməliyyat miqyasında müdafiənin, geri çəkilmənin həyata keçirildiyi təlimlər mənə məlum deyil”. Uzun müddətli və geniş teatrda müdafiənin aparılması, hətta geri çəkilmə kimi versiyalar sovet siyasi və hərbi rəhbərliyi tərəfindən yaxına buraxılmırdı. Hesab olunurdu ki, sovet ordusu yalnız qısa müddətdə və lokal məkanda müdafiəyə keçə bilər. Geri çəkilmək versiyası isə ümumiyyətlə ağlagəlməz sayılırdı.

1939-cu ildə SSRİ Almaniya ilə birlikdə Polşanın işğalında və ərazisinin bölüşdürülməsində iştirak etmişdi. Bununla da Qərb sərhədlərini 200 km-ə qədər uzatmışdı. Özlüyündə bu ölkənin müdafiəsi üçün müsbət hal kimi görünə bilər. Lakin gerçəklikdə əksi baş verdi.

Əvvəla, Polşanın ortadan qaldırılması (eləcə də Pribaltika respublikalarının SSRİ tərəfindən ilhaqı) ilə Almaniya və SSRİ həmsərhəd dövlətə çevrildilər. Bu isə ölkənin təhlükəsizliyi üçün heç də yaxşı hal deyildi. Sərhədi Qərbə çəkməkdənsə, Polşa kimi bufer dövlətin mövcudluğu daha təhlükəsiz idi.

Digər tərəfdən əvvəlki sərhəd yaxınlığında tikilmiş və “Stalin xətti” adlandırılan müdafiə istehkamları tərk edildi, yeni sərhədlər yaxınlığında “Molotov xətti” inşa edilməyə başlandı. Lakin almanlar hücum edərkən bu istehkam xətti hələ istifadəyə verilməmişdi. Beləcə, sovet qoşunları nə köhnə, nə də yeni istehkam qurğularından istifadə edə bilmədilər.

Hücumun gözlənilməz olması haqqında versiyaya qayıdaraq bir sənədi təqdim etmək istərdim. SSRİ xalq daxili işlər komissarı L.Beriya 12 iyun 1941-ci il tarixli sənəddə həmin il mayın 1-dən iyunun 10-a qədər alman təyyarələrinin sovet hava sərhədini 91 dəfə pozduğunu yazır. “Bəzi hallarda alman təyyarələri bizim ərazimiz üzərində 100 km və daha çox, xüsusən də müdafiə istehkamlarının tikildiyi, qırmızı ordunun böyük qarnizonlarının yerləşdiyi məntəqələr üzərindən uçurlar”, – deyə qeyd olunurdu.

Beriyanın məlumatından aydın olur ki, hər gün 2-3 təyyarə sovet sərhədlərini pozub kəşfiyyat aparırmış. Məgər bu faktın özü Almaniyanın təcavüzə hazırlaşmasına sübut deyildimi? Digər tərəfdən, istər sovet kəşfiyyatının repressiyadan qurtulan qalıqları (Zorge kimi), istərsə də nasizmə nifrət edən digər qüvvələr vermaxtın SSRİ üzərinə hücum edəcəyi barədə məlumatları sovet rəhbərliinə çatdıra bilmişdilər. Lakin almanların Avropada qazandıqları triumfal hərbi qələbələr Stalinin gözünü o qədər qorxutmuşdu ki, qoşunları hərbi hazırlıq vəziyyətinə gətirməklə onları “qıcıqlandırmaq” istəmirdi. Halbuki, aydındır ki, SSRİ kimi böyük dövlətin üzərinə hücum “qıcıq” deyil, hərtərəfli düşünülmüş əməliyyat planı əsasında həyata keçirilə bilərdi.

Tarixşünaslıqda olan alternativ versiyaya görə, Stalin Almaniyanın üzərinə hücuma keçməyi planlaşdırırdı. Bu versiyanı təsdiq edən ciddi sübutlar mövcud deyildir. Onun tərəfdarları daha çox dolayı sübutlara istinad edirlər. Bunlardan ən mühümü də çoxlu sayda sovet qoşunlarının sərhədə yaxın yerləşdirilməsidir.

Məhz bu dislokasiya səbəbindən müharibənin ilk günündə xeyli sayda aviasiya elə aerodromda məhv edilmişdi. Xüsusi Qərb Hərbi Dairəsinin hərbi-hava qüvvələri (HHQ) iyunun 22-də 528-i yerdə olmaqla 738 təyyarə itirmişdi. Hərbi dairənin HHQ komandanı, Sovet İttifaqı Qəhrəmanı İvan Kopets bu itkilər səbəbindən özünü güllələyərək intihar etdi.

Sərhəd yaxınlığında dislokasiya olunmuş bir çox hərbi hissələr (Belostok çıxıntısı və d.) savaşın ilk günlərində mühasirəyə düşdülər və bütün cəhdlərinə baxmayaraq, çıxa bilmədilər. Müharibənin başlanmasından 20 gün sonra alman Baş Komandanlığının məlumatında təkcə Belostok və Minsk mühasirəsində içində generallar da olmaqla 324 min həbrçinin əsir götürüldüyü, 3332 tank, 1809 top ələ keçirildiyi bildirilirdi.

Hərbi anbarların ələ keçirilməsinin fəsadları haqqında yuxarıda yazmışdıq. Onu əlavə edək ki, Almaniya quru qoşunlarının Baş qərargah rəisi F.Qalderin qeydlərinə görə müharibənin ilk aylarında sərf olunan yanacağın 1/3 hissəsi sovet anbarlarında ələ keçirilən qənimət hesabına kompensasiya olunurdu.

Savaşın ilk günlərində sovet rəhbərliyinin reallıqla barışmayaraq “hərbi əməliyyatları özgə ərazidə aparmaq” doktrinasını həyata keçirmək cəhdi vəziyyəti daha da ağırlaşdırdı. Almanları sovet ərazisindən vurub çıxarmaq məqsədilə tank qüvvələri və artilleriya hissələri ikinci eşalondan döyüş bölgələrinə göndərildi. Sovet aviasiyasının məhv edilməsi nəticəsində səmada hegemonluq edən Luftvaffe (alman aviasiyası) üçün bu hissələr asan hədəf oldular. Nəticədə onların çoxu döyüşən hissələrə yetişmədən məhv edildilər.

SSRİ-nin Almaniyaya hücuma hazırlaşması versiyasının nə qədər həqiqət olması hələ də qaranlıqdır. Lakin əgər belə bir hazırlıq yox idisə, qoşunların dislokasiyası cinayətə bərabər səhlənkarlığın nəticəsi idi.

Sadalananlardan əlavə bir çox tarixi əsərdə qoşunların silahlandırılması ilə bağlı, bəzi silah növlərinin yararlılığının (və ya yararsızlığının) qiymətləndirilməsində ciddi nöqsanların olması haqqında fikirlərə rast gəlmək olur. Lakin bu mövzu spesifikasına görə daha xüsusi ixtisaslaşma tələb etdiyindən toxunmuruq. Zənnimizcə, yuxarıda sadalananlar da savaşın ilk aylarında SSRİ-nin ağır məğlubiyyətlərinin heç də obyektiv səbəblərdən doğmadığını, buraxılan ciddi səhvlərin nəticəsi olduğunu isbat edir.

Ana səhifəXəbərlərSovet-alman müharibəsinin başlanması