Sonqmi qətliamı

Onlar burada sağ qalan sakinlərlə, o cümlədən xilas etdikləri qrupda olan qadınlar və öz helikopterlərində təxliyə etdikləri oğlanla görüşdülər.

Foto: Meydan Tv


Amerika ictimai fikrinə bu hadisədə kimin cinayətkar, kimin qəhrəman olmasını dərk etmək üçün xeyli vaxt lazım gəldi

1968-ci il. On yeddinci paralel üzrə iki yerə bölünən Vyetnamda müharibə davam edir. Artıq kommunistlərin nəzarətində olan Şimali Vyetnam SSRİ və xüsusən də Çindən aldığı hərbi yardıma güvənərək Cənubi Vyetnamı da ələ keçirmək istəyir. Cənubi Vyetnamdakı rejimə isə ABŞ kömək edir. Daha doğrusu, 1965-ci ildən bilavasitə onun tərəfində vuruşur. Bəhs etdiyimiz dövrdə Vyetnamdakı ABŞ hərbi qüvvələrinin sayı yarım milyonu ötüb.

Bu müharibənin özəlliyi onda idi ki, burada aydın cəbhə xətti, tərəflərin nəzarət etdiyi ərazilər yoxdu. Vyetnamlılar partizan müharibəsi aparırdılar. Onlar heç gözlənilməyən yerlərdə peyda olur, düşməni tələfata uğradır və qeyb olurdular. Amerikalılar ən ağlagəlməz yerlərdə pusqularla, minalarla üzləşir, heç zaman özlərini təhlükəsizlikdə hiss etmirdilər. Belə müharibədə uğur ərazi ələ keçirməkdə deyil, sadəcə düşmənin canlı qüvvəsini bacardıqca çox məhv etməkdən ibarət olur.

Vyetkonq (Vyetnam konq şan – Vyetnam kommunisti) adı verilən partizan qüvvələrinin 48-ci batalyonu Kuanqnqay vilayətində fəaliyyət göstərirdi. Martın ortalarında Amerika hərbi komandanlığa həmin batalyonun müəyyən hissələrinin Sonqmi icmasında yerləşməsi barədə informasiya daxil oldu. Bu hissələri məhv etmək üçün amerikalıların Barker hədəf qrupu adlı hərbi birliyi plan hazırladı.

Əməliyyatda iştirak edəcək hissələrdən biri olan Çarli bölüyünün komandiri Ernest Medina əsgərlərinə verdiyi təlimatda yerli sakinlərin səhər tezdən bazara yollanacaqlarını, kənddə qalanların isə ya Vyetkonq üzvü, ya da onların tərəfdarı olacaqlarını söylədi. Buna görə də kənddə "yeriyən, sürünən və bitən" nə varsa məhv edilməli idi. Partizanların istifadə edə bilməməsi üçün heyvanlar öldürülməli, ərzaq yandırılmalı, quyular doldurulmalı idi.

***

Sonqmi bir neçə kəndin icmasının ümumi adı idi. Bu kəndlər içində Milay, Mixe, Tukunq nisbətən daha iriləri idilər. Martın 16-da səhər saatlarında Çarli bölüyünün icmadan qərb tərəfdə helikopterlərdən enərək irəliləməsilə əməliyyat başladı. Əsgərlərin gözünə heç bir partizan dəymədi, kimsə onlara atəş açmadı. Buna baxmayaraq, onlar gözlərinə dəyən silahsız sakinləri gülləbarana tutdular.

Milay kəndinə girən əsgərlər buradakı komaların içinə əl qumbarası atmağa və qaçmağa çalışan sakinləri güllələməyə başladılar. Bu zaman onların kişi, qadın və ya uşaq olmaları nəzərə alınmırdı. Şahidlərdən birinin sonralar istintaqa verdiyi ifadəyə görə, bəzən analar öz övladlarını qorumaq üçün bədənlərilə üzərilərini örtürdülər. Lakin sağ qalan uşaqlar bir şey anlamadıqlarına görə onların altından çıxaraq ayağa qalxır və beləcə növbəti güllələrə tuş gəlirdilər. Bir çox gənc qadınlar isə əvvəlcə kütləvi şəkildə zorlandılar, sonra öldürüldülər. Kəndlərin birində əsgərlər məbədin önündə diz çökərək xilas üçün yalvaran 15-20 vyetnamlı gördülər. Onların hamısı elə həmin vəziyyətdə başlarına güllə sıxılaraq öldürüldülər. Başqa bir kəndin kənarında gizlənən 50 nəfərlik qrup avtomat silahlardan açılan atəşlə qətl edildi.

Baş verənlər dünyanın sonunu xatırladırdı. Hər tərəf alovlanırdı və hər tərəfdən ölüm yağırdı. Sağ qalmağı bacaran tək-tük sakinlərdən biri, Pam Ti Tuan adlı qadın bu hadisədən 50 il sonra deyirdi ki, indi də yuxusunda amerikalıların gəldiyini görəndə qışqırıb oyanır.

Həmin vaxt əsgərlər onların komasına girərək Pam Ti Tuanın özünü, iki qızını, atasını, anasını, bacısını və iki qardaşını çəltik sahələrini sulamaq üçün nəzərdə tutulan kanalın yanına aparmış, diz üstdə çökərək əllərini qaldırmalarını əmr etmişdilər. Atəş açılarkən isə Pam Ti Tuan qızlarını qucaqlayaraq kanala yıxılır.

"Qızlarıma pıçıldadım ki, tərpənməsinlər və sussunlar. Onlar elə sakit durmuşdular, bir an mənə elə gəldi ki, onlar həqiqətən ölüblər. Bu dəhşət idi! Onların öldüyünü düşünəndə az qaldı özüm qışqırım. Əgər qışqırsaydım, məni də öldürərdilər", – deyə Pam Ti Tuan xatırlayır. Onlar ən çox bəxti gətirənlərdən idilər, ailələrindən tam 3 nəfər sağ qurtuldu. Qətllərdə ABŞ əsgərlərinin hamısı iştirak etmirdi. Şahid ifadələrinə görə, əsgərlərin təxminən 1/3- bunu edirdi. Ancaq digərləri onları durdurmaq üçün heç nə etmirdilər, etiraz bildirmirdilər. Yalnız bir nəfərdən başqa.

***

Hyu Tompson yüngül Hiller OH-23 Raven helikopterinin pilotu idi. Sonqmidə əməliyyat keçirilən vaxt bort mühəndisi Qlenn Andreotta və pulemyotçu Lourens Kolbernlə birlikdə ərazi üzərində müşahidə məqsədilə uçuş keçirirdi. Onlar dinc sakinlərin meyidlərini gördükdə əvvəlcə artilleriya atəşi ilə öldürüldüyünü düşünürlər. Ancaq bu zaman Tompson və dostları yaralı halda yerdə uzanan bir qadının kapitan Ernest Medina tərəfindən soyuqqanlı şəkildə güllələndiyini görürlər. Yenə də nə baş verdiyini qavraya bilməyən Tompson suvarma kanalında onlarla meyid aşkar edir. O, bundan sonra Barker qrupunun mənzil-qərargahı ilə əlaqə saxlayaraq "Mənə elə gəlir ki, burada müdhiş sayda gərəksiz qətllər həyata keçirilir. Hər yer meyidlərlə doludur", – deyə məruzə edir.

Yerə enən Tompsonla Çarli bölüyünün 1-ci taqım komandiri Uilyam Kelli arasında mübahisə baş verir. Pilotun etirazlarına cavab olaraq Kelli ona qarışmamağı və öz işi ilə məşğul olmağı məsləhət görür. Onlar arasında bu mübahisə gedərkən Kellinin tabeliyində olan bir serjant kanaldakı yaralıları güllələyir. Şoka düşən Tompson öz helikopterinə oturaraq havaya qalxır. Helikopter heyəti sahədə gizlənməyə çalışan bir qrup vyetnamlı ilə onları təqib edən amerikalı hərbçiləri müşahidə edir. Əsgərlərin onları da öldürəcəyini anlayan Tompson öz maşınını qaçanlarla qovanların arasında yerə endirir və Kolbernə əsgərlərin dayanmayacağı halda atəş açmaq əmri verir.

Özü helikopterdən enən Tompson vyetnamlıları təqib edən qrupun başçısı, leytenant Stiven Bruksa dinc sakinləri öldürməyə imkan verməyəcəyini bildirir. Onun qətiyyətini və üzərilərinə tuşlanmış pulemyotun lüləsini görən Bruks razılaşmalı olur. Daha böyük Bell UH-1İrokez helikopterlərindən ikisini ratsiya ilə köməyə çağıran Tompson 11 nəfər vyetnamlıdan ibarət olan qrupun təxliyəsinə nail olur.

Yenidən havaya qalxdıqda Qlenn Andreotta kanalda tərpəniş gördüyündən təkrar aşağı enirlər. Yerə atlayan Andreotta meyidlərin arasında kiçik bir uşağı sağ taparaq onunla geri qayıdır. Hiller OH-23 Raven helikopteri yalnız üç nəfəri daşımaq üçün nəzərdə tutulduğundan başqa heç kimi təxliyə edə bilməyən Tompson uşağı xəstəxanaya çatdırır. Bundan sonra o, Barker qrupunun mənzil-qərargahına uçaraq törədilən cinayət barədə komandanlığa məlumat verir. Yalnız bundan sonra Sonqmidəki hərbçilərlə əlaqə saxlanılaraq atəşin dayandırılması əmri verilir. Əraziyə qayıdan Tompson əmrin yerinə yetirilməsinə nəzarət edir və mülki yaralıların təxliyəsinə yardım edir. Sonqmidə heç bir partizanın öldürülməməsinə baxmayaraq, Barker qrupunun komandiri baş verənləri "düşmənin 128 nəfər tələfat verdiyi" əməliyyat kimi qiymətləndirdi. Vyetnamdakı ABŞ qüvvələrinin Baş komandanı, general Uilyam Uestmorlend "möhtəşəm əməliyyat" münasibətilə Çarli bölüyünü təbrik etdi.

***

1969-cu ilin martında tərxis olunan Ronald Ridenhur adlı hərbçi Konqres üzvləri və müdafiə nazirliyinin rəhbərliyi daxil olmaqla 30 nəfərə Sonqmi hadisəsindən bəhs edən məktublar göndərir. Ridenhur özü əməliyyatda iştirak etməmişdi, lakin pulemyotçusu olduğu helikopterlə bir neçə gün sonra icma üzərindən uçarkən dağıntıları, meyidləri görmüş, həmçinin digər şahidlərdən məlumat toplamışdı.

Onun müraciət etdiyi şəxslərin əksəriyyəti məktuba əhəmiyyət vermədilər. Yalnız Vyetnam müharibəsinin qəti əleyhdarı, nümayəndələr palatasının üzvü Mo Udall, senatorlardan 1964-cü ildə prezident Lindon Consonun rəqibi olan Barri Qolduoter və Edvard Bruk məktuba reaksiya vedilər. Onların təkidi sayəsində araşdırma başlanıldı. İlkin araşdırmalardan sonra qətllərdən adı ən çox hallanan leytenant Uilyam Kelli sentyabrda ABŞ-a çağrıldı və ona qarşı ittiham irəli sürüldü. Ancaq bu fakt bir müddət ictimaiyyətdən gizli qaldı. Yalnız noyabrda Associated Press agentliyi araşdırmaçı jurnalist Seymur Herşin Sonqmidə baş verənlər barədə məqaləsini paylaşdı. Bundan sonra bir çox mətbuat orqanları hadisəni işıqlandırdılar.

19118307_303.jpg
Sonqmi faciəsi

Sonqmiyə hücum edən dəstənin tərkibində olan fotoreportyor Robert Heberlinin o zaman iki fotoaparatı vardı. Ordu tərəfindən verilən aparatla ağ-qara, öz aparatı ilə rəngli şəkillr çəkirdi. Birinci şəkillər ordunun, ikinci şəkillər isə Heberlinin mülkiyyəti sayılırdı.

Qətliam ətrafında ajiotaj qalxandan sonra Heberli öz şəkillərini Klivlendin The Plain Dealer qəzetində ağ-qara şəkildə çap etdirdi və bundan sonra ABŞ-ın Life və Qərbi Almaniyanın Stern jurnallarına, İngiltərənin Sunday Times qəzetinə satdı. Bu şəkillər həqiqətən də dinc əhaliyə qarşı qətliam törədildiyini ortaya qoydu və faktın ört-basdır edilməsini mümkünsüz etdi.

Dekabrda Hyu Tompson nümayəndələr palatasının hərbi qüvvələr üzrə Komitəsində ifadə vermək üçün Vaşinqtona çağrıldı. O, burada təqdir əvəzinə tənbehlə üzləşdi. Xüsusən Komitənin sədri Mendel Rivers onu amerikalı əsgərlərə atəş açmaq əmrinə görə qınadı və bildirdi ki, bütün bu hadisədə cəzaya layiq olan yeganə şəxs məhz Hyu Tompsondur. Rivers bir müddət hətta Tompsonun məsuliyyətə cəlb olunması yönündə cəhdlər göstərdi, ancaq uğursuz oldu. Əksinə, pilot 1972-ci ildə Uçuş xidməti xaçı medalına layiq görüldü. Bu zaman onun xidməti "çarpaz atəş altında qalan uşağı xilas etmək" kimi ifadə olunurdu.

Vyetnamdakı ABŞ qüvvələrinin Baş komandanı Uilyam Uestmorlend isə hadisəni araşdırmağı öz dürüstlüyü ilə seçilən general Uilyam R. Pirsə həvalə etdi. Pirsin hazırladığı və obyektivliyə yetərincə yaxın olan hesabat dinc əhalinin öldürüldüyünü təsdiq edir, qətllərə və cinayətin ört-basdır edilməsinə görə 34 nəfərin məsuliyyətə cəlb olunmasını tövsiyə edirdi. Lakin araşdırmalar uzandıqca illər keçir və Sonqmi qətliamı ətrafında ajiotaj azalırdı. İttiham irəli sürülən 26 nəfərdən yalnız altısı məhkəmə önünə çıxarıldı, onlardan da Uilyam Kelli istisna olmaqla hamısına bəraət verildi. Leytenant Kellinin 22 nəfərin ölümündə günahkar olduğu sübut edildi və o, 1971-ci ilin martında ömürlük azadlıqdan məhrum olundu. Lakin cəmi 3,5 il sonra şərti azadlığa çıxdı.

***

Sonqmidə nə qədər adamın öldürüldüyü dəqiq məlum deyil. Vyetnam hökuməti 1 yaşdan 82 yaşa qədər 504 nəfərin öldürüldüyünü iddia edir. Onlardan 173 nəfər uşaq, 182 qadın (o cümlədən, 17 hamilə) və 149 kişidir. Sonunculardan altmışının yaşı 60-dan yuxarıdır. ABŞ rəsmi rəqəmlərinə görə, qurbanların sayı 347-dir. Ortalıq rəqəmlər göstərənlər də var. Amerika ictimai fikrinə bu hadisədə kimin cinayətkar, kimin qəhrəman olmasını dərk etmək üçün xeyli vaxt lazım gəldi. Uilyam Kelliyə çıxarılan hökmdən sonra Ağ evə gələn 5000 məktubda 100×1 nisbətində məhkuma mərhəmət istənilirdi. Rəyi soruşulanların 81%-i hökmü həddindən artıq sərt sayırdılar.

Hyu Tompson isə əksinə, həmvətənləri tərəfindən qınaqla üzləşirdi. Onun həmkarlarına silah çevirməsini və istintaqa ifadə verməsini satqınlıq kimi qiymətləndirirdilər. Sonralar o, müsahibələrinin birində deyirdi: "Telefonla ölüm təhdidləri alırdım. Səhərlər evimin artırmasında ölü heyvan cəsədləri tapırdım". Baş verənlərdən psixoloji sarsıntı keçirən Hyu alkoqolizmə yuvarlanır, ailəsi dağılır, 1983-cü ildə ordudan tərxis olunur.

Amerikanın ictimai həyatından yox olan Tompsonu Sonqmi haqqında sənədli film çəkmək istəyən ingilislər 1988-ci ildə çətinliklə tapırlar və 16 ildir əlaqəsi kəsilən heyət yoldaşı Lourens Kolbernlə görüşdürürlər (heyətin üçüncü üzvü Qlenn Andreotta Sonqmidən 23 gün sonra döyüşdə həlak oldu). Onlardan alınan müsahibədən "Milayda dörd saat" adlı sənədli filmdə istifadə olundu (Qərbdə hadisə daha çox insanın öldürüldüyü Milay kəndinin adı ilə tanınır).

1989-cu ildə ekranlara çıxan film və 3 il sonra çap olunan eyni adlı kitab Tompsonun heyətinin ictimai bəraətinə təkan verdi. Sonqmidən keçən 20 ildən artıq müddətdən sonra Amerika ictimaiyyəti onların hərəkətin artıq başqa cür qavradı və qürur duydu. Tompson və Kolbern bir neçə yerdə, o cümlədən ABŞ Hərbi akademiyasında (West Point) müharibə qaydaları haqqında mühazirə oxumağa dəvət olundular.

1998-ci ildə ABŞ hökuməti Hyu Tompsonu, Lourens Kolberni və Qlenn Andreottanı (ölümündən sonra) Əsgər medalı ilə təltif etdi. Bu mükafat qeyri-döyüş şəraitində göstərilən şücaətə görə ən yüksək hərbi mükafat sayılır. Təqdimat mərasimində çıxış edən general Maykl Akerman mükafatlandırılanların "bütün əsgərlər üçün standart" yaratdıqlarını qeyd etdi. Elə həmin il Tompson və Kolbern Sonqmiyə səfər etdilər. Onlar burada sağ qalan sakinlərlə, o cümlədən xilas etdikləri qrupda olan qadınlar və öz helikopterlərində təxliyə etdikləri oğlanla görüşdülər. Qəhrəman kimi qarşılanan qonaqlara yeni məktəbin açılışını həvalə etdilər.

***

Haqq etdiyi minnətdarlıqla uzun illərdən sonra üzləşən Hyu Tompsonda xərçəng xəstəliyi aşkar edildi. O, 2006-cı ilin yanvarında 62 yaşında vəfat etdi və hərbi ehtiramla dəfn olundu. Döyüş yoldaşının son nəfəsində yanında olan Lourens Kolbern təxminən 11 il sonra, 2016-cı ilin dekabrında 67 yaşında vəfat etdi. O da xərçəngdən əziyyət çəkirdi.

Göndərdiyi məktublarla siyasətçilərin diqqətini Sonqmi cinayətinə cəlb etməyi bacaran Ronald Ridenhur 1998-ci ildə həndbol oynayarkən ürək tutmasından vəfat etdi.

Qətliamın ictimailəşməsinə nail olan və buna görə 1970-ci ildə nüfuzlu Pulitser mükafatına layiq görülən jurnalist Seymur Herşin hazırda 82 yaşı, fotoreportyor Rene Heberlenin isə 79 yaşı var.

Sonqmi qətliamına görə məhkum olunan yeganə şəxs Uilyam Kellinin 76 yaşı var və son məlumatlara görə, Corciya ştatının Kolumbus şəhərində yaşayır. O, törətdiklərinə görə 2009-cu ildə ictimai şəkildə üzr istədi: "Elə gün olmur ki, mən Milayda baş verənlərə görə təəssüflənməyim. Öldürülən bütün vyetnamlılara və onların ailələrinə görə vicdan əzabı çəkirəm. Mən çox peşmanam".

Ana səhifəXəbərlərSonqmi qətliamı