“Supergüc” adlı film Rusiyanın keçirdiyi hərbi əməliyyatlarla bağlıdır
Amerikalı aktyor, kinorejissor və ssenarist Şon Penn çəkilişlərinə hələ 2021-ci ilin noyabrında başladığı “Supergüc” (“Superpower”) sənədli filminin təqdimatını 73-cü Berlin Film Festivalında edəcək.
Bu barədə “Deadline” məlumat verib.
Sənədli film Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyat haqqındadır.
“Supergüc” festivalın müsabiqədənkənar proqramı çərçivəsində Ukrayna hadisələrindən bəhs edən digər filmlərlə yanaşı göstəriləcək.
Berlin Beynəlxalq Film Festivalı fevralın 16-dan 26-dək keçiriləcək.
Rusiyanın başlatdığı hərbi əməliyyatlardan bir gün sonra, 2022-ci il fevralın 25-də Şon Penn Ukraynaya gedərək, Zelenski, Baş nazirin müavini İrina Vereşuk, həmçinin bəzi yerli jurnalist və hərbçilərlə görüşmüşdü.
“Rejissor hazırda Ukraynada baş verən bütün hadisələri lentə almaq və Rusiyanın ölkəmizə təcavüzü ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün xüsusi olaraq Kiyevə gəlib. Bu gün Ukraynanı dəstəkləyənlər arasında Şon Penn də var. Ölkəmiz ona belə cəsarət və dürüstlük nümayiş etdirdiyinə görə minnətdardır”, – Ukrayna hökumətinin yaydığı bəyanatında deyilirdi.
Şon Penn kinorejissor və aktyor olmaqla yanaşı, siyasi maraqları ilə də diqqət çəkir.
O, 2002-ci ildə “The Washington Post” qəzetinə külli miqdarda pul ödəməklə Amerikanın ovaxtkı prezidenti Corc Buşa açıq məktub yazıb.
Məktubda Amerika ordusunun İraqa girməsini və hökumətin siyasətini kəskin şəkildə tənqid edib.
Rejissor 2001-ci ilin 11 sentyabrında əkiz binalarda baş verən terrorla bağlı ərsəyə gələn filmin müəllifidir.
Amerikalılar rejisssorun layihəsini antiamerika ovqatında çəkilmiş film hesab edərək onu tənqid ediblər.
Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.
Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Rusiya Ukrayna arasındakı münaqişə yeni deyil.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.